«İcra hakimiyyətini görüb yenə gələcəyəm» - NARAZILIQ VAR
- 15-06-2017, 11:27
- 115 929
Bina sakini Vüqar Aslanov: «Burdakı ağacları 30-35 il əvvəl sakinlər özləri əkib. Binaların qarşısıdır, adamlar kölgəsində sərinlənir, özümüz üçün ekoloji təmizlik yaratmışıq. Heç bilmirik ki, kimdir, nəçidir, haradan gəlib. Qəfil peyda olub, özünü elə aparır ki, sanki buraların sahibidir. Deyir, «pul vermişəm, çayxana açıram, heç kəs söz deyə bilməz»».
Sakin Əfqan Əliyevin deməsinə görə, çayxana tikmək fikrinə düşmüş və yaşıllıq ərazini hasarlamış adamı ərazi üzrə mənzil kommunal sahəsinin rəisi və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri himayə edir. Binəqədi rayon İcra Hakimiyyətindən isə bildirilib ki, iyunun 13-də qeyd olunan ünvandakı yaşıllığı hasarlamağa və ağacları kəsməyə cəhd edən şəxs sakinlərin müqaviməti ilə üzləşib: «Hadisədən xəbər tutan kimi əməkdaşlarımızı göndərmişik, həmin şəxsə xəbərdarlıq edib, o da gətirdiyi materialları ərazidən yığışdırıb, gedib».
Sakinlərsə düşünürlər ki, bu cür özbaşınalıqlar elə icra hakimiyyətinin yastığının altından çıxır. Üstəlik, armaturlarını yığışdırıb gedən və sonadək də adını bəlli etməyən şəxs sakinlərə «icra hakimiyyətini görüb yenə gələcəyəm» deyə «ultimatum» da verib.