SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək”

“Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək”

Tarix:

26-04-2021, 18:26

/ 693 dəfə oxundu.
“Zəngəzur dəhlizi mütləq istifadəyə veriləcək”

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə ilə təkcə işğal olunmuş torpaqları azad etmədi, həm də regionda və dünyada yeni reallıq yaratdı. Qələbəmizin rəsmi təsdiqini özündə ehtiva edən 10 noyabr sazişi bu reallığa möhürünü vurdu. Bununla ölkəmiz qondarma “Dağlıq Qarabağ problemi”ndən birdəfəlik qurtuldu və indi Azərbaycan daha çevik və sərbəst siyasət aparmaq imkanına malikdir.
Azərbaycan xalqının bir yumruq altında birləşdiyi Vətən müharibəsinin yaratdığı ən mühüm nəticələrdən biri də bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur tarixən hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir. Zəngəzur 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Ermənistana verildi. 1920-ci il dekabrın 1-də Nəriman Nərimanov Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasında qərar barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurun Ermənistana verilməsindan bəhs edirdi.
Şükürlər olsun ki, 101 ildən sonra tarixi ədalət bərpa olunur. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Dəhlizin yaradılması layihəsinin birbaşa müəllifi olan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə çıxış edərkən Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin bütün türk dünyasını birləşdirəcəyini, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacağını xüsusi vurğulamışdır.
Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına səbəb olacaqdır. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaqdır. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaqdər. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcəkdir.
Zəngəzur dəhlizi Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər. Başqa sözlə, bu dəhliz təkcə Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinə müsbət təsir göstərməyəcək, həm də Moskvanın Türkiyə vasitəsilə Yaxın Şərqdəki bazarlara çıxışı üçün alternativ marşrut olacaqdır. Üstəlik, Zəngəzur dəhlizi Rusiyanın regiondakı əsas müttəfiqlərindən olan Ermənistana quru yolla çıxa bilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün Moskva Tbilisi ilə arasındakı siyasi problem üzündən, Ermənistana yük daşımalarında quru yoldan istifadə edə bilmir – yol Gürcüstan ərazisindən keçir. Başqa sözlə, Rusiya Ermənistanla iqtisadi əlaqələrinə bu maneəni də aradan qaldıra bilər.
Bir sözlə, Zəngəzur dəhlizinin yaradılması ilə region ölkələri qarşısında yeni imkanlar açılacaqdır. Bu dəhlizin istifadəyə verilməsi regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq, region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaqdır. Bundan başqa, bu, regionun beynəlxalq dəhlizlərdəki ("Şimal-Cənub'', "Mərkəzi dəhliz'') mövqeyini daha da gücləndirəcəkdir.
Zəngəzur dəhlizinin işə düşməsi ilə iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcəkdir. Dayanıqlı iqtisadi inkişaf və sülh isə gələcəkdə təhlükəli millətçi düşüncələrin yayılmasının, regionda yeni münaqişələrin yaranmasının qarşısını alacaqdır.
 
 
Rəna Kərimova,
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin tarix müəllimi

Şərhlər

XƏBƏR LENTİ