SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Heydər Əliyev belə “Çudo peçka”dan razı idi – Məşhur iş adamının atası danışır

Heydər Əliyev belə “Çudo peçka”dan razı idi – Məşhur iş adamının atası danışır

Tarix:

4-04-2018, 18:23

/ 1 907 dəfə oxundu.
Heydər Əliyev belə “Çudo peçka”dan razı idi – Məşhur iş adamının atası danışır

Artıq neçə aydır ki, bir vaxtlar Bakının qurmanları arasında məşhur olan «Çudo-Peçka» şirkətinin acı taleyi haqqında ziddiyyətli xəbərlər qəzet səhifələrindən düşmür. Halbuki, bir müddət əvvəl həmin nəşrlərdə bu məsələ yalnız müsbət məcrada işıqlandırılırdı.
Bəs nə baş verdi? Necə oldu ki, ictimai iaşə sahəsində lider hesab edilən, biznes nüfuzuna və yüksək keyfiyyətli məhsullarına görə 8 beynəlxalq mükafatla (Nyu-York, Paris, Berlin, London, Cenevrə, Moskva və s.) təltif olunmuş şirkət müflisləşdi, onun təsisçisi – iki nüfuzlu ali məktəbin və Moskva Ali komsomol məktəbinin məzunu Çingiz Cəlilov isə müttəhimlər kürsüsünə düşdü?!
Bu suallara cavab tapmaq üçün biz şirkətin ilk addımlarından etibarən onun fəaliyyətinə yaxından bələd olan şəxsə – Çingiz Cəlilovun atası, məşhur yazıçı və kinodramaturq, Azərbaycanın əməkdar jurnalisti Asim Cəlilova müraciət etdik.
Asim Cəlilov fikri bizimlə bölüşdü:
- Nə deyə bilərəm? Nə qədər acınacaqlı olsa da, mənim oğlum son dərəcə xoşagəlməz halla üzləşib. Bu, təkcə onun bu gün az qala bütün günahlarda təqsirləndirilməsi ilə əlaqədar deyil! Bunun digər səbəbi onun namuslu bir şəxs kimi işgüzar münasibətlər qurduğu hər bir kəsə etimad göstərməsi ilə bağlıdır. Bu münasibətlər gələcəkdə artıq başqa bir məcrada cərəyan edə, başqalarının təmənnalı maraqlarına xidmət edə, onun özünə isə ziyan vura bilərdi. Bəli, mən məhz bu cür düşünürəm. Özünüz fikirləşin:
«Çudo-Peçka» 15 ildən artıq bir müddət ərzində çoxmilyonluq şəhərdə dillər əzbəri idi, onun məhsullarına tələbat çox böyük idi. Gələcək şirkətin yaradılmasının sınaq addımı kimi, 2001-ci ildə Üzeyir Hacıbəyov küçəsində, “Monolit” binasının qarşısında ilk mağaza açıldı. 2010-cu ilədək isə kafe-mağazaların sayı artıq 15-ə çatmışdı. Əgər ilk mağazalarda 30 nəfər çalışırdısa, sonradan bütün ticarət və istehsal obyektlərində ümumilikdə 2500-dən artıq əməkdaş çalışırdı.
2002-ci ildə «Sahil» metro stansiyasının yaxınlığında yerləşən mağazamıza ümummilli liderimiz, çox hörmətli Heydər Əliyev baş çəkdi. O, ticarət zalını və müxtəlif məhsullarla dolu piştaxtaları maraqla nəzərdən keçirərək gördüklərindən razı qaldı, bizim gələcək fəaliyyətimizin uğuruna öz xeyir-duasını verdi.
Yeri gəlmişkən, şəhərin tarixi yerlərinə təhkim olunmuş «Çudo-Peçka» mağazalarından heç biri öz tərtibatına və dizaynına görə digərlərini təkrarlamırdı. Onların hər birinin özünəməxsusluğu, aurası, təkrarolunmaz görkəmi vardı, bu isə müştərilərimizin və şəhərimizin qonaqlarının çox xoşuna gəlirdi. Təsadüfi deyil ki, şöhrəti bütün şəhərə yayılmış «Çudo-Peçka» ilə müxtəlif təşkilatlar, təchizatçı müəssisələr, o cümlədən maliyyə strukturları əlaqə yaratmağa çalışırdılar. Onların arasında «Bank Standard» xüsusilə seçilirdi – bu bank öz maliyyə xidmətlərini bizə inadla təklif edirdi.
