Azərbaycan həm Qərb, həm də Şərq üçün mühüm əhəmiyyət kəsb edir

Tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında nəqliyyat-tranzit sahəsində əməkdaşlığa da xüsusi önəm verirlər. Xəzərə çıxışı olan, eyni zamanda, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Qırğızıstana Xəzər hövzəsində əhəmiyyətli mərkəzə çevrilən Azərbaycanın tranzit imkanlarından istifadə etmək üçün əlavə şərait yaradır.
Prezident İlham Əliyevin Qırğızıstandan sonra Qazaxıstana səfəri, bu ölkədə keçirilən toplantıda iştirakı Azərbaycanın türkdilli ölkələrin, xalqların birliyinə töhfəsinin davamıdır. Ümumiyyətlə, Azərbaycanın türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsində rolu xüsusilə seçilir. Bu gün Türk Dövlətləri Təşkilatının ölkələri arasında sıx və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Bu, yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahələrində deyil, bütün istiqamətlərdə, o cümlədən təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də özünü göstərir. Görünən odur ki, Azərbaycanın istər Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində, istərsə də Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti daha da artır. Bu isə Azərbaycanın müasir dövrün reallıqları çərçivəsində Qərblə Şərq arasında körpü statusunun daha da möhkəmlənməsidir.
Bu mötəbər toplantıda ölkə başçısı həm də Azəbaycanın yaşadığı problemlərə toxunub. Vurğulanıb ki, bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı ərazilərimizə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Hazırda mina problemi işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə ciddi şəkildə mane olur.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru