SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Doğmalar niyə yadlaşır: Pula görə, yoxsa... - SƏBƏB

Doğmalar niyə yadlaşır: Pula görə, yoxsa... - SƏBƏB

Tarix:

25-03-2023, 12:20

/ 335 dəfə oxundu.
Doğmalar niyə yadlaşır: Pula görə, yoxsa... - SƏBƏB

Azərbaycanda qohumluq münasibətləri getdikcə zəifləyir. Müşahidələr göstərir ki, bəzi qohumlar əvvəlki kimi bir-biriləri ilə isti münasibət saxlamır, gediş-gəliş tədricən azalır. Yalnız özəl günlərdə telefon zəngi və ya mesajla təbrik etməklə kifayətlənirlər ki, bu da ortaya ciddi suallar çıxarır.

Qohumlar niyə yadlaşır? İnsanlar bir-birilərindən hansı səbəbdən uzaqlaşırlar?

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı İlqar Fəhmi bildirib ki, problem sosial şəbəkələrin və elmi texnikanın inkişafı ilə bağlıdır:

Doğmalar niyə yadlaşır: Pula görə, yoxsa... - SƏBƏB

“Bunlar yalnız qohumluq əlaqələrinin yox, ümumiyyətlə, insanlar arasında münasibətlərin zəifləməsinə səbəb olur. Əvvəllər qonşuluqda, bir məhəllədə, bir həyətdə yaşayan insanlar bir-biri ilə çox sıx münasibətdə olardı. Bunun səbəbi əvvəllər kommunikasiyanın indiki qədər güclü olmaması idi. İnsanların ünsiyyət, bağlılıq tələbatlarını yanlız qonşuluq və qohumluq əlaqələri təmin edirdi. Məsələn, insanlar işdən sonra qohumlarına baş çəkir, qonşularla oturub saatlarla söhbət edir və dərdləşirdilər. Son zamanlar biz bunu demək olar ki, görmürük. İndi həmin funksiyaları sosial şəbəkələr yerinə yetirir. Nəinki qohumlar arasında, hətta ailə üzvləri arasında belə rabitə o qədər qırılıb ki, bəzən bir evin içində ailə üzvlərinin günlərlə bir-birilə əlaqəsi olmur. Günlərlə bir-birinin halından, vəziyyətindən xəbərləri olmur. Düşünürəm ki, bu vəziyyət artıq qaçılmazdır. Mən problemdən çıxış yolu görmürəm”. 

Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Çinarə Kazımzadənin sözlərinə görə, hər insanın müəyyən ünsiyyət tələbatı var. Bu tələbat ödənmədiyi zaman narahatlıq ortaya çıxır:

"İnsanlar keçmişdə ünsiyyət tələbatlarını qohum-əqrəba və yaxınları ilə birlikdə ödəyirdilər. Amma zaman keçdikcə insanların həyatına internet, sosial şəbəkələr daxil oldu və onların maraq dairələri fərqli bir sahəyə keçdi. Onlar sosial şəbəkələrdə başqa insanlarla yazışaraq, vaxt keçirərək, oyunlar oynayaraq öz tələbatlarını ödəməyə başladılar. Bu hal insanlarda asılılıq yaratmağa başladı. Nəinki qohum-əqrəba, artıq insanlar öz ailə üzvləri ilə bir masa arxasında əyləşdikləri zaman telefondan gözlərini çəkmirlər. Orada müəyyən proseslərlə məşğul olurlar və getdikcə ünsiyyət qırıqlığı yaranmağa başlayır. Yəni, virtual asılılıq ciddi problem yaradır. Son zamanlar bizə müraciətlərdə də görə bilirik ki, insanlar bundan əziyyət çəkirlər".

Psixoloq vurğulayıb ki, internetə çıxış imkanı canlı ünsiyyətdə problemlərə gətirib çıxarır:

"Hazırkı dövrdə dünyanın hansısa ölkəsində baş vermiş hadisəni bir neçə dəqiqənin içində əldə edə bilirik. Məlumat çoxluğu insanlarda bir müddət sonra yorğunluq yarada bilir. Xüsusilə, bu məlumatlar mənfi tərəfdən daha çox yüklənibsə, insanlarda məlumat doyumluluğu yaranır. İnsanlar bir-birilə sırf bu mənfi proseslər üzərində danışırlar və özlərini pis hiss edirlər. Bundan qaçmaq üçün başlarını aldadacaq mənbələrə baş vurular. Bu mənbələr telefon, internet üzərindən oynanılan oyunlar ola bilər. Bu da insanların bir-birilə oturub söhbət etməsi, ünsiyyət qurmasını çətinləşdirir. Diqqət etsək görərik ki, insanlar özlərini yaxşı hiss etdikləri, xoş əhval-ruhiyyədə olduqları zaman kiminləsə ünsiyyətə girmək istəyirlər. Amma pis hiss edəndə bir növ özlərinə qapanırlar, heç kimlə danışmaq istəmirlər. İnsanların yüklənməsi, məlumatların hədsiz çox olması, özlərini gərgin hiss etməkləri də onların ünsiyyətdən qaçmaqlarına gətirib çıxara bilər. Əlbəttə, hər kəs fərqlidir. Hər kəsdə fərqli situasiyalar ola bilər. Lakin əksər hallarda bunları görə bilirik”.

Sosioloq Asif Bayramov isə dəyərlərin dəyişməsinin yaxşı hal olmadığını qeyd edib və problemin həlli üçün dövlət qurumlarını hərəkətə keçməyə çağırıb:

“Azərbaycanda tarixən formalaşmış, xüsusi əhəmiyyət kəsb edən qohumluq əlaqələrinin, ənənələrimizin, dəyərlərin dəyişməsi arzuolunan deyil. Cəmiyyətdə mövcud olan sosial münasibətlərin təməlində həmin əlaqələri tənzimləyən şüur forması və dəyərlər sistemi dayanır. Məsələyə bu aspektdən baxsaq, görərik ki, bizim cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanması və cəmiyyətin sosial monolitliyini tarixən təmin edən bu şüurun və dəyərlərin hiss olunması üçün xüsusi bir proqram mövcud deyil. Ona görə də, bizim həmin dəyərlər sistemimiz və bütövlükdə şüur formamız başqa ölkələrdən gələn ideoloji zərbələrə, hücumlara məruz qalır və onun qarşısında məğlub duruma düşür. Bu proses qloballaşmanın təsiri altında baş verdiyinə görə daha çox obyektiv xarakter daşıyır. Təbii ki, cəmiyyətin sosial-mədəni və mənəvi inkişafı obyektiv prosesdir. Ancaq bu gün qlobollaşma qismən bu prosesə öz təsirini göstəsə də, bu dəyərlərin qorunmasında və ənənəvi qohumluq, doğmalıq, birlik, monolitlik şüurunun saxlanmasında dövlətin, hökumətin özü maraqlı olmalı və müvafiq proqramlar həyata keçirməlidir. Mən Azərbaycanda belə bir proqramın müvafiq dövlət qurumları, hökumətin komitələri tərəfindən təqdim olunduğunu və onun maliyyələşdirilməsi üçün mətbuata çıxarıldığının şahidi olmamışam. Bütün hallarda hər kəsi narahat edən bu dəyərlər ciddi şəkildə nəzarət altına alınmasa, cəmiyyət dəyərlər sistemini itirəcək və tədricən qlobollaşma prosesində əriyib yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qalacaq. Artıq bu prosesi biz Azərbaycanda müşahidə edirik”.

Şərhlər

XƏBƏR LENTİ