SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan – Qırğızıstan arasında Dövlətlərarası Şuranın yaradılması mühüm addımdır

Azərbaycan – Qırğızıstan arasında Dövlətlərarası Şuranın yaradılması mühüm addımdır

Tarix:

23-04-2022, 13:30

/ 301 dəfə oxundu.
Azərbaycan – Qırğızıstan arasında Dövlətlərarası Şuranın yaradılması mühüm addımdır

 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Cənab Prezident İlham Əliyev Prezident Sadir Japarovla görüşündə dəvətinin qısa müddətdə qəbul edilib Azərbaycana səfər etməsindən şad olduğunu bildirdi və buna dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxildığını diqqətə çatdırdı. Daha sonra cənab Prezident rəsmi səfər çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdiyini, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldığını, həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirərək, bizim dost və qardaş dövlətlər olduğumuzu və bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatdığını diqqətə çatdırdı.
Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan Respublikaları arasında imzalanmış on sənəd arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun bizim münasibətlərin xarakterini və formasını qabaqcadan müəyyən edəcəyini qeyd edən Prezident İlham Əliyev strateji tərəfdaşlığın qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi olduğunu və bizi məhz strateji xarakterli əməkdaşlığa köklədiyini, Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlərin, həm də regional və beynəlxalq problemlərin daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcəyini bildirdi.
Prezidentlərin görüşü zamanı eyni zamanda ticarət və iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə edildi. Cənab Prezident İlham Əliyev görüş zamanı bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimiz olduğunu, bütün bunların bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olan amillər olduğunu qeyd etdi və Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür etdiyini bildirdi. Cənab İlham Əliyev bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndirildiyini, Şuşa şəhərinin bərpası üzrə planlarımızın fəal icra olunduğunu və icra olunacağını diqqətə catdırdı. Eyni zamanda cənab Prezident İlham Əliyev qədim Şuşanın türk dünyasının mədəniyyət paytaxtı adını daşıması kimi yüksək şərəfin bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyduğunu söylədi. Prezident İlham Əliyev bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyimizi, əməkdaşlıq edəcəyimizi və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağımızı diqqətə çatdırdı.
     Azərbaycan və Qırğızıstan arasındakı dostluq və qardaşlıq münasibətlərinin qədim və tarixi kökləri var. Prezidentlərin bu görüşü dövlətlərimiz arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxararaq daha üst səviyyəyə aparacaq.
 
Könül Əfəndiyeva – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