Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir
- 29-05-2021, 10:44
- 933
Yeri gəlmişkən, xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərlərinin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. Azərbaycan müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olur. Regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.
Təbii ki, ölkəmizə, dövlətimizin başçısına verilən bu yüksək dəyər mühüm strateji nailiyyətlərə əsaslanır. Belə ki, bu gün Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırıb. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir. Bu gün Azərbaycan qlobal dünyanın mühüm siyasi aktoru kimi Cənubi Qafqazda yeni inkişaf mərhələsi yaradır. Zəngəzur dəhlizi vasitəsilə Şərqlə Qərbi birləşdirəcək yeni kommunikasiya xətti yeni dünya düzənində mühüm logistik xəttə çevrilir. Təbii olaraq bu faktor Azərbaycanın dünyada diqqət mərkəzinə düşməsini, eləcə də aparıcı dövlətlərin ölkəmizlə yaxın tərəfdaşlıq əlaqələrini daha da yüksək səviyyəyə çatdırmaq istəklərini şərtləndirir. Bu isə Azərbaycan dövlətinin, ölkə Prezidentinin milli maraqlara əsaslanan siyasət kursunun uğurlarıdır.
Ramil Gülməmmədov,
Salyan rayon Xıdırlı kənd tam orta məktəbin direktor əvəzi