XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Təhsil Nazirliyindən GECİKMİŞ REVERANS: - BDU-nun rektoru YÖK sədrini Bakıda necə aşağıladı?

Təhsil Nazirliyindən GECİKMİŞ REVERANS: - BDU-nun rektoru YÖK sədrini Bakıda necə aşağıladı?

Təhsil Nazirliyindən GECİKMİŞ REVERANS: - BDU-nun rektoru YÖK sədrini Bakıda necə aşağıladı?
25-02-2020, 14:21

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley mərasimində iştirak üçün Azərbaycana gələn Türkiyəli alimlərə qeyri-adekvat münasibət göstərilib.

Yenicag.az xəbər verir ki, BDU-nun yubiley mərasiminə qatılan Türkiyə nümayəndə heyətinin tərkibində olan Yüksək Öğretim Kurulunun (YÖK – Türkiyə Ali Təhsil Şurası) sədri, professor Yekta Saraç üzləşdiyi sayğısızlığa görə tədbiri yarımçıq tərk edib.

Haşiyə olaraq, qeyd edək ki, YÖK Türkiyədə təhsil və elm sahəsində geniş səlahiyyətlərə malik nəzarətedici dövlət qurumudur. YÖK Türkiyədə elm və təhsil sahəsinə nəzarəti funksiyasını həyata keçirməklə yanaşı, həm də rektor vəzifəsinə təyinatlar üçün prezidentə təqdimat verir.

Məlumata görə, yubiley mərasimindən əvvəl Yekta Saraçı qəbul edən BDU-nun rektoru Elçin Babayev onunla hörmətsiz davranıb. Bundan başqa, Azərbaycan prezienti İlham Əliyevin yubiley mərasimində olduğu zaman çıxış etməyi arzulayan YÖK sədrinin o xahişi də yerə salınıb.

Bu azmış kimi, Yekta Saraç o qədər əhəmiyyətsiz qonaq hesab edilib ki, ona rəsmi şəxslərlə eyni vaxtda deyil, çıxış sırası tələbələrə çatanda söz verilib.

Təkcə Elçin Babayev yox, Azərbaycanın digər universitetlərinin rektorları da Yekta Saraçla “10-cu dərəcəli qonaq” kimi davranıblar. Təsəvvür edin, Türkiyədən gələn universitet rəhbərlərinə yüksək diqqət göstərən bizim rektorlar Türkiyədə rektorların vəzifəyə təqdimatını verən şəxsi saya salmayıblar.

Çox güman ki, Azərbaycandakı universitet rektorları məlumatsızlıq səbəbindən YÖK-ü Türkiyənin sıradan bir QHT-si sanaraq, Yekta Saraçı adi “ictimai birlik” sədri zənn ediblər.

Maraqlısı budur ki, bu sayğısızlığı özü üçün təhqir kimi qiymətləndirən Yekta Saraç mərasimi yarımçıq tərk edərək, birbaşa hava limanına, oradan da Türkiyəyə yollanıb.

Amma bu da hələ hamısı deyil. BDU-nun 100 illik yubiley mərasimindən bir müddət sonra Azərbaycanın Təhsil Nazirliyinə YÖK sədrinin incikliyi haqda xəbər daxil olur. Nazirlikdə vəziyyəti araşdırdıqdan sonra necə böyük səhvə və sayğısızlığı yol verdiklərini başa düşürlər.

Maraqlıdır ki, vəziyyəti düzəltmək istəyən Təhsil Nazirliyi YÖK sədrinin könlünü almaq üçün Türkiyəyə qiymətli hədiyyələrdən yük tutan nümayəndə heyəti göndərib. Türkiyəyə göndərilən heyətin Yekta Saraçın incikliyini aradan qaldırıb-qaldırmadığı haqda növbəti yazımızda məlumat verəcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.