XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Leyla Əliyevanın təşəbbüsü - Bakı zooparkında nə yeniliklər olacaq?

Leyla Əliyevanın təşəbbüsü - Bakı zooparkında nə yeniliklər olacaq?

Leyla Əliyevanın təşəbbüsü - Bakı zooparkında nə yeniliklər olacaq?
30-06-2017, 13:01

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 80 ildən artıq fəaliyyətdə olan Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlayır.

Bu barədə Bakı Zooloji Parkının direktoru Azər Hüseynov deyib ki, işlərə yaxın vaxtlarda başlanacaq:

“2001-ci ildən zoopark üçün ayrılan iki hektar torpaq sahəsində heç bir iş görülməyib. Ərazi zooparka bitişik, aşağı hissədə yerləşir. Həmin iki hektar ərazidə indiki zooparkda yaşayan heyvanların şəraitinin yaxşılaşdırılması üçün yendiənqurma işləri aparılacaq. Birinci etapda yeni və geniş volyerlər tikiləcək. İkinci etapda heyvanların yeni volyerlərə köçürülməsi nəzərdə tutulub. Heyvanların indiki qəfəslərinin yerində isə yırtıcıların yaşayış tələbatına cavab verən Afrika və Avstraliya standartlarına uyğun volyerlər tikiləcək. Əksəriyyət “Avropa standartı” deyir, amma nəzərə alaq ki, Avropada heç dağ keçisi, fil, zürafə yoxdur. Necə Avropa standartı ola bilər?”

Direktor bildirib ki, zooparkın ərazisi genişləndirildikdən sonra yeni növ heyvanlar gətiriləcək:

“Heyvanların saxlandığı qəfəslər (volyerlər) hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanacaq və onların sahəsi genişləndiriləcək. Ziyarətçilər heyvanların təbii davranışlarını izləyə biləcək, maarifləndirici tablo və materiallar əsasında oradakı müxtəlif heyvanlar barədə ətraflı məlumat əldə edəcəklər. Hələ ki, buradakı heyvanların yaşayış şəraiti yaxşılaşdırılacaq. Çünki hamımız onların yerinin balacalığından narazı idik. Buradakı heyvanlar tam yerləşdirildikdən sonra yer qalarsa, yeni heyvanlar gətirəcəyik”.

İllərdir müzakirə obyekti olan zooparkın köçürülməsinə gəlincə, A.Hüseynov bu barədə məlumatsız olduğunu deyib:
“Bununla müvafiq nazirlik məşğul olur. Mən uzun illərdir ki, zooparkın rəhbəriyəm. Mən də bilirəm ki, 2008-ci ildən yeni zooparkın tikintisi ilə bağlı qərar var. Niyə, hansı səbəbdən tikinti aparılmır, bu barədə məlumatsızam. Çünki bunun bizə aidiyyatı yoxdur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.