XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Elmar Məmmədyarovun kadrları niyə “evdə oturub” istintaqın sonunu gözləyir? - İLGİNC

Elmar Məmmədyarovun kadrları niyə “evdə oturub” istintaqın sonunu gözləyir? - İLGİNC

Elmar Məmmədyarovun kadrları niyə “evdə oturub” istintaqın sonunu gözləyir? - İLGİNC
29-01-2021, 10:55

Səbayel Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov və digər vəzifəli şəxsləri - Nurupaşa Abdullayev, Səlim Əlizad, İlqar Əliyevin barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimatlar təmin edilib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirlərinin müddəti daha 3 ay uzadılıb. Qeyd edə ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi davam edir. Həmin şəxslər barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Səbayel Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin olunub.

Qeyd edək ki, ilk baxışdan qeyri-adi, diqqətçəkən məqam nəzərə çarpmasa da, sabiq xarici işlər naziri Elmar Məmmədyarova yaxın kadrların “evdə oturub” istintaqın sonunu gözləməsi suallar yaradır. Elmar Məmmədyarovun özünə qarşı əsas ittiham da “evdən işləməsi” idi. Məmmədyarov ölkə üçün çətin anlarda evindən çıxmağı belə özünə rəva bilmirdi. İllərlə aparılan “ev diplomatiyası” XİN kimi bir qurumda biabırçı korrupsiya yuvasının yaranmasına gətirib çıxarmışdı. İllər boyu XİN sistemi bəzi vəzifəli məmurların ailə üzvləri və yaxın qohumları üçün iş yeri funksiyasını daşıyıb. Bir çoxları isə bu sahəyə diplomatik immunitet və diplomatik pasport qazanmaq vasitəsi kimi baxıb. Nazirliyə rəhbərlik edən şəxs isə kadrları təyin edərkən ştat yerlərini, onların bilik və bacarıqlarını nəzərə almayıb. XİN-də biznesmen səfirlər, vəzifəli ataların övladları, imkanlı “dayı”ların qohumları kök salmışdı.

Nəhayətdə XİN-də “qara səhifə” çevrildi, Məmmədyarov qovuldu, ətrafı həbsə göndərildi. Sonradan nə baş verdisə, Məmmədyarovun kadrlarının da təcridxanadan evə göndərilməsi gerçəkləşdi. Korrupsiyada ittiham olunan məmurların “evdə oturub” istintaqın sonunu gözləməsi ümumilikdə ədalət mühakiməsinə necə təsir edir? Bu cür yanaşma bizə nə vəd edir?

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, korrupsiya ilə mübarizədə həbsə almanın xüsusi rolu var: “Korrupsiyaya kim bulaşa bilir? Külli miqdarda rüşvəti kimlər ala bilir? Rüşvət və korrupsiya ittihamı ilə həbs edilənlər kimlərdir? Cavab hər kəsə bəllidir. Sıravi vətəndaşın rüşvət almaq, korrupsiyaya bulaşmaq kimi imkanları yoxdur. Məmurlar rüşvət alır, dövlət büdcəsindən xalqın rifahı üçün ayrılan vəsaiti oğurlayır və komfort həyat sürürlər. Bu adamların maşınlarındakı oturacaqlar, iş yerlərindəki kreslolar xüsusi işlənir. Xatırlayırsınızsa, Bakının Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun kreslosunun fotosu yayılmışdı. Əslində həmin o kreslodan bir çox məmurların kabinetində var. Misir fironlarının sərdabəsinə bənzər, qol-qanadlı, təvazökarlıqdan qat-qat uzaq həmin kabinet kreslosu Azərbaycan məmurlarının qafasını, vəzifəpərəstliyini simvolizə edirdi.

Katibələr, sürücülər, bahalı restoranlar, şəxsi masajistlər, bərbərlər bu adamların həyat tərzlərinin ayrılmaz hissəsidir. Məmur rüşvət ittihamı ilə işdən çıxarılıbsa, ona güzəşt olmamalıdır. Öyrəşmədiyi, komfortu olmayan, qışda soyuq, yayda qızmar isti dustaq maşınının oturacağına otuzdurulub təcridxanaya aparılmalıdır. Bunun özü bu adamların oğurladıqlarını geri qaytarmaqları üçün çox ciddi əsasdır. Ev dustaqlığı isə bu adamlar üçün oğurladıqlarını qaytarmamaq imkanı yaradır. Bundan başqa, digər oğru məmurlar, hansılar ki, bu gün vəzifədədirlər, onlara da pus nümunə olur".

Hüquqşünas deyir ki, XİN-də baş verənlər biabırçılıqdır, Elmar Məmmədyarov istənilən halda istintaqa cəlb olunmalıdır: “Konsulluq İdarəsinin rəisi cinayət törədibsə, bundan Elmar Məmmədyarovun da xəbəri olub. Olmayıbsa, bunun özü də onun XİN-də baş verənlərdən xəbərsiz olması anlamına gəlir. Bundan başqa, dövlət büdcəsindən ayrılan pulları Elmar Məmmədyarovun ”burnunun altında" tar-mar ediblər. Onun isə bundan xəbəri olmayıb? Axı bu nağıla kim inanar? Sən bu sahəyə rəhbərlik edirsənsə, işçilərin burada min oyundan çıxıb dövlət büdcəsindən, yəni xalqın cibindən ayrılan pulları oğurlayırsa, talayırsa, 1 nömrəli günahkar, cavabdeh də sənsən! Sənin günahın göz qabağındadır. Bu cinayətlər baş veribsə, bundan Elmar Məmmədyarovun xəbəri olub. Yaxasını kənara çəkə bilməz. XİN-də tutulan məmurlar dövlət büdcəsindən bu sahəyə ayrılan pulları təkbaşına mənimsəyə bilməzdilər? Elmar Məmmədyarov 16 il həmin sahəyə rəhbərlik edib. Təbii ki, pul məsələləri də birbaşa onun kurasiyasında olub. İşçiləri onu 1-2 il aldada bilərdilər. Yerdə qalan illəri kimin ayağına yazacaq? Pul məsələsi belədir ki, xərcləyəndə oğurluqları aydın görünür. Məmurların barəsində həbslə əlaqəli olmayan qətiimkan tədbirinin seçilməsi bugünkü Azərbaycanda yolverilməzdir, deyərdim ki, olduqca ziyanlıdır".
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.