XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Hökumət və xalq arasında birlik olanda..." - İlham Əliyev

“Hökumət və xalq arasında birlik olanda..." - İlham Əliyev

“Hökumət və xalq arasında birlik olanda..." - İlham Əliyev
16-03-2017, 12:00

“Azərbaycanın işğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb. ATƏT-in iki Faktaraşdırıcı Missiyasının hesabatında da bu, təsdiqini tapıb. Baş verənlər separatçılığın və Ermənistan tərəfindən işğalın nəticəsidir.”

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında deyib.

Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların qətnamələrində, qərarlarında Ermənistan işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbulundan 25 il keçdiyini qeyd edən prezident bildirib ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri isə saatlar içərisində yerinə yetirilir.

“Biz bunu ikili standartlar adlandırırıq. Beynəlxalq münasibətlərdə ikili standartlar mövcud olduğuna görə beynəlxalq hüquq müxtəlif ölkələr tərəfindən müxtəlif cür təfsir olunur. Beynəlxalq təşkilatların qərarları icra olunmursa, bütün dünya təhlükəyə doğru gedir. Bu, onu göstərir ki, bir ölkə digərinin ərazilərini işğal edə bilər”, - deyə İlham Əliyev bildirib.

Prezident bəyan edib ki, Azərbaycanın əraziləri işğaldan azad edilməli, vətəndaşlarımız torpaqlarına qayıtmalıdır. O bildirib ki, Azərbacyan münaqişəni həll etmək, Ermənistan isə status-kvonu saxlamaq istəyir.

“ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərin rəhbərləri dəfələrlə bəyan edib ki, status-kvo dəyişməlidir. Bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi deməkdir", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, 25 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə böyük uğurlar əldə edib.

“Hökumət və xalq arasında birlik olanda torpaqlar işğal altında qalsa belə, iqtisadiyyat inkişaf edə bilər. Azərbaycanda yoxsulluğu son 15 ildə 5 faizə qədər azaltmışıq. Azərbaycan iqtisadiyyatı neft qiymətlərinin aşağı düşməsindən əziyyət çəkib. Ancaq islahatlarla qısa müddətdə çətinlikləri həll edə bildik. Neft gəlirləri 3-4 dəfə aşağı düşürsə, bu, həyat tərzinə təsir edir. Buna baxmayaraq, çətinliklərin öhdəsindən gəldik. Müəyyən çətinliklər var, ancaq neft qiymətlərinə adaptasiya baş verir. Bu il iqtisadi artım olacaq. Biz ixracımızı genişləndirməliyik, bizə xarici bazarlar lazımdır. Bunun üçün həmin bazarlara malik ölkələrin rəhbərləri ilə yaxşı siyasi əlaqələrə malik olmalıyıq”, - İlham Əliyev bəyan edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.