Şirkətin rəhbərliyi öz imkanlarını və gələcək planlarını ölçüb-biçərək bankla əməkdaşlıq etməyi qərara aldı. 2006-cı ildə bankdan götürülmüş ilk kreditlər hesabına şirkət yeni mağazalar açmağa, ən müasir ticarət və istehsal avadanlıqları almağa başladı. Eyni zamanda, şirkət yeni istiqaməti – kənd təsərrüfatı sektorunu da mənimsəməyə başladı. Respublikanın müxtəlif regionlarında şirkətə məxsus yüz hektarlarla torpaq sahələri süfrə üzümü növlərinin yetişdirilməsinə ayrıldı (tinglər Fransadan alınırdı), alma bağları salındı, arı pətəkləri quruldu, Bakıda ilk dəfə ümumi sahəsi 1500 m2-dən artıq olan «Beş qazan» kulinariya evi açıldı.
2007-ci il şirkətin götürdüyü kreditlərin istifadəsi nöqteyi-nəzərindən səmərəli oldu. «Bakı Biskvit Fabriki» (BBF) açıldı, burada «Azərbaycan paxlavası»nın istehsalı üçün Niderlandda sifariş olunmuş unikal istehsal xətti quraşdırıldı. Dünyada analoqu olmayan bu istehsal xətti sutkada 16 tondan artıq hazır məhsul istehsal edə bilirdi.
Təəssüf ki, 2008-ci ilin oktyabr ayında bütün dünyada baş vermiş iqtisadi böhran şirkətin maliyyə fəaliyyətinə mənfi təsir göstərdi. Firmanın pul dövriyyəsi kəskin şəkildə aşağı düşərək 40% azaldı, bütün xərclər isə, o cümlədən kredit öhdəlikləri dəyişməz qaldı. Bununla belə, «Çudo-Peçka» bağladığı bütün müqavilələri icra edərək banka krediti ödəməkdə davam edirdi. Amma 2009-cu ilin ortalarında bankın tələbi ilə borcun restrukturizasiyası həyata keçirildi. Bu, şirkətin bankdan asılı vəziyyətə düşməsində ilk addım idi, çünki əsas borc məbləği də, faiz dərəcəsi də dəyişməz qalırdı, amma əlavə olunan məbləğ durmadan artırdı. İl yarımdan sonra bankın idarə heyətinin sədri Səlim Kriman yeni tələb irəli sürdü. «Çudo-Peçka»da vəziyyətin heç də yaxşı olmadığına istinad edən Kriman bunun bank rəhbərliyini və səhmdarlarını qane etmədiyini bildirərək qeyd etdi ki, hazırki vəziyyətdə yeganə çıxış yolu «Çudo-Peçka» şirkətinin 5 il müddətinə bankın törəmə şirkətinin tabeçiliyinə verilməsidir. Bundan əlavə, Səlim Kriman «Çudo-Peçka»-nın 10%-nin onun adına keçirilməsini tələb etdi. Bu zaman o iddia edirdi ki, «Çudo-Peçka» şirkəti onların tabeçiliyinə keçməklə yenidən dirçələcək, şirkət rebrendinq olunacaq, köhnə mağazalarda zəruri təmir işləri aparılacaq, yeni mağazalar açılacaq. Onun sözlərinə görə, bu addım gələcəkdə şirkəti istər daxili bazarda, istərsə də xarici investorlara sərfəli şərtlərlə satmağa kömək edəcək. Şirkətin maliyyə vəziyyətini və gələcəkdə bu cür böyük faizlərlə krediti ödəməyin mümkün ola biləcəyini nəzərə alan şirkət rəhbərliyi bu şərtlərlə razılaşaraq müqavilə bağlamalı oldu. Bu, 2011-ci ilin yanvar ayında baş verdi.
