SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

Tarix:

14-08-2020, 13:01

/ 1 541 dəfə oxundu.
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

Doğurdanmı nazir Ramin Quluzadənin Faiq Fərmanova və milli domen qeydiyyatında maraqlı olan digərlərinə gücü çatmayıb?"

Bir neçə gün əvvəl Telekommunikasiya haqqında Qanuna milli domenimizlə (.az domeni) bağlı dəyişiklik edilib. Bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz öz fikirlərini bölüşüb. Ekspert bu dəyişikliyi qəribə olduğunu bildirib:

"27 il mövcud olan bir faktın, .az domeninin milli inzibatçısının tərifi verilib. Yəni, qeyd edilib ki, milli inzibatçı milli domenlərin tənzimləməsini həyata keçirən səlahiyyətli şəxsdir. Görəsən hansı zərurətdən doğub bu dəyişiklik?

Bəs kimdir bu milli inzibatçı, hansı qurum və ya hüquqi şəxsdir?

Ən maraqlı məqam elə bundan ibarətdir ki, milli inzibatçının kim olması heç bir hüqüqi-normativ aktda, nə Telekommunikasiya haqqında qanunda, nə Nazirlər Kabinetinin “Milli domen adlarının qeydiyyatı və istifadəsi Qaydalarında”, nə də Nazirliyin sənədlərində yoxdur. Maraqlıdır ki, adı heç bir hüququi sənəddə qeyd olunmayan bir kimsə Azərbaycan İnterneti ilə bağlı məsələni, ölkənin milli təhlükəsizliklə bağlı məsələsini necə tənzimləyəcək?

PA-nın müvafiq şöbəsinə, NRYTN və DTX-ya sual vermək istərdim ki, heç bir hüquqi sənəddə qeyd olunmayan bir şəxslə siz hüquqi proseduraları gələcəkdə necə müəyyən edəcəksiniz?Bəs əslində, faktiki olaraq milli inzibatçı kimdir?

İnternet ictimaiyyətinə məlumdur ki, 27 ildir ki, milli inzibatçı səlahiyyətini İNTRANS şirkətinin və NRYTN-nin Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov həyta keçirir.

İNTRANS şirkəti özü haqqında

Bu sahədə uzun illərdir ki, inhisarçılıq və qeyri-şəffaf mühit, milli domenlərin qeydiyyatı ilə bağlı yüksək qiymətlər hökm sürür. Qeydiyyatla bağlı xarici və yerli qeydiyyat şirkətlərindən toplanan böyük vəsaitlər üzərində hər hansı dövlət və ictimai nəzarət yoxdur. İnternet ictimaiyyəti bu proseslərdə iştirak etmir.

Milli domenin yeni təklif olunan qeydiyyat modeli kimə məxsusdur, burada separat sövdələşmə olubmu?

Yeni təklif olunan modeldə, yəni adı heç bir yerdə olmayan birisinə külli-ixtiyar səlahiyyətlər, yerli və hətta xarici qeydiyyatçıları da müəyyən etmək, reyestri müəyyən etmək səlahiyyəti , toplanan vəsaitləri dövlət və ictimai nəzarətdən yayındırmaq səlahiyyətlərinin verilməsi onu deməyə əsas verir ki, bu prosesdə böyük, gizli sövdələşmə olub.

Açıq-aşkar görünür ki, dövlətin özü milli domenin tənzimlənməsi prosesindən kənarda qalıb.

Kimlərsə, 27 il ərzində qeyri-qanuni, beynəlxalq normalara uyğun olmayan bir proseduru qanunləşdirməklə öz şəxsi maraqlarına uyğun bir sistem formalaşdırmağa çalışıblar.

Reallıq ondan ibarətdir ki, Nazirlik və internet ictimaiyyəti yeni dəyişiklikdən sonra milli domenlərin qeydiyyatı və istifadəsi prosesində iştirak etməyəcəklər.

Yəni, sistem elə qurulub ki bu proses üzərində dövlət və ictimai nəzarət mümkünsüzdür.

Nazirik yalnız qeydiyyatla bağlı ödənişin məbləğinin müəyyən olunmasında iştirak edə biləcək.

Düşünürəm ki, maraqlı tərəflər nazir Ramin Quluzadənin bu sahədən xəbərsizliyindən istifadə edərək , milli domenlə bağlı səlahiyyətləri kollegial quruma deyil, heç olmasa Nazirliyə deyil, hansısa bir fiziki şəxsə veriblər.

Burada daha çox maddi maraqların üstünlük təşkil etməsi gözə görünsə də, istisna etmirəm ki, bu cür strateji əhəmiyyət kəsb edən sahədə digər maraqlar da olmamış deyil.

Milli domen məsələsi dayanıqlı milli internet infrastrukturu üçün çox əhəmiyyət kəsb edən məsələdir, burada ən diqqət yetiriləcək məqamlardan biri də milli təhlükəsizliklə bağlıdır. Diqqət yetirdikdə , statistikaya baxdıqda görmək olar ki, milli resursların böyük əksəriyyəti son zamanlar milli deyil, beynəlxalq domenlərə üstünlük verirlər.

Sual oluna bilər ki, əslində necə olmalıydı?

Beynəlxalq normalar tələb edir ki, milli domen qeydiyyatının tənzimlənməsi üçün dövlət və özəl sektorun (Provayderlər , İT şirkətlər və s.), həmçinin internet ictimaiyyətinin maraqlarına uyğun kollegial bir qurum formalaşdırılmalıydı. Hansı ki, bunu Nazirlik etməliydi.

.az domeninin Registrantlarını bu qurum akreditasiyadan keçirməliydi. Reyestrlər, datalar bu qurumun kontrolunda olmalıydı. Şəffaf və rəqabətli bir milli domen bazarı formalaşmalıydı. Toplanan vəsaitlərdən Azərbaycan İnternetinin inkişafı üşün istifadə olunmalıydı.

Ümid edirəm, hökumət, xüsusən də NRYTN və DTX bu məsələyə aydınlıq gətirəcək."

Şərhlər

XƏBƏR LENTİ