XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Yeni yaradılan “Media klub” Mətbuat Şurasının rolunu ikinci plana atmır” — Əflatun Amaşov

“Yeni yaradılan “Media klub” Mətbuat Şurasının rolunu ikinci plana atmır” — Əflatun Amaşov

“Yeni yaradılan “Media klub” Mətbuat Şurasının rolunu ikinci plana atmır” — Əflatun Amaşov
20-04-2018, 13:45

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bir qrup tanınmış media nümayəndəsi tərəfindən “Media klub” yaradılmasına münasibət bildirib.
Ə.Amaşov “Ölkə.Az”a açıqlamasında sözügedən qrupun Mətbuat Şurasına alternativ kimi yaradılması ilə bağlı səslənən fikirləri şərh edib:

“Azərbaycan Mətbuat Şurasına alternativ qurumun yaradılması ilə bağlı ideyalar, söz-söhbətlər hər zaman olub. Bunu təbii qarşılayıram. Ayrı-ayrı insanlar öz maraq dairələrində müəyyən qruplar, klublar, birliklər formalaşdıra, öz fikirlərini, düşüncələrini yaya bilərlər. Bunun nəyi pisdir ki? Bir zamanlar Redaktorlar Birliyi var idi. Ümumən ona bənzər birliklər az olmayıb.

Hesab edirəm ki, mediamızın inkişafını hədəf seçən istənilən təşkilatlanma faydalıdır. Bütün bunlar Mətbuat Şurasının rolunu ikinci plana atmır. Əksinə, cəmiyyətdə medianın inkişaf perspektivləri ilə bağlı çoxsaylı ideyalar meydana gəlir”.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası kifayət qədər oturuşmuş mövqedədir:
“Belə bir qurumun mövcudluğu və 15 ildən artıqdır ki, fəaliyyətdə olması bütövlükdə media ictimaiyyətinin həmrəylik uğurudur. Şuranın jurnalistikamızın inkişafı naminə müzakirə müstəvisi kifayət qədər geniş və açıqdır. Burada istənilən məsələ alternativ fikir və düşüncələrin bolluğu şəraitində müzakirəyə çıxarılır. Oxşar qurum yarana bilərsə, nə deyim, uğurlar!”

Qeyd edək ki, “Media klub”un yaradılması haqqında bəyanatı Arif Əliyev, Elçin Şıxlı, Elimdar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev və Zahir Əzəmət imzalayıblar.

Sənəddə qeyd edilir ki, media ictimaiyyətinin nümayəndələri Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpa olunmasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.