XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Eldar Əzizovdan Abit Əliyevə daha bir 40 milyon

Eldar Əzizovdan Abit Əliyevə daha bir 40 milyon

Eldar Əzizovdan Abit Əliyevə daha bir 40 milyon
31-03-2020, 14:36

Bu gün, gecə saatlarında yayılan məlumatlara görə Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 8.52% azalaraq 19,98 ABŞ dollarına qədər ucuzlaşıb.Londonun ICE birjasında isə “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 4,65% azalaraq 26,6 ABŞ dollarına qədər ucuzlaşıb.Dünya birjalarında neftin qiymətinin gözlənilmədən bu qədər kəskin şəkildə aşagı düşməsi yaxın aylar üçün heç də xoş proqnozlar vəd etmir. Koronavirus pandemiyasının son bir neçə ayda yaratdığı ticarət böhranını da bunların üstünə gəldikdə gələcək aylarda nələrin baş verə biləcəyini təsəvvür belə etmək çox çətin məsələdir.

Etiraf etsək lap yerinə düşərdi ki, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq dövlətimizin başçısı İlham Əliyevin birbaşa göstərişlərindən sonra Azərbaycanda vaxtında və təxirəsalınmaz qabaqlayıcı tədbirlər planı həyata keçirildi. Mart ayının 2-də qabaqlayıcı planların birinci mərhələsi olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün orta məktəb və ali təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.Ölkə ərazisində karantin rejimi elan olunduqdan sonra əhalinin sağlamlığına xidmət edən ən zəruri sahələrdən başqa,istirahət günlərinin də vaxta uzadıldı. Yaranmış bütün bu kimi çətin duruma baxmayaraq, ölkə başçısı əsasən sahibkarlar qarşısında öhdəliklər qoydu. Bütün dövlət qurumları isə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmək üçün səfərbər olunublar.

Ölkənin paytaxtında yarana biləcək problemlərin vaxtında qarşısının alınması üçün bir çox dövlət qurumları ilə yanaşı Bakı şəhər İcra Hakimiyyəti də gücləndirilmiş iş rejimində çalışır, şəhər təsərrüfatına tabe qurumlar tərəfindən pandemiyanın geniş yaylmasının qarşısını almaq məqsədi ilə ən lazımlı və vacıb addımlar atılır.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə koronavirusla mübarizə aparmaqla yanaşı, paytaxtın küçə və məhəllələrini təmir,yollarını isə asfaltlamaq üçün ötən ilin fevral ayında yaratdığı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinə vəsaitlər ayırır.

Aktualinfo.org olaraq bu yöndə apardığımız araşdırmaların nəticələri ilə bir neçə gün öncə oxucuları tanış etmişdik. İndi isə İcra başçısı Eldar Əzizovun uzun illərdir ayrıla bılmədiyi kadrı Abit Əliyevin rəhbəri olduğu “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin elan etdiyi son tenderlərin nəticələrinə diqqət yetirək.

“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19.03.2020-ci ildə keçirilmiş məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalması üzrə 2592341.98 manat dəyərində tenderin qalibi “Star Construction-12” QSC elan olunub.

“Star Construction-12” Qapalı Səhmdar Cəmiyyəti elə həmin gün Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 16983435.6 manat dəyərində başqa bir tenderin də qalibi elan olunub.

Elə həmin gün “Bakı şəhər Əsaslı Tikinti və Təmir ” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalması üzrə 19985998.07 manat dəyərində müqaviləni “İnpeks N ” MMC ilə bağlayıb.Qeyd edək ki, Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən yaradılaraq Abit Əliyevə həvalə olunmuş sözügedən qurum ötən il də “İnpeks N” MMC ilə üst-üstə 22 milyon manat civarında müqvilə bağlamışdı.Bu məqamda “İnpeks N” MMC tərəfindən göstərilən məbləğə harada və nə kimi işlər görüldüyünü soruşsaq, Allah bilir haranı gösərərlər.MMC-nin qalibi olduğu yeni dövlət satınalmasına gəlincə.

Bağlanmış müqavilələrdən də göründüyü kimi Eldar Əzizova tabeli qurum bir gün içərisində paytaxtda yuxarıda göstərdiyimiz işlərin görülməsi üçün 40 milyon manat civarında dövlət sifarişi verib.Bu dövlət sifarişlərinin nə vaxt və harada həyata keçirliməsi barədə konkret məlumatların olmaması istər,istəməz şübhələri artırmış olur.İkinci bir şübhəni isə “İnpeks N”MMC yaradır. Dövrü mətbuatda bu MMC ətrafında yayılan söz-söhbətlər bu gün də səngimək bilmir. Nizamnamə kapitalı 10 manat olan və ünvanı belə bəlli olmayan bir MMC ilə birdən birə 20 milyon manat civarında müqavilə bağlanarkən Bakı şəhər İcra Hakimiyyətinin tender komissiyası hara baxıb.Heç bir maddi-texniki bazası olmayan bu MMC-nin ümumiyyətlə işçiləri varmı? Gah maşın mexanizmlərinin satınalması üzrə,gah dəftərxana ləvazimatlarının,gah mebel avadanlıqlarının satınalması üzrə keçirilən tenderlərin qalibi olan bu MMC ümumiyyətlə hansı sahə üzrə ixtisaslaşıb? Tender komissiyası görəsən bunları nəzərə alıbmı? Son bir ildə bu MMC-nin hesabına müxtəlif dövlət sifarişlərini həyata keçirmək üçün yüz milyonlarla manat dövlət vəsaiti kıçürülüb?Gördüyü işlərin müqabilndə əldə etdiyi gəlirlər nə qədər olub? Bu MMC qazancından dövlətə nə qədər vergi verib? Ümumiyyətlə,bu MMC tərəfindən heç bir müqavilə bağlamadan günəmuzd işlətdiyi işçilərin Sosial Müdafiə Fonduna ödəniləcək nə qədər pulu mənimsənilib?

Eldar Əzizov tərəfindən yeni yaradılan qurumun əsas fəaliyyəti güya, dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaqdı. “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planları beləmi hazırlayır, görüləcək işləri beləmi koordinasiya edir, ayrılan vəsaitlərin səmərəli istifadəsinin təmin olunmasına bu cürmü nəzarət edir?

Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.