SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xalqın iradəsini və ölkəmizin maraqlarını daim uca tutan lider

Xalqın iradəsini və ölkəmizin maraqlarını daim uca tutan lider

Tarix:

10-10-2023, 10:53

/ 250 dəfə oxundu.
Xalqın iradəsini və ölkəmizin maraqlarını daim uca tutan lider

 
Azərbaycanın Dövlət Müstəqilliyinin  xilaskarı kimi  adını tarixə   qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyev  2003-cü ildə  xalqa müraciətində demişdi:  “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»
Cənab İlham Əliyev  2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin - seçicilərin 76 faizdən çoxunun səsini qazanaraq  Prezident seçildi. Keçirilən andiçmə mərasimində bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu siyasətə sadiqlik cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbəsini təkrarlamasını şərtləndirdi. Belə ki,  2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə  Prezident seçildi. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə  seçicilərin 84,54 faiz səsini,  2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə seçicilərin  86,02 faiz səsini qazanaraq yenidən   Prezident seçildi.
15 oktyabr 2003-cü il  prezident seçkilərində  Prezident seçilən cənab İlham Əliyev 31 oktyabr tarixində  andiçmə mərasimində  bildirmişdi: “Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”  
Uğurlarımızın  miqyasına və onların zirvəsində dayanan Zəfərimizə diqqət yetirdikdə böyük qürur hissi keçiririk. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi.  Prezident kimi ölkəmizə  rəhbərlik etdiyi dövrdə   bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq  ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki,  liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən böyük qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.
Dünyanın müxtəlif ölkələrinə  səpələnmiş soyddaşlarımızın bir amal – azərbaycançılıq ideyası ətrafında birliyi  dövlət başçısı  İlham Əliyevin siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalarası dialoq məkanı kimi tanındı. Azərbaycan Qərblə Şərqin qovuşağında yerləşən ölkə olaraq reallaşdırdığı layihələr, atdığı addımlar, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi.  
Keçən 20 il ərzində Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycana ən yüksək zirvələri fəth etdirdi. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır.  
Bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürən Azərbaycan, 30 ilə yaxın müddətdə  Qarabağ  münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də  iqtisadi imkanlara söykənərək, ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə  hərb meydanında mübarizəyə hazırlıq həyata keçirdi.  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki,  Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrilib. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu.  Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində  beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi.
44 günlük Vətən müharibəsindəki Şanlı Qələbədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda  daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayır.   Artıq Ermənistana 30 ildə havadarlıq edən dövlətlər də bu reallığı təsdiqləyir, öz bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirirlər.  
Azərbaycan dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı.   Şanlı Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətimizin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Düşünülmüş siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi.  Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı,  ərazi bütövlüyümüzün tam bərpası idi. 2023-cü il sentyabrın 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən zəruri olan tədbirin - Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi isə bi işləri başa çatdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
  Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya  cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə əyata keçirdiyi işlər nəticəsində işğaldan azad olunmuş ərazilərdə tam yeni infrastruktur yaradılır. İşğaldan azad olunmuş ərazilərdə icra olunan yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. «Ağıllı şəhər» «Ağıllı kənd» layihələri  reallaşdırılır. Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
 
 
 Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