SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Əgər o qatili buraxsalar, onu öz əllərimlə öldürərəm!” - Bakı-Sumqayıt yolunda həyatını itirən İbrahimin Nəsibovun anası

“Əgər o qatili buraxsalar, onu öz əllərimlə öldürərəm!” - Bakı-Sumqayıt yolunda həyatını itirən İbrahimin Nəsibovun anası

Tarix:

29-03-2017, 09:31

/ 2 278 dəfə oxundu.
“Əgər o qatili buraxsalar, onu öz əllərimlə öldürərəm!” - Bakı-Sumqayıt yolunda həyatını itirən İbrahimin Nəsibovun anası

“Bakı-Sumqayıt yolunda baş verən qəzada qanına qəltan olan o gənclərə görə məsuliyyətə cəlb edilən sürücüyə 5 ildən 12 ilə qədər həbs cəzası verilə bilər. Bu hansı qanunda yazılıb? Mənə izah eləsinlər. Belə qərarın verilməsi bu faciədə naləsi ərşə çıxan anaların ürəyini soyutmaz.

Başqa analar da səsimə səs versin...

Ona uzaqbaşı 12 il cəza verilsə, mən bununla razılaşmayacam. Sonra da 7 ilini yatıb çıxıb, azadlıqda gəzəcək?! Mən buna tab gətirmərəm. Övladımın qanının batmasına imkan vermərəm, üsyana qalxaram. Qoy başqa valideynlər də bunu eşidib, səsmiə səs versinlər”.

Bu sözləri martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra həyatını itirən 6 tələbədən birinin - İbrahim Nəsibovun anası Xatirə Nəsibova bildirib.

Ona ən ağır cəza – ömürlük həbs verilsin

Baş verən faciəinin sarsıntısını yaşayan ana hesab edir ki, bu hadisədə günahı olan şəxslər yetərincə cəzalanmalıdır: “O sürücü barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda-red.) maddəsi ilə istintaq aparılır. Azərbaycan qanunlarında ölüm cəzası ləğv edildiyi üçün, mən tələb eləyirəm ki, ona 120.1 maddəsi, ən ağır cəza ömürlük həbs verilsin.

Sürücü yoldaşıyla mərc gəlib, balalarımızı qırıb

Şəxsən mən öz adımdan danışıram və valideyn olaraq bunu tələb eləyirəm. Ayın 8-də onun öz sürücü yoldaşıyla telefon danışıqları dinlənməlidi. Yaşıl “RAF” sürücüsüylə onun danışığı olub, o üzə çıxarılsın. O, həmin sürücü yoldaşıyla mərc gəlib ki, Sumqayıta hər gün 15 dəqiqəyə getdikləri yolu, o 10 dəqiqəyə gedə bilər.

Deməli, o uşaqları qəsdən aparıb qırıb, əvvəlcə şərt kəsib, sonra da bir qrup şəxsin ölümünə səbəb olan qəza yaradıb. Ordakı yük maşınının şoferinin də günahı var. Nətər olur ki, 2 gündü yolda yüklü maşın dayanır? Yanına “STOP” işarəsi qoyub, mişar-daşı düzməklə deyil. Biz də qanunlardan xəbərdarıq.

Üstümüzü unlu görüb, adımızı dəyirmançı qoymasınlar

Yol polislərinin günahı var, cavab versinlər. Necə olur ki, yoldaşım yolu səhv dönəndə cəzalandırıb, 700 manatını tutub alırlar. Amma o boyda magistral yolda, radarın, kameranın gözü önündə, körpününü üstündə 2 gün maşın dayanır, yol polisi onu görmür? Bəs necə olur 64 dəfə cəza almış sürücüyə maşın etibar edirlir?

Prezidentdən umuram, niyə bizə başsağlığı vermədi?

Necə olur Fransanın prezidenti öləndə dövlət başçısı ora teleqram vurub, başsağlığı göndərir, başqa bir ölkədə təbii fəlakət olur, hansısa faciə baş verir, ora rəsmi başsağlığı verilir.

Amma bir ölkənin gələcək əsgərləri, bəlkə də bu ölkəyə şərəf-şan gətirəcək alimləri, cəmiyyətə xeyir verəcək ziyalıları olacaq gənclər qanına-qəltan edildi, onlara bir rəsmi şəkildə başsağlığı verilmədi.

Şikəst ata-ana zülüm-zillətlə oğul böyüt ki, qanına qəltan eləsinlər?

Mən Şuşa rayon sakiniyəm. Heç öz rayonumuzdan olan icra başçısı da qapımızdan içəri girib, başımıza gələn bu faciə ilə maraqlanmayıb.

Mən öz torpağını itirən, ermənilərin Qarabağın gözü olan Şuşadan didərgin saldıqları bir köçkün kimi, özüm də, yoldaşım da ikinci qrup əlil ola-ola zülm zillətlə oğul böyütdüm ki, nadürüstlər gəlib onu qanına-qəltan eləsinlər?

Ay jurnalistlər gəlin baxın, şikəst ata-ana hansı ağır şəraitdə uşaq böyüdüb. Mən balamın qanına batmasına üsyan eləyirəm. Oğlum torpağa qoyulan gün, mən ona söz verdim, dedim ya sənin qanına bais olan ömrününün sonuna qədər cəzalanacaq, ya da yatıb, çıxsa, mən onu azad həyatda yaşatmayacam. Mənim bir oğlum, bir qızım vardı.

Ailəmizin nəsli kəsildi

İbrahimin atasının yeganə nəsil davamçısıydı. O bizimn ailənin nəslini kəsdi. 6 ananın bağrı yandı. Rəşad, o biri İbrahim, Roza, Çinarə, Lalənin də analarının mənim kimi ürəyi yanır.

Elə yaralanıb, şikəst olan o biri gənclərin valideynlərinin də... Onların aqibəti necə olacaq?

Oğlumun yasına 2500 camaat gəldi. Elə bilməsinlər ki, biz yiyəsiz, sahibsizik. Mən qanunların diliylə bu işdə günahı olanların cəzalanmasını istəyirəm”.

Xatırladaq ki, martın 9-da Bakı-Sumqayıt yolunda "Ford" markalı mikroavtobus hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə ölüb, daha 20 tələbə yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən verilən məlumata görə, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

İdarədən, həmçinin bildirilib ki, hadisə zamanı yol kənarında dayanmış "ZİL" markalı yük maşınının sürücüsü Şəmistanlı Elvin Eldar oğlu istintaqa cəlb edilib.

Hüquqşünas Ərşad Hüseynov: “Qanun çərçivəsində valideynlərin bunu tələb eləməyə haqqı var”

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Hurriyyet.org-a bildirib ki, baş verən faciəyə görə, valideynlər kollektiv şəkildə bir vəkillə müqavilə bağlayıb, zərəçəkən qismində dünyasını dəyişən və yaralanan övladlarına görə ayrı-ayrılıqda öz hüquqlarını tələb eləyə bilərlər: “Prosesual qanunvericiliyin tələbləri nədirsə, onun da əsasında onların itkilərinə uyğun konpensasiya ödənə bilər. O validyeynlərin övlad itkisinə, yaralanların müalicə xərclərinə görə, kompensasiya və bir də bu hadisədə təqsirləndirilən şəxslərin ədalətli cəzalanmasını tələb eləmək haqqı var”.

Şərhlər

XƏBƏR LENTİ