SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daha hansı icra başçıları yol üstündədir?.. - GƏLİŞMƏ

Daha hansı icra başçıları yol üstündədir?.. - GƏLİŞMƏ

Tarix:

1-11-2019, 10:41

/ 956 dəfə oxundu.
Daha hansı icra başçıları yol üstündədir?.. - GƏLİŞMƏ

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev vəzifəsindən istefa verib. Bu barədə yenisabah.az-a Şəmsəddin Xanbabayevin özü bildirib: “Artıq yaşlıyam. Ölkədə ciddi islahatlar gedir. Mən də prezidentin çağırışına səs verərək istefa verməyi qərara aldım”, - deyə Şəmsəddin Xanbabayev əlavə edib. O, digər yaşlı məmurların da ölkə başçısının çağırışına səs verəcəyinə ümid etdiyini deyib: “Belə də olmalıdır. Hər halda, bunlar ölkədəki vəziyyəti, gedən inkişafı başa düşməlidirlər. Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək. Ona görə də bu çoxdan lazım idi. Mən bunu çox yüksək qəbul edirəm. İndi öz aramızdır. Mən ulu öndərlə, Allah ona qəni-qəni rəhmət eləsin, prezidentimizlə işləmişəm. Mənə elə gəlir ki, vicdanla, namusla, qeyrətlə xidmət etmişəm. Harada oluramsa-olum, evdə olum, pensiyada olum, yenə də möhtərəm prezidentə və Heydər Əliyevin yoluna hörmətimi və dəstəyimi göstərməyə hazıram. Başqa cür ola da bilməz. Müstəqil Azərbaycana hər bir şəxs xeyir gətirməlidir. Bu bizim respublikamızdır. Bura ki, xarici ölkələrdən gəlib razı gedirlər, biz də işləməliyik də, qardaş”, - deyə o bildirib.

Şəmsəddin Xanbabayevin sözlərinə görə, artıq istefa ərizəsini təqdim edib. O, bundan sonra vaxtını nəvələri ilə keçirəcəyini deyib.

Günün ikinci yarısında prezident İlham Əliyev həm Xaçmaz rayonunun, həm də Yevlax şəhəri icra hakimiyyətinin başçılarının işdən çıxarılmaları ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-in Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnsitutunda təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləyib. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olub. 1967-ci ildə Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildə həmin idarənin rəisi, 1976-cı ildə Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildə Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildə Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildə Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan prezidentinin 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 30 mart 2009-cu ildə “Şöhrət” , 2014-cü ildə “Şərəf”, bu ilin aprelində 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

İki övladı var. Şəmsəddin Xanbabayevin oğlu polisdir.

Qeyd edək ki, sabiq icra başçısının qardaşı respublikamızın tanınmış ziyalılarından olan məşhur poliqrafçı, “Azərnəşr”in direktoru Əjdər Xanbabayev 1990-cı il may ayının 30-da Bakının mərkəzindəcə, naməlum şəraitdə qətlə yetirildi. İş üzrə istintaq beş ildən çox davam etdi. Nəticədə istintaqın əhatə dairəsinə nəinki təkcə Azərbaycanın, bütövlükdə SSRİ-nin taleyini həll edən adamların adı düşdü. Sonradan hakimiyyətə gələn Heydər Əliyev MTN-dəki çıxışında Əjdər Xanbabayevlə dost olduğunu və onun qətlinin MTN-də planlaşdırıldığını qeyd etmişdi.

Prezidentin Xaçmaza təyin etdiyi yeni icra başçısı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini işləyən Elnur Rzayevdir. O, 1980-ci ildə (39 yaş) Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb. 2004-2009-cu illərdə DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. Ailəlidir, 3 övladı var.

Yevlax Şəhər İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədovun yerinə isə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev təyin edilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Aqil oğlu Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi Rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən yeni təyinatadək Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, hər iki başçını prezident qəbul edib. Prezident tapşırıq və göstərişlərini verdikdən sonra onlara xəbərdarlıq da edib: “Gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız, mən sizi işdən çıxaracağam və cəzalandıracağam”.

Şərhlər

XƏBƏR LENTİ