SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vitse-spiker postundan gedir, yoxsa... - GƏLİŞMƏ

Vitse-spiker postundan gedir, yoxsa... - GƏLİŞMƏ

Tarix:

27-11-2019, 11:27

/ 976 dəfə oxundu.
Vitse-spiker postundan gedir, yoxsa... - GƏLİŞMƏ

Xəbər verildiyi kimi, Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında prezident sərəncam imzalayıb.

Sərəncamda bildirilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilsin”.

Qeyd edək ki, bitərəflərin nümayəndəsi olan Valeh Ələsgərov 2015-ci il noyabrın 24-dən Milli Məclis sədrinin müavinidir.

1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) Neft-mədən fakültəsini bitirib. 1970-1991-ci illərdə SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin “Permneft”, “Azneft” istehsalat birliklərində, 1992-2005-ci illərdə “Azərneft” Dövlət Konsernində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb. V.Ələsgərov Əməkdar mühəndisdir, “Şöhrət” ordeni ilə təltif edilib, həmçinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir. Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvüdür.

Onu da vurğulayaq ki, “Ələt azad iqtisadi zonası haqqında” Qanunu Milli Məclisin plenar iclaslarına bir qayda olaraq V.Ələsgərov təqdim edirdi və deputatların suallarını da şəxsən cavablandırırdı. Bu mənada vitse-spikerin Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi elə də gözlənilməz olmadı. Ancaq bu təyinatdan sonra V.Ələsgərovun sədr müavini postunda fəaliyyətini davam etdirib-etdirməyəcəyi, yaxud deputat olaraq parlamentdə qalıb-qalmayacağı sualı ortaya çıxır. Xatırladaq ki, bundan əvvəl bir sıra deputatlar müxtəlif vəzifələrə təyin olunduğu üçün onların mandatına xitam verilib.

Mövzu ilə bağlı V.Ələsgərovla danışmaq istədik. Lakin köməkçisi sədr müavininin tədbirdə olduğunu bildirdi.

Adının çəkilməsini istəməyən mənbəmiz bu barədə açıqlamasında dedi ki, sərəncamda “müvəqqəti idarəetmə qurumundan” söhbət getməsi diqqətdən yayınmamalıdır. Onun sözlərinə görə, ola bilsin, müəyyən müddətdən, yəni yeni qurumun formalaşdırılması başa çatdırılandan sonra rəhbərlikdə dəyişiklik olsun.

Deputat Fazil Mustafa da “Yeni Müsavat”a açıqlamasında dedi ki, burada hüquqi ziddiyyətdən söhbət gedə bilməz: “Düzdür, söhbət özəl sektorun rəhbərliyindən gedir. Amma mənim bildiyim qədər müvəqqəti, bu sahəni dirçəltmək üçün təyin olunub. Ona görə də yəqin ki, vəzifəsində qala biləcək. Yəni müvəqqəti icra edən şəxs kimi təyin olunub. Bu mənada, məncə, hüquqi bir ziddiyyət yoxdur”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