SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın beynəlxalq əməkdaşlığının əsas istiqamətlərindən biri

Azərbaycanın beynəlxalq əməkdaşlığının əsas istiqamətlərindən biri

Tarix:

11-11-2023, 23:02

/ 813 dəfə oxundu.
Azərbaycanın beynəlxalq əməkdaşlığının əsas istiqamətlərindən biri

Azərbaycan Prezidenti cənab İlham Əliyev həyata keçirdiyi uğurlu xarici siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanın ən yaxın tərəfdaşları və dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Prezident İlham Əliyevin düşünülmüş, planlı, sistemli, strateji xarici siyasətinin nəticəsi kimi bu gün Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir, onların aparıcı üzvü kimi bu təşkilatların işinə töhfə verir, bəzi zamanlarda isə onlara rəhbərlik edir.
Azərbaycanın uğurla əməkdaşlıq etdiyi və aparıcı üzvlərindən olduğu təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Xatırladaq ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan bu quruma 1992-ci ildə üzv olub.
ECO-nun sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, kənd təsərrüfatı sahəsi, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 komitəsi var. Komitələr ildə bir dəfə bir araya gəlir. Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 
Ötən müddətdə Azərbaycan təşkilatın işində öz fəallığı ilə seçilib və təşkilata üzv olan digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Təşkilat üzvlərinə xas mühüm məqamlardan biri də təşkilata üzv dövlətləri ortaq tarixi, iqtisadi və siyasi maraqların birləşdirməsidir.
Azərbaycanın İƏT-in fəaliyyətinə daim öz töhfəsini verməsi, təşkilatın üzvləri ilə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi xarici siyasətimizin əsas istiqamətlərindəndir. Digər tərəfdən Azərbaycanın 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etməsi ECO nəzdində Azərbaycana olan etimadın göstəricisidir. Bu toplantılarda qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra siyasi, sosial-iqtisadi əlaqələrin əsas istiqamətləri, qarşılıqlı münasibətlərin prioritetləri öz əksini tapmışdır. Həmçinin Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi təsdiqlənməsi Azərbaycana olan etimadın daha bir göstəricisidir.
Möhtərəm Prezident İlham Əliyevin noyabr ayının 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı Zirvə toplantısında iştirak etməsi Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi əhəmiyyətin daha bir nümunəsidir.
Prezident İlham Əliyevin bu mötəbər toplantıda təşkilatın mühüm fəaliyyət istiqamətlərindən biri olan energetika sahəsi ilə bağlı çıxışında qeyd etdiyi kimi Azərbaycanın günəş və külək enerjisi ilə zəngin bir ölkə kimi ölkənin enerji ehtiyaclarının ödənilməsində bərpa olunan enerji ehtiyatlarına etdiyi və yaxın gələcəkdə, xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə hidroelektrik stansiyalarının istifadəyə verilməsi ilə bağlı planlaşdırdığı yatırımlar həm də İƏT-in işinə və onun qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsinə verdiyi önəmdən irəli gəlir.
Qeyd edilib ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bu gün bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
Qeyd edilib ki, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Hazırda Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir.
Təşkilata üzv dövlətlərlə təşkilatın fəaliyyət istiqamətlərinə uyğun qarşılıqlı əlaqələrin qurulması, onlarla iqtisadi əlaqələrin genişləndirilməsi, illik ticarət dövriyyəsinin artırılması, mövcud əlaqələrin daha da gücləndirilməsi istiqamətlərində Azərbaycan tərəfindən mütəmadi olaraq atılan addımlar, edilən təkliflər, göstərilən təşəbbüslər ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş kimi nüfuzunun artmasına töhfə verir.
 

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Şərhlər

XƏBƏR LENTİ