XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Əli İnsanov, Fərhad Əliyev və icra başçıları... - Xidməti otaqlarında həbs edilən məmurlarla bağlı maraqlı məlumatlar

Əli İnsanov, Fərhad Əliyev və icra başçıları... - Xidməti otaqlarında həbs edilən məmurlarla bağlı maraqlı məlumatlar

Əli İnsanov, Fərhad Əliyev və icra başçıları... - Xidməti otaqlarında həbs edilən məmurlarla bağlı maraqlı məlumatlar
26-02-2020, 17:30

Xəbər verdiyimiz kimi, fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xidməti otağında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

Səbail rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, İsmayıl Vəliyev vəzifəsindən azad olunana qədər 9 il Neftçalanın icra başçısı olub. 2005-2011-ci illərdə isə Qobustan Rayon İcra Hakimiyyətinə başçılıq edib.
Azərbaycanda kabinetində həbs olunan MƏMURLARQeyd edək ki, Azərbaycanda bundan öncə də vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti və ya ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən elə kabinetindəcə həbs olunmuş yüksək vəzifəli məmurlar olub.

Ötən il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

N.Quliyev müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

N.Quliyev və R.Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Səbail rayon Məhkəməsinin qərarı ilə Nizaməddin Quliyev və Ramiz Tatarov barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib.

N.Quliyev Ağstafadan əvvəl Goranboy Rayon İcra Hakimiyyətinin başçısı (2009-2019) vəzifəsində çalışıb.

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən öz xidməti kabinetində həbs edilib. Keçmiş nazir Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilsə də, sonralar ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.

2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılmış hökmə əsasən Fərhad Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi.

O, 2013-cü il oktyabrın 14-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

2005-ci ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən kabinetində həbs olunan digər vəzifəli şəxs isə səhiyyə naziri Əli İnsanov olub.

Hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən keçmiş səhiyyə nazirinin bir çox titulları, o cümlədən akademik fəxri adı geri alınıb.

Əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən sabiq nazir, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib. 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Əli İnsanov 17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Modern.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.