SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AKADEMİK OLUB, ŞƏXSİYYƏT OLA BİLMƏYƏNLƏR – Həbs, hətta ölüm daha yaxşı deyildimi?!...

AKADEMİK OLUB, ŞƏXSİYYƏT OLA BİLMƏYƏNLƏR – Həbs, hətta ölüm daha yaxşı deyildimi?!...

Tarix:

25-08-2020, 10:43

/ 1 109 dəfə oxundu.
AKADEMİK OLUB, ŞƏXSİYYƏT OLA BİLMƏYƏNLƏR – Həbs, hətta ölüm daha yaxşı deyildimi?!...

Ramiz Mehdiyevin ətrafında yaranan toy qalmaqalının ailə-məişət və karantin müstəvisindən çıxıb, ictimai-siyasi hadisəyə çevrilməsi nəticəsində çox maskalar yırtıldı, çox mətləblər üzə çıxdı.

Məşhur “Mehman” filmində prokurorun evinə yığışan müftəxorları, yaltaqları, oğruları dağıdıb, aş qazanını da qoltuqlarına verməsini xatırladan məclisdə iştirak edənlərin cəzalandırılmasına dair mətbuatda müxtəlif fotolar və videogörüntülər yayılıb. Həmin görüntülərdən biri də akademik titulu daşıyan Abel Məhərrəmovun və Əli Abasovun polis şöbəsində cərimələnmələrindən sonra çəkilən fotolardır.

Bu fotolar sadəcə karantin qaydalarını pozan sıradan vətəndaşın boynunu bükərək çəkdirdiyi şəkil yox, həm də Azərbaycan elminin, elitasının iç acıdan görüntüsüdür. Fotodakıların savad, elmi bilikər sarıdan akademik adına nə dərəcədə layiq olduqlarını bir tərəfə qoyaq. Görəsən, bu adamların mənəvi keyfiyyətləri, eləcə də öz mənliklərinə, adlarına, ləyaqətlərinə münasibətləri akademik adına uyğundurmu?

Çox zaman at, yaxud toyuq oğrularının, dana əti adıyla at əti satanların divara qısılaraq, kor-peşiman, boynunu büküb dayandıqlarının və şəklinin çəkilib paylaşılmasına razılıq verdiklərinin şahidi olmuşuq. Adətən, özünə az-çox hörmət edən hansısa cibgir belə, şəklinin çəkilib bu cür təqdim olunmasına müqavimət göstərir, buna imkan vermir, həbsə gedir, amma aşağılanmaq istəmir! Ancaq bizim akademiklərimizə baxın – sanki canlarını 400 manat cərimə ilə qurtardıqlarına sevinirmiş kimi, daha ağır cəza almamaq üçün istənilən rəzil duruma, mənzərəyə imza atmağa razıdırlar. İnanın ki, nəinki polis rəisinə, heç onları çəkənlərə də müqavimət göstərməyə, “ayıbdır, etməyin, akademik adı daşıyırıq, tələbələrimiz, aspirantlarımız, elm ictimaiyyəti bizi bu durumda görməsin” deməyə cəsarətləri çatmayıb. Çünki özləri də bilirlər ki, bundan da qat-qat rəzil, miskin duruma, kobud, aşağılayıcı münasibətə layiqdirlər. Ona görə ki, bunlar və digər bir çoxları akademik olsalar da, şəxsiyyət ola bilməyiblər – oğru xislətləri, tamahları buna imkan verməyib! Əgər olsaydılar, belə rəzil gündə şəkillərinin çəkilməsinə və paylaşılmasına razı olmazdılar. Həbsə gedərdilər, amma razı olmazdılar!

