Sumqayıtın 42 saylı II seçki dairəsindən deputat seçilmiş Tahir Mirkişilinin adını jurnalistlərin əksəriyyəti eşitməyib
Amma təkcə media mənsubları deyil, seçicilərin də çoxu onu tanımır.
Bəziləri isə səsini seçkidə eşidib, bir də eşitməyiblər. Bu barədə bolgexeber.tv-nin keçirdiyi sorğuda iştirak edən seçicilərin rəyindən belə qənaət hasil olur.
Onların sözlərinə görə, Sumqayıtda T.Mirkişilinin üzünü görməyiblər. Deputatın seçicilərinə qarşı laqeydliyi isə ilk hal deyil. Bir çox millət vəkilləri seçkidən sonra vətəndaşları yada salmırlar.
42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkili seçilmiş Tahir Mirkişili passiv deputatlar sırasındadır.
Deputat ilk dəfə mandat sahibi olsa da, seçiciləri ilə maraqlanmır. Belə ki, məlumata görə Sumqayıt şəhəri 5-ci mikrorayonda yaşayan seçicilərin böyük bir hissəsi Tahir Mirkişilini tanımır:
“Seçkilərdə gedib səs vermişik, amma sonra millət vəkilimizi görə bilməmişik. Onunla görüşməyi çox istərdik. Çünki ərazimizdə bəzi məsələlər var ki, hələ də həll olunmayıb. Ona görə də, millət vəkilimizin bizi bir araya yığacağı və onunla problemlərimizi müzakirə edəcəyimiz günü gözləyirik.” – deyə sakinlər bildiriblər.
T.Mirkişilinin adı biznes fəaliyyətində hallanmayıb. Hələ ki deputatlıqda debüt edən bu şəxsə obyekt tikməyə şərait yaradılmayıb.
T.Mirikişili Milli Məclisdə də bir o qədər fəal deyil. Parlamentdə ən çox çıxış edən deputat Zahid Orucdur. Hər mövzuda çıxış edir, eyni zamanda çox savadlı şəkildə, fikirlərini əsaslandıraraq məsələyə yanaşır.
Onunla yanaşı Fazil Mustafa, Çingiz Qənizadə, Siyavuş Novruzov, Aydın Mirzəzadə Qənirə Paşayeva, Aqil Abbas da qanun layihələrinə aktiv münasibət bildirib, cəmiyyətin problemləri barədə çıxış yolları təklif edirlər.
Amma Hacı Madər, Kamaləddin Qafurov, Hacı Salayev, Əsabil Qasımov, Rüfət Quliyev kimi T.Mirkişili də “lal” deputatlar sırasında gedir.