XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Eldar Əzizov Abit Əliyevlə yollarını nədən ayırmır?

Eldar Əzizov Abit Əliyevlə yollarını nədən ayırmır?

Eldar Əzizov Abit Əliyevlə yollarını nədən ayırmır?
26-03-2020, 12:10

Ötən ilin fevralında Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılanda qurumdan mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi. İcra Hakimiyyətindən onu da əlavə etmişdilər ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.

Yarandığı gündən sözügedən qurumun fəaliyyəti nədən ibarət olub? MMC tərəfindən paytaxtda həyata keçirilən əsaslı tikinti və təmir məsələləri sahəsində nə kimi strateji planlar hazırlanıb? Bu kimi işlərə ayrılmış dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin olunmasına MMC necə nəzarət edib? Diqqət yetirdikdə nələri görmüş oluruq?

Aktualinfo.org-un apardığı araşdırmalara görə ötən ilin fevral ayında yaradılmış “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi təsdiq olunduqduqdan cəmi üç ay sonra, yəni may ayında Bakı şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satıınalınması üçün açıq tenderlər elan edib. Sosial- mədəni və məişət təyinatlı obyektlərin əsaslı tikintisi və təmirinin satınlınması üzrə 2999478.6 manat, məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması üzrə 2575040.6 manat, şəhər ərzazisində, səkilərdə, həyətlərdə,park və bağlarda təmir,yenidənqurma və abadlıq işlərinin satınalıınması üzrə isə 16999743.9 manatlıq dövlət sifarişlərinin müqaviləsini 14.05 2019 cu ildə hamıya məlum, lakin hamıdan da gizli “İnpeks N”MMC ilə bağlayıb. Qeyd edək ki, ötən il adıçəkilən bu MMC-nin qalibi olduğu tenderlərlə bağlı dövrü mətbuatda kifayət qədər geniş açıqlamalar verilib. Heç bir maddi texniki bazası olmayan, 10 manat nizamnamə kapitalı olan bu MMC vasitəsilə tender yolu ilə ayrılmış dövlət vəsaitlərinin nağdlaşdırıldığı da bu gün heç kimə sirr deyil. Bəs “İnpeks N”MMC ümumi dəyəri 22 milyon manatdan çox olan bu dövlət sifarişlərini harada və necə həyata keçirib?Çox xahiş edərdik,Eldar Əzizov bu suala cavab versin.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 15.08.2019-cu ildə Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması üzrə “ARCH STYLE” MMC ilə 212400 manatlıq müqavilə bağlayıb.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 23.08.2019-cu ildə isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 288 nömrəli tam orta məktəbin idman meydançasının yenidən qurulması və əlavə 20 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün 43900, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 288 nömrəli tam orta məktəbin əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması üçün isə BAKIMƏNZİLKOMMUNLAYİHƏ LAYİHƏ İNSTİTUTU ilə 33700 manatlıq müqavilə bağlayıb.

Elə həmin tarixdə sözügedən qurum tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsi 71 saylı məktəb üçün əlavə 30 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün “TFM-SMART PROJECT” MMC ilə 64100 AZN,Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 113 saylı tam orta məktəb üçün əlavə 18 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün”KAPİTEL” MMC ilə 49600 AZN,Sabunçu rayonu, Maştağa qəsəbəsi 187 saylı tam orta məktəb üçün əlavə 55 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün “TFM-SMART PROJECT” MMC ilə 64700 AZN, Sabunçu rayonu, Zabrat qəsəbəsi 192 saylı məktəb üçün 60 əlavə sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün “TFM-SMART PROJECT” MMC ilə 74800 AZN, Sabunçu rayonu, Ramana qəsəbəsi 198 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün “AM.M LİNE” MMC ilə 49200 AZN, Sabunçu rayonu, Zabrat qəsəbəsi 307 saylı məktəb üçün əlavə 15 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün “AM.M LİNE”MMC ilə 49200 AZN,Suraxanı rayonu, Əmircan qəsəbəsi 87 saylı orta məktəb üçün 30 əlavə sinif otağının, yeni akt və idman zalının tikintisi layihə-smeta sənədlərinin hazırlanması üçün TFM-SMART PROJECT” MMC ilə 64600 manatlıq müqavilələr imzalanıb.

Bəs bu işlərin tikintisinin aparılmasına nə qədər xərc çəkilib? Bağlanmış müqavilələrdən də görsəndiyi kimi bunlar layihə-smeta sənədlərinin hazırlanması üçün ayrılmış vəsaitlərdir. Bu müqavilələri Bakı şəhər İcra Hakimiyyəti birbaşa bağlaya bilməzdimi? Bunun üçün əlavə bir MMC-nin yaradılmasına ehtiyac vardımı? Yaxud da işlərin aparildığı rayonların İcra Hakimiyyətləri və yaxud da Mənzil Kommunal Təsərrüfatı Birlikləri sifariş verə bilməzdimi? Əlbəttə, edə bilərdi. Hansı ki,rayon Mənzil Kommunal Təsərrüfatı Birlikləri yoların çəkilişi,məhəllərin abadlaaşdırılması işlərini indi də görürlər.

