XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Moskva İlham Rəhimovdan niyə üz döndərdi? - Səs-küylü qətlin üzə çıxardığı reallıqlar

Moskva İlham Rəhimovdan niyə üz döndərdi? - Səs-küylü qətlin üzə çıxardığı reallıqlar

Moskva İlham Rəhimovdan niyə üz döndərdi? - Səs-küylü qətlin üzə çıxardığı reallıqlar
11-06-2021, 17:50

19 yaşlı azərbaycanlı, Rusiya vətəndaşı Vəkil Abdullayevin Novosibirskdə yol polisi Aleksandr Qusev tərəfindən qətlə yetirilməsi hadisəsinə Rusiya İstintaq Komitəsinin qərəzli yanaşması getdikcə siyasi məna kəsb etməyə başlayır.

Əvvəlcə cinayət işi çərçivəsində müstəntiqlərin adekvat davranması və Qusevin həbsinə nail olmaları prosesin şəffaf aparılacağı haqda təsəvvür yaratsa da, cəmi bir gündən sonra Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin müdaxiləsi ilə Qusevin azad edilməsi, hətta qətli törədən polisin həbsində israr edən müstəntiqlərlə bağlı araşdırma aparılmasına qərar verilməsi və onların cinayət işindən kənarlaşdırılması burda çox ciddi oyunun getdiyi təəssüratını yaradırdı.

Qısa müddət sonra Azərbaycanın ictimai xadimləri, media nümayəndələri Rusiya Prezidenti Putinə açıq müraciət ünvanladılar, bunun ardınca isə Putinin yaxın dostu İlham Rəhimov şəxsən Aleksandr Bastrıkinə zəng etdi.

İ.Rəhimovun zəngi iki məsələyə görə önəmli idi və buna görə professora təşəkkür düşür:

1) Bastrıkin də Putinin dostları sırasındadır və İlham Rəhimovla bundan dolayı şəxsi münasibətləri var;

2) A.Bastrıkin Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının üzvüdür, İlham Rəhimov isə bu qurumun sədri.

İlham Rəhimov ötən bazar günü mediaya açıqlamasında ürəklə bildirmişdi ki, birinci gündən – yəni 7 iyundan prosesdə dəyişikliyi müşahidə edə biləcəyik. Ən azı həmin insidentdən sonra saxlanılan digər iki azərbaycanlı haqda seçilən həbs qətimkan tədbirinin dəyişdiriləcəyi, heç olmasa, onlara da qətli təsadüfən törədən Qusev qədər güzəşt ediləcəyi gözlənilirdi.

Artıq İlham Rəhimovun zəngindən 5 gün ötüb, soydaşlarımızın həbs qətimkan tədbiri dəyişdirilməyib, eyni zamanda, Qusevin azadlıqda olmasında da hər hansı dəyişiklik yoxdur.

İlham Rəhimov Rusiyada da kifayət qədər böyük nüfuz sahibidir və iki ölkə arasında siyasi münasibətlərə demək olar ki, qarışmır. İlham Rəhimov yalnız diasporda təmsil olunur, Azərbaycanın digər maraqlarının qorunmasına öz töhfəsini verir və eyni zamanda Rusiya liderinin şəxsi nüfuzunu da təsir etdiyi əhatə dairəsində qoruyur. Başqa sözlə, İ.Rəhimov ictimai anlamda Rusiya və Azərbaycan münasibətlərinin qorunub inkişaf etməsində maraqlıdır.

Bu baxımdan olayda hansısa ciddi siyasi, yaxud digər məsələ olsa, İ.Rəhimov qətiyyən müdaxilə etməyəcəkdi. İ.Rəhimov haqlı olaraq bunun heç bir siyasi önəm kəsb etmədiyini, hansısa xırda ayrı-seçkilikdən və yerdəki özbaşınalıqdan qaynaqlandığını, Bastrıkinin də yanlış informasiya aldığını düşünərək prosesi ədalətli istiqamətə yönəltmək üçün müdaxilə etdi. Ancaq bəlli oldu ki, Bastrıkin təmsil olduğu qurumun rəhbərinin və Putinin dostunun ədalətli xahişçini yerinə yetirmək niyyətində deyil.

Açıq mətnlə görünür ki, bu təsadüfü qətl və insident Rusiyada artıq siyasi-milli önəm kəsb etməyə başlayıb. Proses o qədər böyüyür ki, Azərbaycan ziyalılarının, media nümayəndələrinin Putinə müraciətinə də Kreml yox, şovinist Jirinovski dolayısı ilə cavab verir və bildirir ki, azərbaycanlı millət vəkilləri bu işə qarışa bilməzlər, Rusiyadakı azərbaycanlılar isə bunu bəyənmirsə, çıxıb getsinlər öz ölkələrinə!

Olduqca arzulanmaz bir şovinizmlə üz-üzəyik. Azərbaycanlı olsa da, Vəkil Abdullayev Rusiya vətəndaşıdır, nəinki özü, hətta atası Rusiyada doğulanlardandır. Bu xüsusda insidentin ədalətli çözülməsi əslində Rusiyanın maraqları daxilində olmalıdır. Azərbaycan ictimai xadimlərinin münasibəti, xüsusilə İlham Rəhimovun zəngindən sonra prosesin ədalətli məcraya yönəldilməsi isə Rusiya elitasının Azərbaycana münasibəti baxımından daha uyğun bir jest olardı. Başqa sözlə, Rusiya olmayan bir problemi böyüdərək, sonra da Azərbaycan ziyalılarının müraciətini əsas götürdüyünü nümayiş etdirə və əslində etməli olduğunu edərək, özünə nüfuz qazandıra bilərdi.

Olmadı – Jirinovski Azərbaycan deputatlarına öz səviyyəsinə uyğun cavab verdi, Bastrıkin isə İlham Rəhimovun sözünü saymadı.

Rusiyada ermənipərəst düşüncə və şovinizm düşündüyümüzdən daha çoxdur, Qarabağdakı sülhməramlılar və 3 gündür Sergey Lavrovun simasında başlayan “status” təbliğatı yaxşı heç nə vəd etmir.

Ərdoğan da bunu görür və artıq indidən Bakıda və Şuşada nələr edəcəyi ilə bağlı mesajlar verməyə başlayıb.
Bakupost

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.