SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Pensiyası kəsilən xərçəng xəstəsi DAD DEYİR - “Dərman almağa pulum yoxdur”

Pensiyası kəsilən xərçəng xəstəsi DAD DEYİR - “Dərman almağa pulum yoxdur”

Tarix:

28-07-2022, 16:55

/ 571 dəfə oxundu.
Pensiyası kəsilən xərçəng xəstəsi DAD DEYİR - “Dərman almağa pulum yoxdur”



Qubanın Buduq kəndində yaşayan Nəsibə Hacıyeva xərçəng xəstəliyindən əziyyət çəkir. Qadın xəstəliklə mübarizə apara bilmir. Çünki keçən ilin oktyabrında əlilliyə görə verilən pensiya dayandırılıb. Nəsibə Hacıyeva 2021-ci ilin payızında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından imtina məktubu alıb. Hacıyevlər ailəsi bundan sonra çox yerə müraciət edib, amma müsbət nəticə əldə olunmayıb.

Xalqxeber.az bizimyol.info-ya istinadla xəbər verir ki, Nəsibə Hacıyeva 7 il ardıcıl ikinci qrup əlil kimi təqaüd alıb. Buduq kənd sakini bir müddət əvvəl ağır əməliyyat keçirib. Onun başının sağ hissəsindəki bədxassəli şiş götürülüb. Həmin yerdən əməliyyat olunduğu indi də qabarıq görünür. Nəsibə Hacıyeva geridə qalan illər ərzində xərçəng xəstəliyi ilə bacardıqca mübarizə aparıb. İrana da gedib, Azərbaycanın müxtəlif müalicə müəssisələrində yatıb. Qadının həyat yoldaşı Oqtay Hacıyev deyir ki, ailənin gücü tükənib.

“Biz indiyə qədər əlimizdən gələni etmişik. Pensiyasının kəsilməsi belimizi qırır. Açığı, dərman almağa pulumuz yoxdur. Müalicə olunmadığından vəziyyəti pisləşir. Gözümüzün qabağında əriyir, məhv olur. Neçə yerə getmişik, konkret cavab almamışıq. Hiss edirik ki, bilərəkdən get-gələ salırlar. Vaxt isə ziyanımıza işləyir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası nə deyir? İmtina sənədində yazılıb ki, xəstənin əsas diaqnoz və ağırlaşmalarını təsdiqləyən müayinələr tam aparılmayıb. Nəsibə Hacıyeva yenidən müayinə olunmağa hazırdır. Tibbi-Sosial Ekspert Komissiyası isə gözləməyi məsləhət görür. Beləcə, zaman ötür, pulsuz qalan xəstə daha çox əzab çəkir.


Nəsibə Hacıyeva

Buduqda həyat şərtləri çox ağırdır. Əhalinin böyük hissəsi işsizdir. Pensiyanın kəsilməsi xəstəni ölümlə üz-üzə qoymaq deməkdir. Kəndə ictimai nəqliyyat işləmir. Nəsibə Hacıyeva günün böyük hissəsini yataqda keçirir. Onu qayalıqda yerləşən kənddən Qubaya düşürmək də bir ayrı problemdir. Buna baxmayaraq, ailə hər cür əzaba hazırdır, təkcə təkrar müayinə üçün şərait yaradılsın.

Şərhlər

XƏBƏR LENTİ