Məsələ ondadır ki, nə ictimaiyyət, nə ayrılıqda elm adamları bunların ağzına maska taxıb, divara dirəyib şəklini çəkənləri qınamır. Çünki bundan da betərinə layiq oduqlarını hamı yaxşı bilir. Biri ölkənin bir nömrəli universitetini uzun illər bazara çevirən, çapıb-talayan, rüşvəti çiçəkləndirən, o birisi də başqa bir universitetin anasını ağlar qoyub, sonradan da nazir postuna gedən, orada da rüşvətin at oynatması üçün əlindən gələni edəndir. Bir adam ki, məhkəmədə şəxsən özü ayda 300 min paket aldığını, bununla da rüşvətxorun, korrupsionerin, xalqın, dövlətin malını oğurlayanın biri olduğunu etiraf edə. Bunlardan nə akademik, nə elm adamı, nə ictimai xadim olar axı?

Ümumiyyətlə, Ramiz Mehdiyevi bu məclisi təşkil etdiyinə görə nə qədər qınasalar da, digər tərəfdən ona təşəkkür də düşür - bu “toplantı” hakimiyyət ətrafındakı “gizli bombaların” partlamasına kömək etdiyi üçün. Sanki Mehdiyev bu adamları çağırıb ifşa etdi və dedi ki, mən batıramsa, siz də batacaqsınız. Onlar isə bu tora düşməyə bilməzdilər. İlk olaraq ona görə ki, sonsuz sayda ortaq zibilləri olub və bir-birilərinin qarşısında “vəfa borcları” var. Ürəklərində dəvətə görə Ramiz Mehdiyevi söysələr də, bu dəvəti çevirməyə “duxları” çatmayıb. Digər tərəfdən görünür ki, ölkədə baş verənləri, siyasi və hakimiyyətdaxili prosesləri qiymətləndirə biləcək və bu qonaqlığın hansı nəticələr verəcəyini anlayacaq qədər dərrakələri olmayıb - akademikdirlər axı!...

Akademik adı daşıyan bu “şirin cütlüyün” indiki miskin durumuna baxanda, istər-istəməz AMEA-nın sabiq prezidenti, akademik Eldar Salayevin 2005-ci ildə, məlum hadisələr zamanı həbs olunması yada düşür. Akademik bir zamanlar haqq-salamı olan, dostluq etdiyi Milli Məclisin sabiq spikeri Rəsul Quliyevə görə elə bu Ramiz Mehdiyevin təşkilatçılığı ilə təzyiqlərə məruz qaldı, həbs edildi. Amma sınmadı. Kişi kimi dözdü və sona qədər mövqeyini dəyişmədi, Rəsul Quliyevin kimliyinə, bu dostluğa nə dərəcədə layiq olub-olmamasına baxmayaraq, etibar və dəyanət göstərdi. Çünki əslində R.Quliyevə, onunla dostluğuna, kəsdiyi çörəyə yox, özünə hörmət qoydu. Baxmayaraq ki, qoca və xəstə adam idi və bəlkə də durub indiki “yüzsifətlilər” kimi R.Quliyevin, yaxud başqa birinin ünvanına təhqirlər söyləyib, hakimiyyətə mədhiyyələr qoşsaydı, heç kim onu qınamazdı. Amma etmədi. Ona görə ki, şəxsiyyət idi, az qala gözləri tutulsa da, normal yeriyə bilməsə də, ləyaqəti kor, şəxsiyyəti topal deyildi...

Nə qədər acı olsa da, bu fotolar təkcə iki Azərbaycan akademikinin yox, ümumilikdə hazırkı Azərbaycan elminin əhəmiyyətli hissəsinin sifətini, simasını göstərir. Xüsusilə də o kəsiminin ki, onun başında başqa bir akademik - Ramiz Mehdiyev durur. Təəssüf ki, belələrinin uzun illərdir davam edən “zəhmətləri” sayəsində elmimiz ağzı bağlı qalıb, maskalanıb, mənəviyyatdan, ləyaqətdən məhrum edilib, onun dəyəri isə bu “akademiklər”in ağızlarındakı maskanın qiymətinə enib...
“AzPolitika.info”

Şərhlər

XƏBƏR LENTİ