XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əkiz övladı olan şəhidin atası danışdı - “Göz yaşlarımı saxlaya bilmədim”

Əkiz övladı olan şəhidin atası danışdı - “Göz yaşlarımı saxlaya bilmədim”

Əkiz övladı olan şəhidin atası danışdı - “Göz yaşlarımı saxlaya bilmədim”
30-06-2017, 12:03

Bu il fevralında Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun əkiz övladları iyunun 29-da Respublika Klinik Xəstəxanasında dünyaya gəlib.

Bununla bağlı şəhidin atası Yaşar Nəzərov Modern.az-a açıqlamasında bildirib ki, uşaqların da, gəlinin də səhhəti yaxşıdır:

“Uşaqlar keysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Lakin hələki onları görmək üçün icazəmiz yoxdur, yanına gedə bilmirik. Nəvələrimdən birinin çəkisi 2 kq 200 qram, biri isə 2 kq 600 qramdır. Boyları isə 48 sm-dir. Uşaqlar axşamüstü saat 5-ə işləmiş dünyaya gəldi. Nəvələrim dünyaya gələndə sevinc hissi keçirdim və göz yaşlarımı saxlaya bilmədim.
Dünəndən 50-dən çox adam, yaxınlarım zəng edib təbrik ediblər. Eyni zamanda deputatımız Musa Qasımlı əlaqə yaradıb təbrik etdi, elə bir neçə dəqiqədən sonra xəstəxanaya ziyarətə də gəlib. AzTV kanalından zəng ediblər”.
Yaşar Nəzərlinin sözlərinə görə əkiz nəvələrin və gəlinin xəstəxanadan nə zaman çıxacağı hələki bəlli deyil. Lakin beş günə evə buraxılacaqları ehtimal edilir.
Yardımlının deputatı Musa Qasımlı da şəhidin əkiz övladlarını ziyarət edib. Bununla bağlı o açıqlama verib:
“İlk növbədə vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan bütün şəhidlərimizə, o cümlədən Şahlar Nəzərova Allahdan rəhmət diləyirəm. Şəhidimizin atası Yaşar Nəzərova göz aydınlığı verirəm. Həkimlərin, şəhidimizin həyat yoldaşı və övladları üçün necə çalışdığından xəbərim var. Şəhidimizin həyat yoldaşının müalicəsi ilə məşğul olan bütün həkimlərə, xəstəxananın baş həkiminə, müavininə bilavasitə minnətdaram. Hesab edirəm ki, qəhrəmandan qəhrəman yaranar. Mən əkizlərə gözəl bir ömür arzulayıram”.
Deputat Peştəsər kəndinə gedib şəhid Şahlar Nəzərovun məzarını bir daha ziyarət edəcəyini də bildirib.
Yardımlı rayon Peştəsər kəndinin İcra Hakimiyyətinin nümayəndəsi Novruz Novruzxanoğlu da şəhidin ailəsi ilə əlaqə yaradıb və təbrik edib:
“Dünən əkiz uşaqların babası Yaşar Nəzərovla əlaqə saxladım. Onları, əmilərini, yaxınlarını təbrik etdim. Yaşar kişi ilə münasibətlərimiz yaxşıdır. O vaxt da mən ona demişdim ki, səbrli olsun, dərd verən Allah dərmanını da verir. Bu Allahın möcüzəsidir. Birini şərəfli apardı, amma əvəzində ikisini verdi. Uşaqların sağlam böyüməsini və vətənə xidmət etməsini arzulayıram. Təbii ki, mən onları ziyarət edəcəm, bu bizim borcumuzdur. Belə şeylərə xüsusi diqqət yetirmək şəhid ailəsinə təskinlikdir”.
Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.