Maraqlıdır ki, yalnız istintaq orqanlarının və respublika prokurorluğunun mətbuat qrupunun məlumatlarına əsaslanan KİV-nin nəşrlərində (söhbətimizin əvvəlində onlardan söz açmışdıq) «Çudo-Peçka» şirkətinin 5 il müddətində müvəqqəti idarəçi B.O.C. (Bakery Operating Company) tabeçiliyinə verildiyi qeyd olunmur. Bu necə ola bilər? Bəlkə, bu məcburi tədbiri lazımsız, əhəmiyyətsiz bir aksiya hesab ediblər? Nə bilmək olar... Amma məhz bu 5 il ərzində «Çudo-Peçka» faktiki olaraq məhv edildi, talan olundu, uydurma borclarla yükləndi.
Bir müddət sonra, həqiqətən də, «Çudo-Peçka»nın bir sıra ticarət obyektlərində təmir-tikinti işləri aparıldı, daha bir neçə mağaza açıldı, rebrendinq keçirildi. Amma sonradan «Bakery Operating Company» idarəetmə şirkətinin rəhbərliyinin qanunsuz əməlləri haqqında məlumatlar daxil olmağa başladı. Söhbət maliyyə fırıldaqçılığı və oğurluq hallarından gedirdi. Böyük çətinliklə şirkətdə daxili auditin aparılması mümkün oldu. Yeni idarəçilər guya auditin keçirilmə səlahiyyətinin olmadığını əsas gətirərək məsuliyyətdən qaçmağa çalışırdılar, halbuki çox gözəl başa düşürdülər ki, «Çudo-Peçka» şirkətinin 90%-i Çingiz Cəlilova və onun ailə üzvlərinə məxsusdur.
Keçirilmiş audit daha əvvəl əldə olunmuş məlumatlarda göstərilən faktların düzgünlüyünü tam şəkildə təsdiqlədi.
Elə həmin dövrdə idarəetmə şirkəti «Bank Standard»-dan 7 000 000 manat məbləğində kredit aldı. Təbii ki, bu vəsait «Çudo-Peçka» şirkətinin adına rəsmiləşdirildi – bu barədə mənim oğluma məlumat verilmədi və ondan razılıq alınmadı. Bu vəsaitin təyinatı və məqsədi sonadək sirr olaraq qaldı.
Təsisçilərin növbədənkənar yığıncağının keçirilməsi tələbi ilə S.Krimana bir neçə dəfə edilən müraciətlər də cavabsız qaldı. Bu yığıncaqda «Bakery Operating Company» şirkətinin rəhbərliyinin «Çudo-Peçka»nın idarəçiliyindən kənarlaşdırılması və şirkətin qanuni sahiblərinin geri qaytarılması məsələsi irəli sürüləcəkdi. Buna cavab olaraq, bir neçə gündən sonra «Çudo-Peçka» şirkətinin təsisçisi Çingiz Cəlilovun öz ofisinin kandarına belə ayaq basmasına icazə vermədilər. Bütün bunlar bəsit “reyder basqısı” təsiri bağışlayırdı.
Daha bir hadisə isə cinayətkar xassəli bütün bu əhvalatların kulminasiyası oldu. 2014-cü ilin iyun ayında bank məhkəmə yolu ilə 3 gün ərzində 33 000 000 (otuz üç milyon) manat məbləğinin qaytarılmasını «Çudo-Peçka» şirkətindən tələb etdi. Bu əsassız və vicdansız tələb hamını şoka saldı. Çünki şirkətin bankla əməkdaşlıq etdiyi bütün bu illər ərzində şirkətə cəmi 18 000 000 (on səkkiz milyon) manat məbləğində kredit verilmişdi və bu məbləğin 15 000 000 (on beş milyon) manatı artıq qaytarılmışdı (bu barədə sənədlər var). Bütün bunların nə demək olduğunu S.Krimandan soruºduqda o belə cavab vermişdi: «Bu mənim qərarım deyil, bankın yüksək rəhbərliyinin qərarıdır». Bu hadisədən sonra «Bank Standard» ilə məhkəmə çəkişmələri hələ 2 il də davam etdi. Yalnız 2016-cı ilin fevral ayında Binəqədi məhkəməsinin qərarı və məhkəmə icraçılarının iştirakı ilə «Çudo-Peçka» şirkətinin sahibləri şirkətə qayıda bildilər və qayıdarkən gördüklərindən dəhşətə gəldilər. Təchizatçılara külli miqdarda borcların, əməkdaşlara