SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Söyüş söyüb, böhtan atmaq nə mənəviyyata, nə də kişiliyə yaraşan davranış deyil” – Tanınmış jurnalist Şeyxülislamın müdafiəsinə qalxdı

“Söyüş söyüb, böhtan atmaq nə mənəviyyata, nə də kişiliyə yaraşan davranış deyil” – Tanınmış jurnalist Şeyxülislamın müdafiəsinə qalxdı

Tarix:

30-05-2020, 12:59

/ 2 604 dəfə oxundu.
“Söyüş söyüb, böhtan atmaq nə mənəviyyata, nə də kişiliyə yaraşan davranış deyil” – Tanınmış jurnalist Şeyxülislamın müdafiəsinə qalxdı

Allahşükür Paşazadə həzrətləri SSRİ Ali Sovetinin deputat mandatından imtina edərək, Kremlin təcavüzkar, işğalçı siyasətinə qarşı öz sərt sözünü deyib.

“Söyüş söymək, həqarət etmək, şər-böhtan atmaq, ictimai rəyə yalan, iftira tirajlamaq ilk növbədə acizliyin və qorxaqlığın göstəricisidir. Belə şəxslərdə nə iman, nə də vicdan deyilən amillərin olmaması, belələrinin Allaha olan inamlarının qeyri-mövcudluğu kimsədə şübhə doğurmamalıdır”. Bu fikirləri tanınmış jurnalist, media eksperti Rövşən Rəsulov xarici ölkələrdə anti-Azərbaycan şəbəkələrinin sifarişləri arxasında fəaliyyət göstərən, sabitliyi pozmağa maraqlı olan müxtəlif söyüş qruplarının QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı törətdikləri çirkin kampaniyalarının məqsədlərini şərh edərkən deyib.

Xüsusilə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, dünya nüfuzlu din xadimi Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı aparılan kampaniyalar düşmən qüvvələrin ürəkbulandırıcı əməlləridir və belə əməllərin arxasında açıq-aşkar vicdansızlıq, mənəviyyatsızlıq, milli xəyanətkarlıq reallıqları dayanır. SİTAT: “Şeyximizin keçdiyi keşməkeşli, şərəfli həyat yoluna, Azərbaycanımızın müstəqilliyi uğrunda hətta ən ağır zamanlarda apardığı qorxmaz mübarizələrinə, daim xalqının yanında olmasına, xüsusilə də, insanlarımızın Allaha bağlılığının təmin olunması üçün göstərdiyi mücadilələrinə qarşı çirkin kampaniyalar düzənləyənlərə xalqın, millətin, dövlətin düşməni adını vermək daha doğru olardı.

Ümumiyyətlə, belə ünsürlər heç vaxt şərəf yolunu keçmək imkanına malik ola bilməyənlərdirlər və onlar öz uğursuzluqlarını bu cür ucuz cəhdləri sayəsində ört-basdır etməyə səy göstərirlər”.

“Ancaq bu gün Azərbaycan xalqı yaxşı bilir və dərk edir ki, hörmətli Şeyx həzrətləri SSRİ-nin xalqımızın azadlıq mücadiləsi zamanı göstərdiyi sərt üzünə qarşı mərdlik, kişilik nümunəsi ortaya qoyub, 1990-cı ilin 20 yanvar cinayətkarlarının ifşa olunmasında fövqəl xidmətlər göstərib, həyatı bahasına mücadilə aparıb, müstəqil dövlətçiliyimizin təmin olunması yolunda hər an canından keçməyə, şəhid olmağa hazır olub”, xatırladan jurnalist hesab edir ki, iftira atanlar, yalan sırımağa çalışanlar bilmirlər ki, Allahşükür Paşazadə həzrətləri SSRİ Ali Sovetinin deputat mandatından imtina edərək, Kremlin təcavüzkar, işğalçı siyasətinə qarşı öz sərt sözünü deyib: “Ən əsası isə, azadlıq, müstəqillik şəhidlərini öz çiyinlərində daşıyıb, onların müqəddəs məkanımızda – hər birimizin and yeri olan Şəhidlər Xiyabanında dəfn edilməsinə rəhbərlik edib.

