Bəraət almaq istəyən general oğlu ilə bağlı yekun qərar verildi
Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun kassasiya şikayətinə baxılıb.
Hakim Gülzar Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, R.Orucov barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi şikayət təmin edilməyib.
Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. R. Orucov oktyabr ayında Ali Məhkəməyə şikayət etsə də, sonradan şikayətini geri götürüb.
Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...