SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Təhsil İdarəsi gizli məktubu yaydı

Təhsil İdarəsi gizli məktubu yaydı

Tarix:

5-06-2018, 15:43

/ 1 464 dəfə oxundu.
Təhsil İdarəsi gizli məktubu yaydı

Hazırda Maştağadakı 22 nömrəli məktəbin direktoru olan Azər Ələkbərov daha əvvəl rəhbərlik etdiyi Qaradağ rayonu 228 saylı məktəbdən müəllim kollektivinin şikayəti və məhkəməyə müraciəti əsasında uzaqlaşdırılıb.

Bu barədə Axar.az-a özəl mənbədən məlumat daxil olmuşdu. Bildirilirdi ki, direktor A.Ələkbərov müəllimlər arasında ədalətsizliyə yol verdiyinə görə məhkəmə çəkişmələri yaşayıb və nəhayət, müəllimlərin Təhsil Nazirliyinə müraciətindən sonra vəzifəsindən kənarlaşdırılıb.

Məlumatda həmçinin iddia edilirdi ki, Azər Ələkbərov Aviasiya Akademiyasını bitirib və pedaqoji təhsili yoxdur, hüquq elmləri üzrə fəlsəfə doktorudur. Ona görə də direktor məktəb daxilində yaranan problemləri pedaqoji qabiliyyətlə, peşəkarlıqla yoluna qoymaq əvəzinə hamını məhkəmə və məcəllələrlə hədələməklə məşğuldur. Pedaqoji təhsil almayan şəxsin direktor təyin edilməsi səbəbi də müəmmalıdır.

Redaksiyamıza etibarlı mənbədən daxil olan bu faktlar əsasında araşdırma aparmaq məqsədilə biz əvvəlcə Bakı şəhər Təhsil İdarəsinə sorğu göndərdik. Araşdırmanı davam etdirmək, yalnız hansısa həqiqət üzə çıxdığı halda onu işıqlandırmağı hədəfləmişdik.

Lakin Bakı şəhər Təhsil İdarəsi onlara ünvanladığımız sorğunu araşdırmamızın aid olduğu şəxsə - Azər Ələkbərova göndərib. Bu azmış kimi, BŞTİ direktorla bağlı gedən araşdırmamıza özlərinin deyil, məhz A.Ələkbərovun yazdığı cavabı göndərib. Təhsil İdarəsinin Axar.az-a göndərdiyi tərif dolu cavabdan da bunu hiss etmək mümkündür:

“Azər Ələkbərov 228 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işlədiyi müddətdə məktəbdə səmərəli idarəetmənin təşkilinə, məktəbin fəaliyyətində bir sıra istiqamətlər üzrə uğurlu nəticələrin əldə olunmasına nail olub. Bununla əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə 2017-ci ildə şagird kontingenti daha çox olan Bakı şəhəri 22 nömrəli tam orta məktəbə rotasiya olunub”.

Bu cavab redaksiyamızın ünvanına daxil olandan az sonra Azər Ələkbərov sosial şəbəkə hesabından sorğunun nə üçün göndərildiyini bilmədən, araşdırmanın aparılma səbəbindən xəbərsiz, “açıqlama” ilə çıxış etdi və əslində, Bakı şəhər Təhsil İdarəsini rüsvay edilməsində müstəsna rol oynadı.

Azər Ələkbərov Feysbuk hesabında yazdı: “Siz (Axar.az nəzərdə tutulur – red.) mənim təhsilimi şübhə altına qoyaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərirsiniz ki, “necə olur ki, Milli Aviasiya Akademiyasını” bitirən məktəb direktoru işləyir?”, “Ə.Kazımov adına 228 nömrəli məktəbdən çıxarılıb nə üçün digər məktəbə təyin olunur və s?”. Sonra həmin sorğunun cavabını alandan sonra tam başqa məzmunlu məqalə dərc edirsiniz,sanki həmin sorğu və həmin cavab olmayıb (sorğunun screenshotunu əlavə edirəm)”.

