XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İcra başçılarının koronavirus sınağı: kim üzüağ çıxdı? – Siyahı

İcra başçılarının koronavirus sınağı: kim üzüağ çıxdı? – Siyahı

İcra başçılarının koronavirus sınağı: kim üzüağ çıxdı? – Siyahı
15-04-2020, 11:59

İstərsə müxtəlif büdcə təşkilatları, istərsə yerli idarəetmə orqanları, istərsə də iş adamları koronavirus günlərində sınaqdan çıxdılar.
Bütün bu proseslərə kafi qiymət vermək olar və Azərbaycan toplumu nə qədər tənqid edilsə də, dar gündə həmrəy olduğunu bir daha nümayiş etdirdi.
Kimisi cibindən bazarlıq edib kasıb ailəyə çatdırdı, kimisi qonşusuna pay apardı, kimisi sahibkarları təşviq etdi.
Amma eyni sözləri bütün dövlət strukturları, icra orqanları haqda söyləmək çətindir.
Reportyor.info-nun xəbərinə görə, müşahidələr hansı rayon icra hakimiyyətlərinin bu sınaqdan necə çıxdığını ortalığa qoydu.
Məlum oldu ki, heç də bütün icra başçıları prezidentin çağırışlarına qoşulmadılar, heç də hamısı aztəminatlı, işsiz ailələrə yardım göstərmədilər.
Dövlət büdcəsini dədə malı kimi gecə-gündüz talayan bəzi məmurlar xalqa çətin gündə bir səbət ərzağı da çox gördülər.
Monitorinqlər və müşahidələr belə deməyə əsas yaradır ki, prezidentin çağırışlarına qoşulan, ehtiyacı olan ailələrin üzləşdiyi vəziyyəti nəzərə alan İH-ləri barmaqla sayılacaq qədərdir.
Digərləri isə ya imitasiya ilə məşğul olublar, bir ailəyə 8-10 manatlıq sovqat yollayıblar, ya da heç yollamayıblar.
Bu baxımdan ilk növbədə Abşeron rayon icra hakimiyyətini qeyd etmək lazımdır.
Rayonun icra başçısı İradə Gülməmmədova təkcə Abşeronun rəhbəri, bir məmur kimi deyil, bir qadın və ana olaraq kimsəsizlərə, ahıl insanlara, işsiz, yoxsul ailələrə yardım payları təqdim edib.
Abşeron RİH əməkdaşları tərəfindən yüzlərlə ailəyə yardımlar çatdırılıb. Xanım icra başçısı I vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına, prezidentin atdığı addımlara uyğun olaraq, bu humanist siyasəti davam etdirənlərdən biri oldu.
Araşdırmalar göstərir ki, Nərimanov Rayon İcra Hakimiyyəti də müsbət mənada fərqlənə bilib. Nərimanov RİH rəhbərliyinin təşəbbüsü ilə yüzlərlə kasıb ailəyə ərzaq payları çatdırılıb.
Sözsüz ki, bunu onlardan xahiş edən olmayıb. Sadəcə, rayon rəhbərliyi bu addımı atıb.
İcra başçısı Abdin Fərzəliyevin tapşırığı və I müavin Şahmar İbadovun icraçılığı ilə baş tutan yardım kampaniyası yüzlərlə ailəni sevindirib, dövlətə və xalqa bir dəstək olub.
Həmçinin, paytaxtın Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bu cür qayğı göstərilib. Nizami İH başçısı Arif Qasımov rayonda ahıl sakinlərə, günəmuzd işləyən insanlara, kasıblara yardımlar göndərib.
Bu, təkcə icra başçısının deyil, dövlətin, onun rəhbərinin vətəndaşına, xalqına arxa-dayaq olmasıdır.
Vətəndaşlar gördülər ki, ən çətin və ağır gündə heç də hakimiyyət nümayəndələri onları tək buraxmır.