Söz yox ki, hörmətli Şeyxülislama qarşı aparılan kampaniya xaricdən sifariş olunub və burada maraqlı qrupların olması faktı da ortadadır. Bir daha vurğulamaq olar ki, Allahşükür Paşazadə həzrətləri Azərbaycan dövlətinə, dövlətçilik ənənələrinə sadiq şəxsiyyətdir. O da əbəs deyil ki, QMİ sədri olaraq o 40 ildir bu vəzifəni ləyaqətlə icra edir.

Bu illər ərzində, yəni gənclik yaşlarından başlayaraq Şeyxülsilam Azərbaycanın nəinki dini, həmçinin siyasi tarixinin önəmli şəxsiyyətləri sırasında yer alır”.
“Ona görə də düşünürəm ki, Şeyxülislama qarşı olan çirkin hücumlar təsadüfi deyil”, bildirən Rövşən Rəsulov yuxarıda sadalananlarla yanaşı, onun nəhəng bir inanclı insanlar tərəfindən bu vəzifəyə seçilmiş şəxs olduğunu da qeyd edib: “Nəinki müsəlman, eləcə də digər dinlərin nümayəndələri tərəfindən böyük ehtiramla, hörmətlə qarşılanan Şeyx həzrətləri dünyada tolerantlığı təbliğ edən nüfuzlu din xadimi kimi də tanınmaqdadır.

Onu nüfuzu, beynəlxalq aləmdə Azərbaycanımızın adını daim yüksəkdə tutması, ən yüksək tribunalarda, konfrans və sammitlərdə dövlətimizin mövqeyini təbliğ etməsi sözügedən qaragüruhçu qüvvələri kəskin şəkildə narahat edir, təlaşlandırır”.

Jurnalist qeyd edib ki, Şeyx Hacı Allahşükür Paşazadə adı və nüfuzu sadə insanlardan tutmuş bütün təbəqələrdə böyük hörməti olan simvol kimi qəbul olunmaqdadır: “Ancaq göründüyü kimi, xain, satqın, ləyaqət faktorundan uzaq və böhtançı söyüş qrupları aldıqları sifarişlərə, kirli pul-paralara boyun əyərək çalışırlar ki, hər an Azərbaycanda mövcud olan dini sabitlik, tolerantlıq, multikultural dəyərlər pozulsun. Bu qruplar yaxşı bilirlər ki, qeyd olunan dəyərlərin qorunub-inkişaf etdirilməsində hörmətli Şeyximizin böyük zəhmətləri vardır.

Amma onlar nə əvvəllər, nə də sonrakı dövrlərdə bu istəklərinə nail ola bilməyiblər, bilməyəcəklər də. Çünki bütövlükdə xalqın, xüsusilə inanclıların ağsaqqalı, böyüyü olan şəxsiyyətə olan ehtiramı tükənməzdir. Eyni zamanda, müxtəlif din və məzhəblər arasında ortaq məxrəc, harmoniya yaratmağa nail olmuş Şeyx həzrətlərinin dayanıqlı təməl formalaşdırması da qaragüruhçu qrupların əməllərini kökündən məhv edir”.

Fikrinin sonunda “Söyüş söymək, şər-böhtan atmaq nə mənəviyyata, nə ləyaqətə, nə də kişiliyə yaraşan davranış deyil”, bildirən media eksperti əlavə edib ki, həmin ünsürlər şər qüvvə olaraq, bilavasitə şeytana xidmət edirlər və ilk növbədə Allah qarşısında günah qazanırlar, bu baxımdan, əvvəl-axır istər hüquqi, istərsə də mənəvi cəzalarını mütləq alacaqlar və buna kimsənin şübhəsi olmamalıdır.

//Analoq.az//

Şərhlər

XƏBƏR LENTİ