Qəsdən sitatı olduğu kimi saxladıq ki, əvvəla, Bakı şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyi məktəb direktoru kimi ciddi şəkildə himayə etdiyi adamın savadını bir daha müşahidə eləsin.

İkinci tərəfdən, bu sitatdan aydın olur ki, A.Ələkbərov nəinki bizim sorğudan xəbərdardır, hətta ona necə cavab verildiyini də çox gözəl bilir.

Maraqlıdır, göndərdiyimiz sorğu hansı məqsədlə direktorun şəxsən özünə göndərilib? BŞTİ-nin direktor A.Ələkbərov qarşısında hansı öhdəliyi var ki, bir medianın apardığı araşdırma əsasında göndərilən sorğunu şəxsin özünə də göndərir və A.Ələkbərovun təmtəraqlı cavabının məsuliyyəti altına girib, onu bizə təqdim edir?

Üstəlik, sorğunun A.Ələkbərov tərəfindən sosial şəbəkədə yayımlanmasına BŞTİ hansı səbəbdən heç nə demir, etirazını bildirmir?

Bu, bir daha təsdiqləyir ki, Axar.az-a qarşı əxlaqdankənar davranış, şər və böhtan sərgiləyən, məktəbi idarə etmək əvəzinə, bütün şüurlu fəaliyyətini sosial şəbəkələrdə intriqa yaymağa həsr edən A.Ələkbərovu Təhsil Nazirliyi naməlum səbəbdən himayə edir.

Qurumun bu addımı etik deyil

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən media eksperti Qulu Məhərrəmli də bildirdi ki, jurnalist sorğusunun idarə tərəfindən şəxsin özünə göndərilməsi etik hesab edilmir:

“Media qurumunun Təhsil İdarəsinə ünvanladığı sorğunun aid olduğu şəxsə göndərilməsi, ona bu haqda məlumat verilməsi etik problemdir. Bu, jurnalistikanın diantologiyası ilə bağlıdır ki, biz bu situasiyada necə davranırıq. Media ümumi məlumatlandırma ilə məşğuldur, qurum, təşkilat və ya idarələr isə özünü təmizə çıxarmaqla. İstənilən sahədə hüquq və ya etikaya görə hərəkət etmək lazımdır. Burada fərqli olan odur ki, sizin məşğul olduğunuz iş jurnalistikadır, onların məşğul olduğu iş isə piardır. Mən hələ şahidi olmamışam və inanmıram ki, hansısa bir qurum media əleyhinə kampaniya aparsın və uğur qazansın. Bu, mümkün deyil. Çünki media hesabat vermir, araşdırır”.

Q.Məhərrəmli bildirib ki, sorğunun BŞTİ tərəfindən direktora göndərilməsi kimi, direktorun onu yayması da etik normalara uyğun deyil:

“Sorğunu göndərən media qurumu olduğu üçün cavab da media qurumuna göndərilməlidir. Məsələn, həmin quruma, direktora qarşı iddia varsa, o zaman Təhsil İdarəsi həmin şəxslə dialoq apara bilər. Ancaq sorğunu ona göndərməməlidir. Üstəlik, sorğunu kimin apardığını da bildirməməlidir. Sadəcə, cavab üçün direktorla danışıb, aydınlıq gətirə bilər”.

Q.Məhərrəmli bildirib ki, direktor özü ilə bağlı aparılan araşdırmanı yaymaqla özünü təmizə çıxarmaq, hadisələri qabaqlamaq məqsədi güdür:

“Sizin göndərdiyiniz sorğu araşdırmanın bir parçasıdır. Yəni araşdırma aparılırsa, demək, daha başqa detallar var, mövzu genişləndirilir. Əgər araşdırma əsnasında siz yazını dərc etmədən, həmin şəxs sizin yazınız haqda məlumat yayırsa, bu özü də sizin araşdırmaya daxil edilməlidir. Direktor özü haqqında göndərilən sorğunu şikayət kimi qəbul etdiyi üçün hadisəni qabaqlamağa çalışır. Belə situasiyada media qurumu hadisələrə soyuqqanlı yanaşmalıdır. Cavabı da təhlil etməlidir ki, o şəxsin dediklərinin bir əsası varmı?!

