XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » İlham Əliyev iqtisadiyyat nazirini niyə cəzalandırdı? - təfsilat

İlham Əliyev iqtisadiyyat nazirini niyə cəzalandırdı? - təfsilat

İlham Əliyev iqtisadiyyat nazirini niyə cəzalandırdı? - təfsilat
30-04-2018, 09:21

Məlum olduğu kimi, prezident İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nazirliyin tabeçiliyindən çıxarılıb. Xidmətin bazası əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Beləliklə, İqtisadiyyat Nazirliyi əsas funksiyalarından birindən, bəlkə də birincisindən məhrum olub. Çoxlarının diqqətini çəkməyən bu məqam əslində iqtisadiyyat naziri Şahin Mustafayevin cəzalandırılması demək idi. Xüsusilə o halda ki, son 3 ildə nazirliyə xeyli yeni səlahiyyətlər verilmiş, Şahin Mustafayev isə az qala “supernazir” status qazanmışdı. Təbii sual ortaya çıxır: Nə baş verdi ki, hökumətin ən nüfuzlu nazirlərindən biri siyasi rəhbərliyin sanksiyasına məruz qaldı?
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir elə geniş səılahiyyətlərə sahib idi ki, istənilən təsərrüfat subyektinə müdaxilə imkanlarını həmişə özündə saxlayırdı. Şahin Mustafayev nazir təyin olunandan (2008) Zahid İsayev bu xidmətə gətirilib və nazirin ən yaxın adamlarından sayılıb.

Z.İsayevin dosyesi də bu baxımdan maraqlıdır:

1961-ci ildə anadan olub, 1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1982-ci ildə Elektron Hesablayıcı Maşınlar Zavodunda mühəndis-konstruktor, 1988-ci ilin iyul-sentyabr aylarında Bakı Dərin Özülləri Zavodunda mühəndis-iqtisadçı, normalaşdırıcı büro rəisi, 1988-1990-cı illərdə “Şelflayihətikinti” Layihə-Sənaye-Tikinti Birliyində aparıcı mühəndis, 1990-1992-ci illərdə “Şelflayihətikinti” Layihə-Sənaye-Tikinti Birliyinin Ehtiyat hissələri, qeyri-standart avadanlıqlar və xalq istehlakı malları istehsalı zavodunda əmək və əmək haqqının təşkili və iqtisadi şöbənin rəisi işləyib.
1992-ci ildən vergi sisteminə transfer edib. 1992-1999-cu illərdə Qaradağ rayonu üzrə Dövlət Vergi Müfəttişliyində rəis müavini, 1999-cu ilin aprel-sentyabr aylarında Bakı şəhərinin Nizami rayonu üzrə Vergi Müfəttişliyində rəis müavini vəzifəsində, 2001-2004-ci illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsində böyük dövlət vergi müfəttişi, şöbə rəisi vəzifələrində (O vaxt həmin idarəyə Şahin Mustafayev rəhbərlik edib), 2004-cü il fevral-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maliyyə, İqtisadiyyat İdarəsində rəisin baş mühasibinin müavini vəzifəsində, 2004-2006-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin İqtisadiyyat, Maliyyə və Mühasibat Uçotu İdarəsində rəis vəzifəsində (o dövrlərdə Ş.Mustafayev SOCAR-ın malıiyyə üzrə vitse-prezidenti idi) işləyib.
2008-c ildən Z.İsayev yenidən Ş.Mustafayevin çevrəsinə transfer edir və İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsinə təyin edilir. 2009-cu ildən prezidentin sözügedən sərəncamına qədər nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi işləyib.
Hökumətə yaxın mənbələrdən daxil olan məlumatlara görə, xidmətin nazirlikdən alınaraq ayrıca dövlət agentliyinə çevrilməsinin əsas səbəbi xidmətdən Prezident Administrasiyası da daxil olmaqla yuxarı instansiyalara çoxsaylı şikayətlərin daxil olmasıdır. Keçmiş vergi işçisi olan Z.İsayevin işçiləri istehlakçıların hüquqlarının müdafiəsi bəhanəsi ilə özəl obyektlərdən təzminat yığırmış, təzminat ödəməkdən imtina edənləri isə yoxlamalarla hədələyirmişlər. Bununla bağlı çoxsaylı şikayətlərdən sonra Ş.Mustafayevə bir neçə dəfə xəbərdarlıq ediblər. Ancaq nəticəsi olmayıb və Z.İsayevin işçiləri təzminat yığmaqda davam ediblər. Ona görə də siyasi rəhbərlik xidməti nazirliyin tabeçiliyindən çıxartmaqla məsələni həll edib. Bu, Ş.Mustafayevi cəzalandırmaqla yanaşı, həm də ona xəbərdarlıqdır. Şikayətlərin daha çox daxil olduğu qurumlardan biri də nazirliyin idarəçiliyində olan Sahibkarlığa Kömək Milli Fondudur. İş adamlarından kreditlərin ayrılmasında ayrı-seçkiliyə yol verilməsi ilə bağlı çoxsaylı şikayətlər var. Əgər bu sahədə qayda-qanun yaradılmasa bu fond da nazirliyin idarəçiliyindən çıxarılacaq” – deyə mənbə vurğulayıb.

istiqlal.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.