
Cari ilin dekabrın 10-da Serbiyanın Niş şəhərindəSerbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Dövlətimizin başçısı tədbirdə iştirak edib.
Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. İrəli sürülüb, icra olunan layihələr Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib. Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında bildirib ki, 2021-ci ildə Avropaya qaz ixracı 8 milyard kubmetrdən çox olubsa, bu il bu rəqəm təxminən 12 milyard kubmetrə çatacaq. Dövlət başçısı ölkənin enerji sahəsində gələcək planları barədə də məlumat verib.
Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında bildirib ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir.“Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”.
Eyni zamanda, Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib: “Gələcək planlarımız təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır və əsas bizim hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir. Qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı, regional əməkdaşlığa da güclü zəmin yaradır”.
Bolqarıstanın Prezidenti RumenRadev Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Cənubi-Şərqi Avropaya qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynadığının qeyd edib. Bildirib ki, bu gün Avropanın enerji xəritəsinin dəyişməsi fonunda Serbiya – Bolqarıstan interkonnektoru ümumi maraqların layihəsidir.
Aysel Mənsimova - politoloq