SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » `Təhsil Mafiyası` qarşısında aciz buraxılan valideynlər... - NƏ ETMƏLİ?

`Təhsil Mafiyası` qarşısında aciz buraxılan valideynlər... - NƏ ETMƏLİ?

Tarix:

5-12-2023, 20:02

/ 215 dəfə oxundu.
`Təhsil Mafiyası` qarşısında aciz buraxılan valideynlər... - NƏ ETMƏLİ?

Məktəblərdə müəllimlərin şagirdlərə əlavə dərs vəsaitləri aldırmaları ilə bağlı çoxsaylı müraciətlər olur. İbtidai siniflərdə iş dəftərlərini, yuxarı siniflərdə də Dövlət İmtahan Mərkəzinin test və ya digər vəsaitlərini almağı tələb edirlər. Əgər Azərbaycan təhsil sistemində tədris planının mükəmməl olduğu, dərsliklərin yüksək keyfiyyətlə hazırlandığı, dərs vəsaitlərinin proqramı mənimsəmək üçün yetərli olduğu, dünyanın qabaqcıl ölkələlərinin təcrübəsinə uyğun olduğu iddia edilirsə, o zaman valideyn nə üçün övladına əlavə dərslik almalıdır?! Övladının qarnını güc bəla ilə doyuran, geyim-keçimini birtəhər təmin edən valideyn hər il bu qədər vəsaiti necə alsın?! Bunu düşünən yoxdurmu?! Müəllim nazirliyin müəyyənləşdirdiyi tədris planına və ya bəh-bəhlə səsləndirilən kurrikulum qaydalarına nə üçün riayət etməməlidir?! Əgər tədris proqramı kifayət qədər əhatəli, dərsliklər də belə möhtəşəmdirsə, nə üçün müəllim, mövzunu öyrətmək üçün yardımçı vasitələrə ehtiyac duyur?! Bəzi müəllimlər hansısa firmalarla anlaşıb onların dərmanlarını reseptə yazan həkimlərə bənzəyir. Nazirlik qəti olaraq tapşırıq verməli, tədrisdən kənar vasitələrin məktəblərə ayaq açmasının qarşısı alınmalıdır.
Valideyn övladının inkişafı üçün vəsait xərcləyə bilər. Amma bu vəsaiti hansısa bacarığını müəyyənləşdirib onu idmana, musiqiyə və ya digər fəaliyyətlərə xərcləsə daha yaxşı olmazmı?! Hətta daha da dərinliyə gedəndə bu gün ölkədə dövlət hesabına fəaliyyət göstərən musiqi, idman məktəbləri də var. Bunun üçün belə böyük vəsait xərcləməyə ehtiyac yoxdur. Uzağı övladının dil, texnologiya bacarıqlarının inkişaf etdirilməsi üçün əlavə pul xərcləməlidir. Amma müşahidə etdiyimiz mənzərə çox acınacaqlıdır.
Problem bir-iki məktəbdə deyil. Əksəriyyətində belədir. Hətta şagird sıxlığı olan məktəblərdə də əlavə vəsait almaq tələb edilir. Bir nəfər də müəllimə demir ki, sinifdə 30 uşağın var, tədris ili boyunca dərs vəsaitini onlara öyrədib qurtara bilsən şükür etməli olduğun halda, əlavə vəsaiti keçməyə necə vaxt tapırsan?! Cavabı sadədir, yetirə bilmir və bu zaman da tətil günlərində 5-6 mövzunu birdən ev tapşırığı kimi uşaqlara yükləyir. Tətil məktəbin uşaqlar üçün yükünü, stresini azaltmaq üçündür, bütün günü dərs oxumaq üçün deyil. Bu, öyrətmə metodu ola bilməz. Uşağın sağlamlığı hər şeydən önəmlidir, amma bu gün artıq dərəcədə yükləməklə onların sağlam böyümələrinin, əyləncəyə vaxt ayırmalarının qarşısı alınır.
Yazıq valideyn uşağı digərlərindən seçilməsin deyə bu vəsaitləri almaq məcburiyyətində qalır. Bir model tətbiq olunmalıdır. Ya Elm və Təhsil Nazirliyinin vəsaitləri, ya da Dövlət İmtahan Mərkəzinin proqramı ilə dərs keçilsin, valideyn də işini bilsin.

Müəllif: Çingiz Səfərli
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Şərhlər

XƏBƏR LENTİ