XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Antikorrupsiya əməliyyatları kimləri HƏDƏFƏ ALACAQ? - GƏLİŞMƏ

Antikorrupsiya əməliyyatları kimləri HƏDƏFƏ ALACAQ? - GƏLİŞMƏ

Antikorrupsiya əməliyyatları kimləri HƏDƏFƏ ALACAQ? - GƏLİŞMƏ
26-01-2021, 09:55

Yanvarın 22-də Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədovun, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilmələri müzakirə edilən mövzulardan biridir.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, uzun müddət Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən C.Nəzərov həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Həyata keçirilən ilkin tədbirlərlə C.Nəzərovun ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilməsi müqabilində onlardan tələb etdiyi cəmi 4 500 manat pul məbləğini 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda rəhbərlik etdiyi tibb müəssisəsinin inzibati binasında şəxsən və qeyri-rəsmi köməkçisi olan Sultanlı Davud Məmməd oğlu vasitəsilə təkrarən rüşvət qismində almasına, habelə, işlədiyi dövr ərzində çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə C.Nəzərovun Masallı Rayon Mərkəzi Xəstəxanasının inzibati binasındakı xidməti otağında və digər aidiyyəti ünvanlarda axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, xəstəliklər üzrə diaqnozların müəyyən olunması və sair təyinatlar üzrə çoxsaylı vətəndaşların adlı siyahısı və həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, toplanmış ilkin sübutlarla Cəlil Nəzərov 23 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs-qətimkan tədbiri seçilib...

Belə fikirlərə də rast gəlinir ki, ölkəmizdə bu ilin əvvəllərindən başlayaraq, start götürən həbslər dalğası yuxarıdan aşağıya doğru eniş mərhələsi yaşayır. Belə ki, bu prosesin ilkin mərhələsində icra başçıları səviyyəsində saxlanılırdı. Hətta bu proses Xarici İşlər, Mədəniyyət nazirliklərinə və Dövlət Sərhəd Xidmətinə də sıçradı. Amma sonra müharibə başladı və bu kimi əməliyyatlar bir müddət dayandı.

İndi isə daha aşağı vəzifəli məmurlar səviyyəsində həbslərin şahidi olmaqdayıq.

AĞ Partiya başqanı Tural Abbaslı bu həbslərə qarşı korrupsionerlərin ciddi müqavimət göstərdiyini düşünür: “Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi artıq icra başçılarını, onların müavinlərini, həkimləri həbs edir. Biz bütün günü gözləmirik ki, gedib nazirləri, nazir müavinlərini həbs etsinlər. Amma rayonlarda kiçik həcmli korrupsionerlərdən yox, daha iri korrupsionerlərdən başlamaq lazımdır. Zatən bu proses DTX tərəfindən başladılmışdı. Həbs edilənlər sırasında icra başçıları, Xarici İşlər Nazirliyində, Dövlət Sərhəd Xidmətində idarə rəisləri var idi. Başdan olan həbslər daha effektli olur, nəinki kiçik rüşvətxorlar. Hansısa rayonda baş həkimi, yaxud təhsil şöbəsinin müdirini korrupsiya ittihamları ilə həbs etmək olar. Məndə belə bir rəy yaranıb ki, antikorrupsiya tədbirlərinə qarşı korrupsionerlərin bir bloku var. Bu blok həbslərə qarşı dirəniş göstərir. Görünən odur ki, korrupsionerləri qoruyan birlik daha möhkəmdir, dayanıqlıdır”.

Partiya sədri hesab edir ki, bu səbbədən daha kiçik vəzifəli məmurlar həbs edilir: “Ola bilsin ki, iri ranqlı məmurlar buna qarşı bir sədd yarada biliblər və nəticədə proses dayanıb. Yenə də öz işlərinin başındadırlar. Korrupsiya əməllərini yenə də davam etdirirlər. Həbslərin xüsusi səs-küyə səbəb olmaması bunu açıq göstərir. Biz əsl mübarizənin aparıldığını görmək istəyiriksə, yuxarı başda olan korrupsionerlərdən başlamaq lazımdır, kiçiklərdən yox”.

YAP-çı deputat Aydın Mirzəzadə deyilənlərlə razı deyil: “Bu fikir yanlışdır. Korrupsiyaya qurşanmış insanlar müxtəlif yerlərdə ola bilər. Onlara qarşı mübarizə heç də kampaniya xarakteri daşımır. Ya yoxlamalar, ya da daxil olan məlumat nəticəsində müvafiq strukturlar hərəkətə keçirlər. İndiki halda baş həkimin həbs edilməsi göstərir ki, heç kəs törətdiyi əmələ görə immunitet qazanmayıb. Proses bütün sferaları əhatə edir və edəcək. İstənilən halda qanun qarşısında cavab verməli olacaqlar. Heç kəs də arxayınçılıq yaranmasın ki, onun korrupsiyaya qurşanması, yaxud rüşvətə meylliliyi dövlətin diqqətindən kənarda qalacaq. Kiməsə vəzifə səlahiyyəti etibar edilirsə, həmin şəxs o vəzifəyə məsuliyyətlə yanaşmalı, cəmiyyət üçün nümunə olmalı, cəmiyyətə təmizlik, ləyaqət nümunəsi göstərməlidir. Çox təəssüf edirik ki, həkimlərin içərisində belə hallar baş verib. Amma fakt faktlığında qalır. Onlar qanun qarşısında cavab verəcəklər. Cənab Prezident bir neçə gün bundan əvvəl çıxışlarının birində bildirdi ki, heç kəs özünü qanundan kənar hiss etməsin. Bundan sonra da qanunu pozan, rüşvətə, korrupsiya hallarına yol vermiş bütün vəzifəli şəxslərə qarşı dövlət çox sərt addımlar atacaq”. //musavat.com//

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.