Əldə etdiyimiz məlumatlara görə, Bakının Yasamal Rayon İcra Hakimiyyəti də bu nəcib kampaniyaya qoşulub, icra başçısı Elşad Həsənov insanlara köməyini əsirgəməyib.
Reportyor.info xəbər verir ki, ancaq siyahı üzücü də olsa, uzun deyil. Heç də bütün İH başçıları bu sınaqdan üzüağ çıxmadılar.
Çox uzağa getməyək, koronavirus təhlükəsinin ölkəmizə ən tez yayıldığı İranla sərhəd bölgələrdir.
Hazırda Astara və Biləsuvar xüsusi karantin zonalardır, insanlar real təhlükə qarşısındadırlar. Amma hər iki rayonun icra başçısı “tükünü tərpətmir”.
Nə rəsmi xəbərlərdə, nə mediada Astaranın icra başçısı Qəzənfər Ağayevin və Biləsuvarın İH rəhbəri Mahir Quliyevin kasıb ailələrə yardım paylamasına şahid olmuşuq.
Hətta bu müddət ərzində hər iki sərhəd bölgəsinin icra başçıları bir nəfərin qapısını döyməyiblər, bir konfrans keçirməyiblər, insanlara dəstək nümayiş etdirməyiblər. Budurmu prezidentlə həmrəy olmaq?
Rəsmi məlumatda epidemiyanın ən çox yayıldığı region Lənkərandır – 18 nəfər…
Bu rayonun icra başçısı Taleh Qaraşovu isə bir dəfə küçədə karantinə əməl etməyən insanlarla profilaktik söhbət edəndə görüblər.
T.Qaraşov da prezidentin çağırışına qoşularaq aztəminatlı ailələrə yardım paylamayıb, karantində saxlanan insanlarla maraqlanmayıb.
Həmçinin, karantin zonalarından biri Cəlilabaddır. Rayonun icra başçısı Namiq Zeynalov deyəsən hələ “qış yuxusu”ndan ayılmayıb.
Araşdırmalar göstərir ki, Bakının da bir çox icra başçıları pandemiyadan əziyyət çəkən insanlara, yerli sakinlərə qarşı laqeyd davranıblar.
Məsələn, Binəqədi icra başçısı Elxan Allahverdiyev, Suraxanı rayon rəhbəri Əziz Əzizov, Səbayel və Sabunçu, o cümlədən Xətai rayon rəhbərləri əllərini qulağının dibinə qoyaraq mürgüləyiblər. Artıq bu göstəricilər rəy formalaşdırır ki, prezident yerli idarəetmə ilə bağlı islahatları gücləndirsin.
Reportyor.info-nun verdiyi məlumata görə, Qazaxın icra başçısı Rəcəb Babaşovun biganəliyi, Saatlının başçısı Nazim İsmayılov, Sabirabadın şefi Siraqqədin Cabbarov kimi məmurların etinasızlığı göz qabağındadır. Ümumiyyətlə, bir çox İH başçıları bu prosesdə özlərini doğrulda bilmədilər.
Söhbət təkcə aztəminatlı ailələrə yardım etməkdən getmir. Prezident, Baş nazir kimi pandemiyaya qarşı mübarizədə fəal olmaq lazım idi, hər addımda dəstək vermək, bölgələrdə müxtəlif sosial kampaniyalar, müxtəlif layihələr təşkil etmək, dövlətin yükünü yüngülləşdirmək olardı.
Necə ki, Türkiyədə, Avropa ölkələrində əyalət rəhbərləri əhalinin karantin günlərində qarşılaşdığı vəziyyəti kompensasiya etmək üçün maraqlı sosial projelərlə çıxış edirlər.
Ancaq Azərbaycanda Hacıqabul, Kürdəmir, Gəncə, Şəmkir və digər şəhərlərin rəhbərləri “ağzına su alıb” oturdular.
Odur ki, yerlərdəki “padşah”ların fəaliyyətinə yenidən nəzər salmağa zərurət var və kadr dəyişikliklərinin davamı qaçılmazdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.