SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramiz Mehdiyevin gizli bizneslərindən növbətisi... - TƏFƏRRÜAT

Ramiz Mehdiyevin gizli bizneslərindən növbətisi... - TƏFƏRRÜAT

Tarix:

8-02-2021, 10:26

/ 969 dəfə oxundu.
Ramiz Mehdiyevin gizli bizneslərindən növbətisi... - TƏFƏRRÜAT

Bu günlərdə oxuduğum bir xəbər, doğrusu, məni əməlli-başlı şoka saldı. Əvvəlcə yayılan xəbər haqqında xatırlatma edim. Deməli, belə bir məlumat yayıldı ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırılıb. Yanvar ayının 21-də hazırlıq iclası təyin olunsa da, bu, baş tutmayıb. Növbəti məhkəmə iclası fevral ayının 19-u saat 10:15-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs Səidov Elmar Çingiz oğludur. Elmar Səidov “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.

“Fireland Vineyards” MMC-nin direktoru Elmar Səidovun Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmasa da, hər iki şəxsi birləşdirən ortaq məqamlar var.

Məlumat üçün bildirək ki, “Fizeland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. “Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərir.

Onu da bildirək ki, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevnaya, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub. Novxanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb. Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.
Bax, məni dəhşətə gətirən də xəbərin sonluğudur. Təbii ki, Ramiz Ənvəroviçin üzüm bağlarının və şərab zavodlarının olmasında təəccüblü heç nə yoxdur. Təəccüblü odur ki, Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində deyildiyi kimi 155 hektar üzüm bağları yoxdur. Mən Novxanı ərazisini və bağ massivlərini çox gözəl tanıyıram. Amma bu günə qədər orada nəinki 155 hektar, heç 30 hektar da üzüm bağlarının olmasına nə rast gəlmişəm, nə də bu barədə nə isə eşitmişəm.

Amma yayılan məlumatda deyilir ki, “Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin də “Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görünür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olduğunu, həmçinin “Fireland Vineyards” MMC-nin xammal kimi məhz bu ərazidə əkilən üzümdən istifadə etdiyini söyləmək olar”.

Bax, əsl təəccüblü məqam da bundadır. Deməli, xəritədə təqdim edilən ərazini çoxları yaxşı tanıyır, mən isə “ovcumun içi” kimi bilirəm. Haqqında söhbət açılan ərazi Saray qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolun sol tərəfində, “Duz gölü”nün sahilində yerləşir. Və bu ərazinin Ramiz Mehdiyevə məxsus olduğunu çoxdan bilirəm.

Məndə olan məlumata görə, həmin ərazi 155 hektar yox, 300 hektardır. Ərazi bütövlükdə bir metr hündürlükdə daş hasara alınıb. Ərazinin yuxarı hissəsində 100 hektardan artıq sahə isə Sərhəd Qoşunlarının komandanı, general Elçin Quliyevə məxsusdur. Elçin müəllim Ramiz Ənvəroviçdən fərqli olaraq torpaq sahəsini dəmir çərçivələrlə hasara alıb. Yeri gəlmişkən, deyim ki, generalla akademikin özəl münasibətləri var. Və bu qonşuluq uzun illər davam edən isti münasibətdən qaynaqlanır. Nə isə… Mətləbdən uzaqlaşmayaq.

İndi bəlli olur ki, həmin ərazi Ramiz Mehdiyevin xanımının adına sənədləşdirilib. Və bu ərazidə bir sot torpağın qiyməti 10 min manatdan yuxarıdır. Ramiz müəllimin bu torpaq sahəsindən nə qədər “qabağa” düşdüyünün hesablanmasını da buraxıram dəyərli oxucularımızın ixtiyarına. Çünki mən daha vacib məsələnin “peşində”yəm. “Üzüm bağları” kimi təqdim edilən bu ərazilər uzun illərdir ki, boş sahə olaraq qalır. Amma neyləyək ki, Heydər Əsədov Kənd Təsərrüfatı naziri olarkən bu boş sahəni Ramiz Ənvəroviçə xoş gəlmək üçün üzüm bağları kimi “oformut” edib. Və üç il ərzində bu “üzüm bağlarına” görə Mehdiyevlər ailəsinə dövlət büdcəsindən subsidiya ödəyib. Subsidiyianın illik həcmi (7750 manat) Ramiz Mehdiyevin “şanına yaraşmır”. Qəribə burasıdır ki, 2018-ci ildən sonra (Heydər Əsədov gedəndən sonra) subsidiyanın verilməsi dayandırılıb.

Bu yerdə dəyərli oxucularımıza xatırladım ki, bu subsidiya maxinasiyası hazırda da davam edir. Bu barədə növbəti yazımızda ətraflı bəhs edəcəyik. Amma qayıdaq Ramiz Mehdiyevin xanımının və oğlunun adına saxta üzüm bağlarının olmasına. Deməli, son 5 ildə Azərbaycanda 20-dən artıq bank müflis elan edilib. O bankların müflis olmasının tək səbəbi ölkəmizdəki məmur özbaşınalığı olub. Çünki əlində səlahiyyəti olan məmurlar bütün banklara haqq qoymuşdular. Bu haqq isə bir-iki manat deyildi. Yüz milyonlarla manat idi. İriçaplı məmurlar tərəfindən alınan külli miqdarda kreditlər bir qayda olaraq geri qaytarılmır.

Ona görə də banklar bir-birinin ardınca “bankrot” olur. Səsini çıxaran bankir isə həbsə atılır. Saxta kreditlərin alınması üçünsə saxta sənədlər hazırlanır. Və saxta sənədlərə də əlavə dəstək olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən saxta subsidiya kağızları tikilir. Beləcə, saxta sənəd çönüb olur daşdan keçən sənəd. Necə ki, Ramiz Mehdiyevin saxta üzüm bağları üçün də belə bir sənəd hazırlanıb. Və çox güman ki, hazırda həmən “üzüm bağları” hansısa bankın girovudur və həmin bankdan 100 milyonlarla manat kredit çəkilib.

KONKRET.az olaraq bir müddət əvvəl xəbər vermişdik ki, Ramiz Mehdiyevlə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadə “Şərq-Qərb” MMC adından artıq ləğv olunmuş Qafqaz İnkişaf Bankı vasitəsilə 79 milyon manat kredit götürüblər. Lakin kredit bu günə qədər geri qaytarılmayıb. Xatırladaq ki, Azərbaycanın ən böyük nəşriyyatlarından biri olan “Şərq-Qərb” də Ramiz Mehdiyevə məxsusdur.

Məsələnin digər qorxulu tərəfi odur ki, saxta üzüm bağlarından da saxta şərablar hazırlanır. Və saxta şərablar bəh-bəhlə xalqa satılır. Yeri gəlmişkən, Azərbaycandakı hazırkı üzüm istehsalı ilə şərab istehsalı arasında tərs-mütənasiblik var. Bu isə ölkəmizdə hazırlanan şərabların əsas hissəsinin saxta olmasının sübutudur. Bu saxtakarlığın başında hər zaman Ramiz Mehdiyev kimi iriçaplı məmurlar dayandığından heç kim səsini çıxara bilməyib.

Əziz oxucu, məni də dəhşətə gətirən məsələnin məhz bu tərəfidir. Saxta üzüm bağı kimi qeydə alınan bu boş ərazidən “dərilən üzüm”dən hazırlanan saxta şərablar gör nə qədər insanın bədbəxtliyinə səbəb olub. Elə deyilmi…

Surxay Atakişiyev,
KONKRET.az

Şərhlər

XƏBƏR LENTİ