Ayrılmış büdcə pullarından və bağlanmış müqavilələrdən də göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti heç də dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün yaratmayıb. Bu MMC tərəfindən layihə smeta sənədlərinin hazırlanmasına ayrılan pullarda özünü açıq-aşkar biruzə verir. Məsələn Ramana qəsəbəsindəki 198 saylı orta məktəb üçün 15 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması həqiqətənmi 49200 manata başa gəlib? Əgər 15 sinif otağının layihə-smeta sənədlərinin hazırlanması üçün hardasa 50 min manat ayrılırsa, burada dövlət vəsaitlərinin səmərəli istifadə olunmasına hansı nəzarətdən söhbət gedə bilər? Bəs Eldar Əzizov bir başçı olaraq sözügedən MMC-ni hansı zərurətdən yaratdı? Onun bu MMC-ni Bakı şəhər İcra Hkimiyyətinin başçısı yanında yaratmaqda məqsədi nə olub? Qeyd edək ki MMC Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 18.02 2019-cu ildə dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu , İstiqlaliyyət, ev 18 olan MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə bilirsininzmi kimdir? Əliyev Abit Sadiq oğlu.

Səbaildə Eldar Əzizovu o əvəz edir

Bu o Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı.Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Abit Əliyev isə Gəncədə olduğu kimi, Sumqayıtda da daşıdığı rəsmi vəzifədən əlavə, Eldar Əzizovun sağ əli rolunu kifayət qədər ustalıqla oynayıb. Sumqayıtda da şəhərin təmizlik işləri qalmışdı bir yana. Abit Əliyev Sumqayıtda da birbaşa tikinti işlərinə nəzarət edirdi. Eldar Əzizovun Sumqayıt dönəmində şəhərdə yağışdan sonra göbələk kimi çoxalan bütün yeni hündürmərtəbəli bina tikənlər məhz Abit Əliyevin vasitəsi ilə şəhər merindən razılıq əldə ediblər. Bütün bunlar inkaredilməz fakrtlardır ki, Eldar Əzizovun icra başçısı olduğu bütün yerlərdə gördüyü işlər sonradan gələnlər tərəfindən yenidən qurulmağa başlanıb. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu. Dövlət tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə təmir-tikinti üçün ayrılmış vəsaitlər artıq Abit Əliyevin əli ilə paylanacaq.11.03 2020ci ildə isə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhərində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması üzrə “STAR CONSTRUKTİON-12” QSC ilə 2592341.98 manatlıq müqavilə bağlayıb.Hələ neçə-neçə belə milyon manatlıq müqavilər bağlayacaq,onu Eldar Əzizov daha yaxşı bılər.

Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Samux rayon Qaz İstismar İdarəsinin keçmiş müdiri Abit Əliyev arasında yaranmış dostluq münasibətləri artıq on beş ildən çoxdur ki, davam edir.Bu illər ərzində Eldar Əzizov ayrı-ayrı rayonlara başçılıq etməsinə baxmayaraq,Abit Əliyev daim onun yanında iş alıb. Əlbəttə bu onun heç də işgüzarlığı ilə bağlı olan məsələ deyil.Qeyd edək ki,Abit Əliyev heç də ixtisaslaşmış,peşəkar bir kadr deyil. Qaz istismar sahəsindən mənzil kommunal sahəsinə,oradan da tikinti sektoruna keçirilmiş bir şəxsə Bakı şəhərində təmir-tikinti işlərini həvalə etmək və, ona da tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət donu geyindirmək,sadəcə gülüncdür.Bu hər kəsə bəllidir ki,Eldar Əzizov sözügedən MMC-ni Bakı şəhərində istismara yararsız vəziyyətdə olan, şəhərin ümumi görkəminə xələl gətirən tikililərin sökülərək yerində müasir binaların tikilməsi üçün pilot layihələri həyata keçirməyə yaradıb. O da hamıya bəllidir ki,burada külli miqdarda pullar oynayır.

Abit Əliyev isə köhnə ampulasında qalaraq Eldar Əzizovun qeyri-leqal işlərinin başında durmaqla fəaliyyətini davam etdirməkdədir.Onun adına yaradılmış “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC isə heç bir iş görmür, sadəcə Bakı şəhər İcra Hakimiyyətindən pulu alıb,başqasına sıfariş edir.Bu da qurumun heç də dövlət vəsaitlərinin səmərəli istifadəsinə nəzarət üçün yaradılmadığından xəbər verir.Əksinə,qurumun yaradılması vəsaitlərin israf,talan olunması üçün Eldar Əzizov tərəfindən düşünülmüş addımdan başqa bir şey deyil.

Aktualinfo.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.