SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məşhurların mülkləri oğruların hədəfində

Məşhurların mülkləri oğruların hədəfində

Tarix:

29-08-2019, 09:03

/ 912 dəfə oxundu.
Məşhurların mülkləri oğruların hədəfində

Mahmud Hacıyev: “Oğrular adətən imkanlı şəxslərin mənzillərinə girirlər ki, riskləri özünü doğrultsun”
Azərbaycanın baş infeksionisti Cəlal İsayevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evindən 72 min ABŞ dolları, 2500 manat pul və 20 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda polisə baş infeksionist özü məlumat verib. Hüquq-mühafizə orqanına daxil olan məlumat əsasında araşdırmalara başlanıb. Cəlal İsayev hadisəni törədən şəxslərin tutulduğunu bildirib. Bu Azərbaycanda məşhur şəxslərin mülklərindən ilk oğurluq hadisəsi deyil. Ötən ilin bu günlərində Mərkəzi Neftçilər Xəstəxanasının mərhum baş həkimi Fəxrəddin Cavadovun qızı Nuray Cavadovanın Yasamal rayonu ərazisindəki mənzili qarət olunmuşdu.

“Çağırılmamış qonaqlar” ötən il Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Tahir Süleymanovun Şabrandakı dəbdəbəli imarətinə də “baş çəkmişdilər”. İndi də baş infeksionistin evi qarət olunub. Sanki məşhurlar oğruların hədəfindədir. Əllərinə fürsət keçən kimi hərəkətə keçirlər.

Məşhur şəxslərin oğruların hədəfinə gəlməsinin səbəbi nədir?

Bu sualla keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyevə müraciət etdik. Mahmud Hacıyev bildirdi ki, oğruların məşhurları hədəf seçməsi təsadüfi deyil: “Bir ev hədəf seçilibsə, ora girənlər artıq risk etdiklərini bilirlər. Ona görə də oğrular evə girməzdən əvvəl müəyyən edirlər ki, evə risk edib girməyə dəyərmi? Ev sahibi, onun gəlirləri haqda informasiya toplayırlar. Evə risk edib girəcəksə, oradan cüzi məbləğ aparacaqsa, belə bir riskə çox vaxt getmirlər. Yetim-yesirin evinə girməkdən çox vaxt çəkinirlər. Buna görə də oğrular çalışırlar ki, obyektə orada heç kim olmadığı bir vaxtda girsinlər. Bu baxımdan baş infeksionistin, ondan əvvəl deputatın, baş həkim qızının evlərinin yarılması xəbərləri təəccüblü olmamalıdır. Yəni oğrular adətən imkanlı şəxslərin mənzillərinə girirlər ki, riskləri özünü doğrultsun”.

Mahmud Hacıyev deyir ki, dünyanın son 50-100 illik tarixinə və məhkəmə psixoloqlarının, kriminalistlərin yazdıqlarına baxdıqda, hədəf bir məsələnin üzərində cəmləşir: “Onlar yazırlar ki, hansı ölkədə sosial-iqtisadi durum ağırlaşırsa, işsizlik, narkomaniya artırsa, birinci növbədə tamah motivi ilə olan cinayətlərin sayı da artır”.

M.Hacıyev bəzi şəxslərin evinə oğru girdiyi halda bunu gizlətməyə çalışmalarının arxasında dayanan məqamlara da toxundu: “Bəzi vətəndaşlar var ki, evlərinə oğru girib pul-paralarını aparsa belə, şikayət etmirlər. Düşünürlər ki, oğurlanan əmlakın onun üçün bir o qədər də dəyəri yoxdur. Sahə inspektoruna, əraziyə nəzarət edən əməliyyat müvəkkilinə müraciət edir. İzahat yazmaqla, üzləşdirmə və digər istintaq hərəkətləri ilə bağlı çağırışlardan sanki bezirlər. Ona görə də bəzən vətəndaşlar evlərinə oğru girəndə belə bu haqda müvafiq orqanlara şikayət verməkdən çəkinirlər. Belə hallar az deyil. Amma bu düzgün yanaşma deyil. Cəmiyyətimizdə hüquqi maarifləndirmə çox zəifdir. İnsanlar evlərindən az və ya çox mal aparılmasına əhəmiyyət verməməlidir. Bununla növbəti oğurluqlara yol açmış olmalarının fərqinə varmırlar. Oğru görür ki, kiminsə evinə girib, onun pul-parasını aparıb, amma hüquq-mühafizə orqanları onu axtarmır. Buna görə də növbəti cinayətə gedir. Ona görə də vətəndaş az və ya çox pul-parasının, qızıl-zinət əşyalarının oğurlanmasına baxmayaraq şikayət etməli, oğrunun cəzaya çatdırılmasına nail olmalıdır. Oğru psixologiyası belədir ki, polis onu axtarmırsa, növbəti oğurluğa gedir”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