XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Azad Rəhimov, səsin niyə çıxmır?" - Bu işdə gənclərimizə dəstək verilməlidir

"Azad Rəhimov, səsin niyə çıxmır?" - Bu işdə gənclərimizə dəstək verilməlidir

"Azad Rəhimov, səsin niyə çıxmır?" - Bu işdə gənclərimizə dəstək verilməlidir
17-07-2020, 15:17

Biz bir-birimizi niyə döyürük axı?!..

…Məni dinləyin, cənab general…

Deyəcəklərim təkcə bir yazarın yox, bir ana və vətəndaşın mövqeyidir həm də…

***

Qarabağa dəstək aksiyası Bakıda oldusa, demək ki, bölgələrdə də gözləniləndir. Bunu proqnozlaşdırmaq üçün dahi olmaq gərək deyil. Peşəkar olmaq gərəkdir. Azərbaycanın güc orqanlarının, xüsusən polisin, bu məsələdə “axsadığını” düşünmürəm.

Polis bütün dönəmlərdə dövlətin “onurğa sutunu” sayılır. Hakimiyyətin əsas qollarından biridir. Yəni polis həm də dövlətdir.

Ən kiçik rütbədəki polis də anlamalı ki, onun vətəndaşa qaldırdığı əl və ya dəyənək, dövlətin əli, dəyənəyi sayılır.

Bu gün Qarabağ aksiyasından dolayı içdə də, dışda da o mənzərə yaranıb ki, dövlət Qarabağı istəmir. Tələsməyin, təbii, bu, belə deyil. Amma dövlət-polis, dünyadan Qarabağ tələb edən vətəndaşını döyür, qovur, sulayırsa, bu haradan baxsan, yaxşı görünmür və bayaq dediyim naxoş təəssüratı yaradır. Siz bu gün xarici siyasətində hücum diplomatiyasından yana olan dövlətin kursuna qarşı olan təəssüratı yaradırsınız. Halbuki bu da belə deyil. Amma durum dövlət olaraq əleyhimizə işləyir.

Bəs nə və necə olmalı? Bu işdə polisə kim dəstək verməli?

İcra hakimiyyəti orqanları, gənclər, mədəniyyət nazirlikləri, onların yerli şöbələri, bələdiyyələr nəyə lazımdır, əgər yaxalarını kənara çəkiblərsə? İctimai təbliğatda polisə deputat dəstək deyilsə, kimə lazımdır o? Alim, şair, yazıçı bu gün dövlətə əl uzatmır, xalqa arxa deyilsə, hansı üzlə sabah, dövlətdən təqaüd, xalqdan ad istəyəcək?

Əslində polis və xalq meydanda həm təkdir, həm də üz-üzə. Və əslində bu duruma ictimai mövqeyi efirlərdən, yaraşıqlı paltar geyib eləmək də düzgün sayılmır.

Bəli, bu gün küçələrə çıxmaq fədakarlıqdır. Küçələr bu gün ikinci savaş alanıdır. Çünki biz hələ COVID-19 mərəzindən qurtulmamışıq.

İnsanlara izah etmək lazımdır ki, dözməyib aksiyaya qatılanlar heç olmasa, maskalardan yararlansın.

Polisin özüylə də söhbətə ehtiyac var. Günlərdir yuxusuz, yorğun, gərgin rejimdədir hamısı. Polis və həkimlərin xidməti hərbiçilərin fədakarlığı danılmazdır.

Amma istənilən halda unutmayaq, bu ağır günlərdən bizi iki şey xilas edəcək, birinin adı sevgi, o birininki səbirdir.

Deyim biləsiniz, sevgili millət, dünyanın hər yerində polisə onun gözləmədiyi halda bir batmaqla, sadəcə söz demək üçün, toxunsanız, o iki reaksiyadan birini verəcək: özünümüdafiə və ya hücum. Onlar belə yetişdirilib. Bu, peşəkarlıq göstəricisidir. Biz orada ilişirik ki, bütün münasibətlərdə sərhədləri aşırıq və hər zaman da bağışlanmaq istəyirik.

Bəli, bizim şəhid, itkin fədakar polisimiz də var, amma bu gün onların özünə belə təbliğat lazımdır. Nə xalqı, nə polisi tək qoymaq olmaz.

İsrarla, təkidlə o mövqedəyəm ki, fikirlərimi daxili işlər nazirliyi və nazir Vilayət Eyvazova duyursunlar.

İnsanlara münasibətdə daha çox təbliğat yolu tutulmalıdır. Daha çox söhbət aparılmalıdır. Daha çox qucaqlamalıyıq vətəndaşımızı. Hətta qucaqlaşıb şəhidimizə, dərdlərimizə bir ağlamalıyıq. Bizim buna nə qədər ehtiyacımız olduğunu görmürsünüzmü?!.

Biz vətəndaşı qaragüruh, kütlə deyə əzməməliyik. Çünki o əzilən, kütlə yox, XALQdır. Partiyası olmayan, siyasi tələbi olmayan, bizdən geyim, yemək, ev, mülk istəmirlər. Torpaq istəyirlər, vətən deyirlər, şəhidlik arzusundadırlar. Onlar heç kimin trolu, adamı, deyil. Bəli, arada təxribatçılar var. Niyə? Ona görə ki, qarşısında ziyalısı, alimi, deputatı, hökumət üzvü getmir xalqın. Xalq Qarabağ üçün başsız mitinq elədi. “Qarabağ uğrunda başsız mitinq”. Mən vahimələndim düzü.

Bəlkə təşəbbüsü siz ələ alasınız, cənab general! Öndə əskər, Müdafiə Nazirliyi, arxada polis, Daxili Işlər Nazirliyi xalqın müdafiəsində. Hamı əl-ələ dövləti qoruyur. Nə gözəl, nə möhtəşəm, nə qürurlu mənzərə. Amma…

Amması bu ki, alınmır, edə bilmirik…Biz xalq qədər ola bilmirik. O, hamımızdan incik, küskün, amma yenə hamımızdan ötəri ölməyə hazırdır. Bu gür hərbi çağırış məntəqələrində onun minlərlə balası qeydiyyatdan keçir. Şəhid olmaq üçün, vətən üçün, Qarabağ üçün edirlər bunu. Demək ki, ideologiyada bu qədər axsımalara rəğmən, biz hələ xalqıq, bizi kütlə edə bilmədilər. Biz Qarabağı əstağfurullah, Allaha da güzəştə getməyəcək qədər sevirik, istəyirik, arzulayırıq!

Bir də unutmayaq, dünən gecə Ucarı, ondan əvvəl Qubanı, onacan Sumqayıtı və başkənd Bakını təkcə siz və mən görmürük. Bu gün Rusiya Qarabağa aid ən xırda çıxışın belə stenoqramını araşdırır. Avropa və Amerikanın gözü üzərimizdədir. Erməni dığalarının, axçilərinin dili üstümüzdə uzundur. Niyə? Biz anlaşa bilmirik. Biz dövlət və millət kimi bir-birimizə sevgimizi göstərə bilmirik. Məqsədimizin bir olduğunu boynumuza almaqdan qorxuruq elə bil. Axı biz bir- birimizi sevdiyimiz yerdə, niyə döyürük ki?!..

Jalə Mütəllimova,

KONKRET.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.