SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Balaca padşah"ların yeni QÜRUB DÖNƏMİ... - Bu dəfə kimlərin "başı kötüyə qoyulacaq"...

"Balaca padşah"ların yeni QÜRUB DÖNƏMİ... - Bu dəfə kimlərin "başı kötüyə qoyulacaq"...

Tarix:

20-01-2021, 09:40

/ 690 dəfə oxundu.
"Balaca padşah"ların yeni QÜRUB DÖNƏMİ... - Bu dəfə kimlərin "başı kötüyə qoyulacaq"...

Azərbaycan ictimai rəyində formalaşmış məmur obrazı çox hallarda mənfi cizgilərlə xarakterizə olunur.

Xüsusilə də regionlarda yerli idarəetmə orqanlarının timsalında “xırda padşah”ların əhaliyə münasibəti onlardan narazılıqları artırır. Vətəndaşların incidilməsi, haqlarının tapdalanması, rüşvət, korrupsiya faktının olması heç kimə sirr deyil. Bunun bariz nümunəsi olaraq son dövrlər həbs olunan icra başçılarını göstərmək kifayət edər.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatlarla Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və onların müavinləri, rəhbərlik etdikləri qurumda digər vəzifəli şəxslər saxlanılaraq məhsuliyyətə cəlb olunub. Hazırda adıçəkilən sabiq məmurlarla bağlı istintaq prosesi davam edir.

Əməliyyatlar təkcə icra başçıları ilə məhdudlaşmayıb, eyni zamanda Dövlət Sərhəd Xidmətində, Mədəniyyət Nazirliyində, Xarici İşlər Nazirliyində oxşar əməliyyatlar aparılıb. Prosesin davamlı olacağı, fəaliyyətində nöqsanlara yol verən məmularla bağlı tədbirlərin görüləcəyi isə ən yüksək səviyyədə bir daha bəyan edilib.

Belə ki, Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bir daha islahat anonsu verib.

Prezident bildirib ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür: “O cümlədən, su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin”.

Prezidentin bu xəbərdarlığı məmur təbəqəsinə, icra başçılarına və digər yüksək vəzifəli şəxslərə ünvanlanıb. Regionlarda iqtisadi-sosial vəziyyətin çətinliyi, iş yerlərinin olmaması, məmurların əhalinin sosial problemləri ilə maraqlanmaması göz qabağındadır. Yerlərdən şikayətlərin Prezident Administrasiyasına qədər gəlməsi də məhz məmurların yarıtmaz fəaliyyətinin nəticəsidir. İnsanlar ən xırda problemlərinin həlli üçün Prezident Administrasiyasına müraciət etməyə məcbur qalırlar. Səbəb isə bəllidir: yerlərdə məmur təbəqəsi özünü əhalidən təcrid edir və “şahlıq” dövrünü yaşamaq arzusunda olur.

Görünən odur ki, “balaca padşah”ların dövranı artıq başa çatır. Ölkə başçısının xəbərdarlığı kifayət qədər açıq və ünvanlıdır. Kütləvi kadr dəyişikliklərinin baş verəcəyi istisna deyil. Müharibədən qələbə ilə çıxan ölkədə işini qanunla və vicdanla görəcək məmurlara ehtiyac var. Ehtimal olunur ki, kadr dəyişikliklərini qısa zamanda, bu ilin fevralında görə bilərik. Rüşvətxor məmurlar, büdcəni talan edənlər, əhalini narazı salanlar, yerlərdəki problemləri görməzdən gələnlər idarəçilikdən uzaqlaşdırılacaq, onları gənc, bacarıqlı, yeni tələblərlə ayaqlaşa bilən, bunu arzulayan və iş sisteminə tətbiq edən məmurlar əvəzləyəcək.

Şərhlər

XƏBƏR LENTİ