Xətai Estetik Klinikasında burun-boğaz əməliyyatı zamanı həkimlər onun şah damarını kəsib.
"Bu 8 yaşlı yaraşıqlı oğlanı bir neçə gün öncə Xətai Estetik Klinikasında boğaz-burundakı əti kəsmək üçün əməliyyat ediblər. Amma artıq ət əvəzinə, arterial damarını kəsiblər. Damarı yandırıb yapışdırıblar. Dünən öskürəndə damar açılıb və uşaq qanaxmadan qısa vaxtda dünyasını dəyişib”. Bunu Emil Əmiraslanov özünün ''Facebook'' statusunda yazıb.
Onun sözlərinə görə, 8 yaşlı Tunar Rafiq oğlu İsayev bu gün dəfn olunub. Bu ölüm hadisəsi ilə bağlı klinika hər hansı açıqlama verməyib.
Klinika uşaq ölümünü Criminal.az saytına təkzib etdi. Səhiyyə ocağının qeydiyyat şöbəsindən bildirildi ki, klinikada T.İsayev adlı xəstə əməliyyat olunmayıb.
Uşağın atası Rafiq İsayev əvvəllər Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini olub. O, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsində çalışır. Şöbədən faktı Meydan TV-yə təsdiqləyiblər. Rafiq İsayevlə əlaqə saxlamaq mümkün olmayıb. Qohumu "o, indi danışacaq halda deyil” – deyə bildirib.
"Xətai” Estetik Klinikasının prezidentin köməkçisi Əli Həsənovun ailəsinə məxsus olduğu bildirilir. Bunu həmin klinikanın estetik.az domain qeydiyyatını araşdıran zamanı da görmək olur. Belə ki, domain "Kaspi Təhsil Mərkəzi" təşkilatı adından qeydiyyatdan keçib. Azadlıq Radiosunun araşdırmasına əsasən isə "Kaspi Təhsil Mərkəzi" prezidentin köməkçisi Əli Həsənova məxsusdur.