SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cinayətkarın yerini de, pul al...

Cinayətkarın yerini de, pul al...

Tarix:

17-12-2019, 09:44

/ 1 017 dəfə oxundu.
Cinayətkarın yerini de, pul al...

Ötən il Rusiya Daxili İşlər Nazirliyi (DİN) cinayətlərin üstünün tez bir zamanda açılması üçün yeni qayda müəyyən edib. Qaydaya görə hər hansı bir cinayətlə bağlı hüquq-mühafizə orqanına müraciət edən şəxsə pul verilir. Bunun üçün məlumat verən şəxs Rusiya DİN-in 02 və ya 112 zəng mərkəzinə müraciət edib qeydiyyatdan keçir və cinayət haqda məlumat verir.

Digər formada çatdırılan məlumatlar anonim məlumat kimi qeydə alınır və belə məlumatlara görə pul ödənmir. Cinayəti törətmiş şəxs saxlanılandan sonra onun saxlanılması barəsində məlumat və cinayətin üstünün açılmasına görə ödənilmiş məbləğ Rusiya DİN-in saytında yer alır. Hər bir açılmış cinayətə görə konkret məbləğ ödənilməsi nəzərdə tutulur. Ödəniş 50 min (1250 manat) rubldan 10 milyon (252 min manat) rubla qədər müəyyən olunub. İqtisadi cinayətlərlə bağlı məlumat verənlər daha böyük məbləğlər ala bilir.

Bu qaydanın əleyhdarları deyirlər ki, bu cür qaydalar cəmiyyətdə lüzumsuz xəbərçiliyin geniş yayılmasına səbəb olacaq. Rusiyanı ötən əsrin 30-cu illərindəki danosçuluğun bürüyəcəyini söyləyirlər.

Tərəfdarları isə bildirirlər ki, qaydanın müəyyən olunması cinayətlərin üstünün açılmasına, xüsusilə iqtisadi sahədə baş verən cinayətlərin faş olmasına geniş imkanlar yaradacaq.

Rusiyadan savayı bir çox dövlətlərdə belə qaydalar illərdir ki, işləyir.

Bəs Azərbaycanda belə bir qayda varmı? Cinayət haqda məlumat vermiş şəxs buna görə mükafat olaraq pul alırmı?

Azərbaycanda axtarışda olan şəxslərin tapılmasında polisə kömək edən vətəndaşlara mükafatlar nəzərdə tutulub.

Bu barədə baku.ws-in sorğusuna cavab verən Daxili İşlər Nazirliyi açıqlayıb ki, vətəndaşlar aidiyyəti üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər. “Cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlarda elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən geniş istifadə edilməsi, profilaktiki işin səmərəsinin xeyli artırılması ilə yanaşı, heç şübhəsiz ki, polis-vətəndaş münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində görülmüş işlərin böyük rolu olmuşdur. Məmnunluqla qeyd etmək istərdik ki, DİN rəhbərliyi vətəndaş-polis münasibətlərinin inkişafına həmişə böyük əhəmiyyət vermiş, bu dəstəyin polisin fəaliyyətində hər zaman vacib, əsas amillərdən biri olduğunu qeyd edilmişdir.Cinayətkarlıqla mübarizə, təhlükəsizliyin təmini bütün cəmiyyətin marağında olduğundan və hər bir şəxsin mənafeyinə toxunduğundan bu işdə hüquq-mühafizə orqanlarına yardım göstərilməsi, dəstək verilməsi ilk növbədə onlar tərəfindən bir vətəndaşlıq borcu anlamına gəlir. Təbii ki, bu işdə fərqlənən vətəndaşlar aidiyyəti üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər”, - deyə məlumatda qeyd olunur.

Sabiq polis rəisi Mahmud Hacıyev bir müddət əvvəl bu məsələni qəzetimizə şərh edərkən demişdi ki, Azərbaycan, məsələn, Rusiya kimi nəhəngin yanında balaca bir ölkədir. Azərbaycanda cinayətlərin üstünün açılması faizi də yüksəkdir. Mahmud Hacıyev deyib ki, Azərbaycanda rezonans doğurmuş cinayətlərin açılmasında müstəsna məlumatlar vermiş şəxslərə pul mükafatlarının verilməsi praktikası var: “Azərbaycanda bir neçə dəfə olub ki, rəsmi qaydada elan ediblər ki, filan cinayətlərin açılmasına xidmət edən real informasiya vermiş şəxsin adı anonim saxlanılmaqla pul mükafatı ödəniləcək. Azərbaycanda az da olsa, belə hallar olub”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