XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Fəzail İbrahimlidən seçicilərə və prezidentin beynəlxalq kürsüdən verdiyi bəyanata qarşı sayğısızlıq...

Fəzail İbrahimlidən seçicilərə və prezidentin beynəlxalq kürsüdən verdiyi bəyanata qarşı sayğısızlıq...

Fəzail İbrahimlidən seçicilərə və prezidentin beynəlxalq kürsüdən verdiyi bəyanata qarşı sayğısızlıq...
24-01-2020, 13:41

Deputat-professor özünə o qədər arxayındır ki, seçicilər bir tərəfə, ölkə başçısının siyasi iradəsinə belə, açıq sayğısızlıq nümayiş etdirir...
69 saylı Cəlilabad- Masallı- Biləsuvar seçki dairəsindən Milli Məclisə təyin edilmiş, müxalif media tərəfindən “cib müxalifəti” kimi identikləşdirilən deputatlardan biri, indi də adı çəkilən seçki dairəsindən namizədliyi qeydə alınmış Fəzail İbrahimlinin namizədlik fəaliyyəti nəinki rəqiblərində və mediada təəccüb doğurur. Eyni zamanda onsuz da deputatdan acıqlı olan seçicilərinin sonsuz hiddətinə və qəzəbinə səbəb olur.

Belə ki, bu dairədən bir neçə dəfə deputat seçilən, hər seçki kampaniyasında da seçiciləri yağlı vədlərlə aldadan, lakin deputat olduğu illərdə bir dəfə də olsun seçiciləri yadında salmayan Fəzail İbrahimli “yuxarılar” tərəfindən yenidən MM üzvü təyin ediləcəyinə o qədər arxayındır ki, bir kənddə, küçədə belə görüş keçirməyə ərincəklik edir.

Seçkiqabağı təşviqat kampaniyasının başlanmasından bir həftə keçsə də Fəzail İbrahimli seçiciləri saya salmayaraq, əvvəlki seçkilərdə olduğu kimi, “Səs versəniz də, verməsəniz də seçiləcəyəm” prinisipi ilə hərəkət edir.

Professor-namizədin seçicilərdə qıcıq doğuran sayğısızlığı bununla bitmir. O, hətta 100 manatından keçib təbliğat plakatı, bukleti də çap etdirməyi özünə rəva bilmir. Belə görünür ki, Fəzail müəllim seçkiyə, “onsuz da seçiləcəyəm, əlavə xərc çəkməyə nə ehtiyac var”, düşüncəsi ilə yanaşır.

Seçkiqabağı təbliğat-təşviqat kampaniyasını Fəzail İbrahimlinin fəaliyyətsizliyi üzərində quran rəqibləri isə seçicinin ciddi dəstəyini alırlar. PİA.az-a daxil olan məlumata görə bundan qorxuya düşən rayon icra hakimiyyəti orqanları həmin rəqiblərə açıq bazarlıq təklif edirlər ki, ya namizədliklərini geri götürsünlər, ya da Fəzail İbrahimlinin adını hallandırmasınlar.

Fəzail İbrahimlinin isə dünya vecinə deyil, özünə o qədər arxayındır ki, seçicilər bir tərəfə, ölkə başçısının siyasi iradəsinə belə, açıq sayğısızlıq nümayiş etdirir. Siyasi kluarlarda özünü “Retroklub” üzvü kimi təqdim edən tarixçi-alim Fəzail İbrahimli deyəsən, ölkə başçısının Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında seçki ilə bağlı açıq mətnli bəyanatı eşitməyib, ya da vecinə almayıb. Vecinə alması üçün Prezidentin həmin mesajını bir daha xatırladaq:

“Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.