SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Qəssablar heyvandarlara qənim kəsilib, yem qiymətləri çox bahadır” – Yevlaxdan ŞİKAYƏT

“Qəssablar heyvandarlara qənim kəsilib, yem qiymətləri çox bahadır” – Yevlaxdan ŞİKAYƏT

Tarix:

11-06-2022, 15:11

/ 336 dəfə oxundu.
“Qəssablar heyvandarlara qənim kəsilib, yem qiymətləri çox bahadır” – Yevlaxdan ŞİKAYƏT

 
Yevlax və Mingəçevirdə qəssablar və heyvandarlar arasında qiymət məsələsində anlaşılmazlıq yaşanır.  Bizim.Media-nın region müxbirinin Yevlax rayonu ərazisində heyvandarlıqla məşğul olan kəndlilərlə söhbəti və onunla həmsərhəd olan Mingəçevir şəhərində apardığı müşahidələr bunu deməyə əsas verir.

Qəssablar heyvanı fermerlərdən bacardıqları qədər ucuz qiymətə alıb, maksimum baha satmağa çalışırlar.

Yevlax rayonunun Salahlı kənd sakini Xəyal Yolçuyev hesab edir ki, istər heyvandarlıqla məşğul olan kəndlilərin, istərsə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərin əziyyəti az zəhmət və çox qazanc məqsədi güdən qəssablar tərəfindən zay edilir:

“Bir xırda və ya iri buynuzlu heyvanın yetişdirilməsinin bir kəndliyə neçəyə və hansı zəhmətə başa gəldiyini bu işlə məşğul olanlar yaxşı bilir. Saxlanma şəraiti, heyvanların sağlamlığı, nyemlənməsi və digər xərclər böyük vəsait tələb edir. Yem baha, dərman baha, kəndlinin maddi durumu zəif, alıcılıq səviyyəsi aşağı, üstəgəl qəssab fırıldaqçılığı”.

Həmsöhbətimizin sözlərinə görə, qəssablar heyvan alarkən müxtəlif bəhanələrlə bacardıqları qədər qiyməti aşağı salmağa çalışırlar. Kəndlilər isə minbir əziyyətlə yetişdirdikləri heyvanları real dəyərindən ucuz satmağa məcbur olurlar.

X.Yolçuyevin həmkəndlisi və iş ortağı Yaşar Həsənov isə heyvandarların əziyyətinin ən əsas səbəblərindən biri haqqında danışarkən yem məsələsinə diqqət çəkib:

"Təbii ot, yonca və saman satan şəxslər çətin vəziyyətdədirlər. Birinci, ot biçimi artıq baş tutub. Pay torpağı sahibləri və xüsusilə də bu torpaqlardan heyvan yemi yetişdirilməsi üçün istifadə edən kəndlilər üçün bu mövsüm çox uğursuz oldu. Çünki lazımi vaxtda yağıntı az oldu. İndi yağışlar başlayan zaman göyərən otların çoxu susuzluqdan saralmış vəziyyətdə idi. Nəticədə, məhsuldarlıq yarıbayarı aşağı düşdü”.

Y.Həsənovun sözlərinə görə, məhsuldarlığın aşağı olmasına rəğmən texniki xərclərdə artım olub:

“Bir il öncə hektarı 20 manata biçilən ərazi bu il 35 manata biçildi. Otlağın dırmıqlanması xərcləri 25 manatdan 30 manata yüksəldi. Otun preslənməsində də 5-10 qəpik artım var”.

Salahlı ilə qonşuluqda yerləşən Hürüuşağı kəndində də vəziyyət ürəkaçan deyil. Kənd sakinləri Ərzuman Ağayev və Fariz Bağırov da məhsuldarlığın aşağı olmasından şikayətləniblər:

"Ötən mövsüm 1 hektardan ən azı 200 bağlama ot əldə etmişdiksə, bu il cəmi 100-120 bağlama məhsulumuz oldu. Alqı-satqıda yüksəliş var. Amma xoşagəlməz məqam alıcı tapılmamasıdır”.

Kənd sakinləri qeyd ediblər ki, əvvəlki illərdə Gədəbəy, Daşkəsən, Şəki və Oğuz rayonlarından ot bağlamalarına böyük ehtiyac var idi və bu, məhsulu satmağa yardımçı olurdu:

“Ötən mövsüm hər gün ən azı ətraf bölgələrə 1000 bağlama ot, yonca bağlaması daşınmasında, yaxud saman satılmasında yardımçı olmuşuq. Hətta elə vaxt olub ki, iki gündə 19 min bağlama təbii yemin alıcılara çatdırılmasında iştirak etmişik. Hazırda təbii otun qiyməti 1.80 - 2.50 manat, yoncanın qiyməti isə 3 - 3.50 manat civarında dəyişsə də, alıcı qıtlığı var”.

Maraqlıdır ki, daha çox tələbat olan yoncanın qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1-1,50 manat daha ucuz olsa da, həmin vaxt alıcılıq qabiliyyəti daha yüksək olub.

Müşahidələrimiz onu göstərir ki, bu cür arzuolunmaz dinamika heyvandarlığa marağın azalmasına yol açır. Diqqət çəkən səbəblərdən biri də qəssabların heyvandarlara qənim kəsilməsidir.

Onsuz da çoxsaylı zəhmətlə heyvan yetişdirən kəndlilərin əməyi qəssabların tamahkarlığı nəticəsində tamamilə ziyan olur.

Bizim.Media

Şərhlər

XƏBƏR LENTİ