SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Quruculuq və bərpa ölkəmizin əsas hədəfləridir

Quruculuq və bərpa ölkəmizin əsas hədəfləridir

Tarix:

3-10-2023, 10:30

/ 302 dəfə oxundu.
Quruculuq və bərpa ölkəmizin əsas hədəfləridir

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif sahələrdə özünün yüksək cəhətləri ilə səciyyələnən modellərini yaradıb və bu modellər bütün dünyada nümunə kimi qəbul olunur. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş əraziləri də müasir standartlar səviyyəsində bərpa etmək niyyətindədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Qarabağı dünyanın ən gözəl guşəsinə çevirəcəyik. Burada hər bir iş - infrastrukturun qurulması, yaşayış məntəqələrinin salınması, əhalinin məskunlaşdırılması və s. planlı şəkildə reallaşdırılır. Ölkəmiz bu istiqamətdə daha yaxşı nəticələrə nail olmaq üçün dünyada tanınan qabaqcıl şirkətlərlə, ayrı-ayrı beynəlxalq təşkilkatlarla, o cümlədən BMT-nin müvafiq strukturları ilə əməkdaşlıq edir. 
Cari ilin sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən antiterror əməliyyatı, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin inkişafı, Böyük Qayıdış Proqramı, Ermənistanın otuz il ərzində ölkəmizə qarşı həyata keçirdiyi etnik təmizləmə və işğal siyasəti, 1992-ci ildən 2020-ci ilə qədər aparılan danışıqlar, ATƏT-in  Minsk Qrupu həmsədrlərinin ermənilərin işğal siyasətini gözardı etməsi və eləcə də Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı bir çox məsələlər haqqında geniş məlumat verdi.
Tədbirin işğaldan azad edilmiş ərazilərimizdən olan Zəngilanda keçirilməsi isə bütün iştirakçılara ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə sıfırdan necə böyük işlər görüldüyünü əyani şəkildə müşahidə etmək imkanı verir. 
Postmüharibə dövründə isə yaşayış məntəqələrinin bərpasında müasir şəhərsalma trendlərinə böyük önəm verilir. Zəngilan rayonunda yerləşən Ağalı kəndinin yenidən qurulmasında “Ağıllı kənd” konseptindən istifadə olunub. Hazırda belə yaşayış məntəqələri digər ərazilərdə də yaradılır. Eyni zamanda, indiyədək bir neçə şəhərin xarici mütəxəssislərin iştirakı ilə hazırlanan planı dövlətimizin başçısına təqdim olunub.
 Bu gün aydın görünür ki, ermənilərin xain, dağıdıcı xislətlərinə rəğmən, Azərbaycan xalqı qurub yaradan xalqdır. Bizi üç onillik ərzində işğal altında qalan müqəddəs torpaqlarımıza güclü mənəvi tellər bağlayır. Xalqımız üç onillik ərzində o torpaqlara qayıtmağın həsrəti ilə yaşayıb. Artıq bu həsrətə son qoyulub. Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun bütün döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirən Ordumuz 44 günlük Vətən müharibəsində bizə böyük Qələbə sevinci yaşatdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq isə bütün Qarabağ bölgəsində ölkəmizin suverenliyi tam təmin olunub.
Güclü və məsuliyyətli dövlət olan Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən bütün əraziləri dirçəltmək, xalqımıza layiq olan məskunlaşma həyata keçirmək əzmindədir. Deyə bilərik ki, postmüharibə dövründə Prezident İlham Əliyevin və xalqımızın əzmi ilə xarabalıqlar üzərində yeni bir Şuşa, Ağdam, Laçın, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər ucaldılır. Artıq ayrı-ayrı ünvanlara, o cümlədən Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə, Laçın şəhərinin özünə, Füzuli şəhərinə soydaşlarımızın uğurlu köçü baş tutub. Yaxın perspektivdə məskunlaşdırmanın miqyasının əhəmiyyətli dərəcədə genişlənəcəyi gözlənilir. Yeni yaranmış situasiyada tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi gözlənilir.  
Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirib ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar: "Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır".
Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
"Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib". 
Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edib. Qısa müddətdə bir neçə su elektrik stansiyası bərpa olunaraq istifadəyə verilib. Bəhs olunan ərazilər su ehtiyatları ilə zəngindir. Hazırda bu ehtiyatların səmərəli istifadəsinə hesablanan layihələrin icrası davam etdirilir.  İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə zəruri infrastruktur quruculuğunun nəticəsidir ki, elə bu günlərdə Xankəndinin də Azərbaycanın elektrik enerjisi sisteminə qoşulması təmin edildi. Hazırda suverenliyimiz təmin olunan Xankəndidə Azərbaycan işığı yanır.
 
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Şərhlər

XƏBƏR LENTİ