Təbii ki, belə davranışların arxasında müəyyən məqsədlər dayanır”.

Media eksperti həmçinin bildirib ki, Axar.az saytı sözügedən şəxslə bağlı ilk yazısında hər bir tərəfin mövqeyini işıqlandırmaqla jurnalistikanın bütün prinsiplərini qoruyub:

“Əgər media qurumuna hər hansı bir şikayət ünvanlanırsa, mütləq şəkildə tərəflərin mövqeyi öyrənilməlidir. Bu, jurnalistikanın əlifbasıdır. Şikayətçi tərəfin və şikayət olunan tərəfin mövqeyinin araşdırılması həm də ona görə vacibdir. Bu baxımdan, saytınızın yanaşması tamamilə doğrudur. Elə məsələlər var ki, konkret şəxsin fəaliyyəti ilə bağlıdır, gizlin olanı və yaxud qanunazidd əməlləri aşkara çıxarmaq məqsədi güdür. Bu səbəbdən hər bir tərəfin mövqeyi mütləqdir və sizin yazınızda da bu norma qorunub.

Belə məsələlərlə bağlı heç sorğu göndərmək də lazım deyil. Jurnalist özü öz mənbələri vasitəsilə araşdırma aparıb, faktlar qoysa, daha yaxşı olar. Çünki bu tip məsələlərdə Təhsil Nazirliyinin və ya Təhsil İdarəsinin hansısa direktor barədə real, bu kontekstdə mənfi rəy verməsi gözlənilən deyil. Ona görə də sorğu göndərməkdənsə, araşdırmaq üçün faktlara söykənmək lazımdır”.

Şagirdlərin boynuna bağlanmış “zəncir”

Əlbəttə, araşdırma davam edir və biz bu məlumatları yoxlayacağıq. Sadəcə, məlumatın indi yarımçıq dərcinin səbəbi odur ki, adam sosial şəbəkə hesabından bizi ittiham edir və maraqlıdır ki, bəzi media qurumları da bu “məqaləni” tirajlayıblar. Oxuculara aydın olması üçün araşdırmanı yarımçıq işıqlandırmağa məcbur olduq.

Bütün bu deyilənlər bir daha təsdiqləyir ki, Azər Ələkbərov Bakı Şəhər Təhsil İdarəsinin və ya Təhsil Nazirliyinin birbaşa himayəsindədir.

Davamlı olaraq vaxtını sosial şəbəkələrdə keçirən bu şəxsin rəhbəri olduğu məktəbi düzgün idarə etməsi də sual altındadır. Təkcə direktorluq funksiyasını yerinə yetirə bilməməsi deyil, məktəbdə kommunist təbliğatı aparması bu şəxsin təhsilimizin gələcəyi üçün zərərli olduğunu deməyə əsas verir. A.Ələkbərovun Azərbaycanın milli atributu sayılan bayrağımıza qarşı sərgilədiyi hörmətsizlik də diqqətdən qaçmır. Belə ki, o, tarixi bir anda – 28 May Müstəqillik Günündə şagirdlərinin boynuna bağlanması üçün hazırlanmış üçrəngli bayrağımızı simvolizə edən qalstuklardan məhz kommunizmin rəmzi olan qırmızını (!) seçib və şagirdlərimizi sovet pionerləri kimi təqdim edib.

Ən təəssüfləndirən məqam odur ki, Azərbaycanın müstəqilliyini əlindən alaraq, onu 70 il müstəmləkə vəziyyətində saxlayan dövlət elə Azər Ələkbərovun təbliğ etdiyi SSRİ idi. Direktorun Müstəqillik günündə istiqlalımızın qatillərini təbliğ etməsinin arxasında hansısa gizli niyyətlərinin olması ehtimalını da düşünmək olar.

Bütün bu ağlasığmaz əməllərinə rəğmən, Təhsil Nazirliyinin onu müdafiə etməsinin səbəbi hələ də bəlli deyil.

Mövzu ilə bağlı yazılarımızı davam etdirəcəyik.

Şərhlər

XƏBƏR LENTİ