aylarla ödənilməyən əməkhaqqının məbləği yüz minlərlə manat təşkil edirdi – hələ üstəlik, vergi və kommunal xidmət borcları da üst-üstə qalaqlanmışdı. Şirkətin hazırki direktoru Azad Abdullayev öz xidməti mövqeyindən və təhlükəsizliyindən istifadə edərək şirkətin ofisində mobil telefonların satışını həyata keçirirdi. Məhkəmə icraatının əməkdaşlarının keçirdikləri operativ çəkiliş prosesində onun kabinetindən dünyanın iki aparıcı brendinə malik 300 (üç yüz) ədəd smartfon aşkarlanaraq aktivləşdirilmişdir. Sonradan məlum oldu ki, o, şirkətin əməkdaşlarını şantaj edib hədələməklə gömrük sənədlərini imzalamağa məcbur edibmiş. Həmçinin, xammalın alış qiymətlərinin və real həcminin şişirdilməsi ilə bağlı acınacaqlı faktlar da aşkarlanmışdır ki, bütün bunlar yüz minlərlə manat təşkil edir. Bu cinayətkar sxemlərdən istifadə edərək «Bakery Operating Company» şirkətinin keçmiş rəhbərliyi hər ay «Çudo-Peçka»dan yüz minlərlə manat vəsait çıxarırdı. Azad Abdullayev yekun məhsulların hazırlanmasında istifadə olunan, vaxtı keçmiş xammalın ölkəyə idxal olunmasından özünün və ətrafındakı şəriklərinin şəxsi mənafeyi üçün istifadə edərək pul qazanırdı. O, vaxtı keçmiş həmin xammalı Ukraynadan və digər regionlardan dəyərindən aşağı qiymətə alırdı – bu isə, necə deyərlər, açıq-aşkar cinayət əməlidir. Beləliklə, «Çudo-Peçka», faktiki olaraq, uzun illər ərzində aşkar maliyyə fırıldaqçılığı və cinayətkar sövdələşmələr üçün əsl “poliqona” çevrilmişdi.
Şirkət rəhbərliyi şirkəti xilas etmək üçün külli miqdarda borca girərək öz üzərinə əlavə maliyyə öhdəliyi götürməli oldu. Amma təəssüf ki, bütün cəhdlər boşa çıxdı. Mən bircə onu deyə bilərəm ki, mənim oğlum – Çingiz Cəlilov ona qarşı irəli sürülən ittihamlar üzrə GÜNAHKAR DEYİL! Bunu mənim yuxarıda qeyd etdiyim faktlar sübur edir. O, hiylə və fırıldaqçılığın qurbanı olub.
Öz miqyasına və novatorluq mahiyyətinə görə unikal bir şirkət təsis etməklə o, nə qədər gurultulu səslənsə də, iki əsrin kəsişməsində özəl biznes sahəsində analoqu olmayan qeyri-adi struktur yaratmış olub. Onun səyləri nəticəsində minlərlə iş yeri yaradılıb, əməkhaqqı və vergi rüsumları qismində on milyonlarla manat məbləğində ödənişlər edilib. Şirkət xeyriyyəçilik sahəsində də əhəmiyyətli dərəcədə fəaliyyət göstərib. Bu fəaliyyət aztəminatlı ailələrə, Qarabağ müharibəsi veteranlarına, qaçqınlara və məcburi köçkünlərə, uçaq evlərinə, qocalar evinə, eləcə də diqqətə və qayğıya ehtiyacı olan bütün insanlara yönəlib.
Bütün bunlar onun yetkin vətəndaşlıq mövqeyini, ictimai faydalı dəyərləri öz şəxsi mənafeyindən və maraqlarından daha yüksək tutmağa hazır olduğunu göstərmirmi?
Bəs nəticəsi nə oldu? Hal-hazırda mənim oğlum (onun 58 yaşı var) artıq 8 aydan artıqdır ki, istintaq təcridxanasında saxlanılır. Onun bütün əmlakının üzərinə həbs qoyulub. Onun bütün ailəsi, o cümlədən beş azyaşlı nəvəsi öz qohumlarının və tanışlarının evlərində və bağlarında məskunlaşmalı olub. Bu azmış kimi, təcridxanada saxlandığı müddətdə oğlumun keçmiş xəstəlikləri – şəkərli diabet, hipertoniya, prostatit, eləcə də ostit (sümük toxumalarının iltihabı) kəskin şəkildə baş qaldırıb. Amma həbs-qətimkan tədbirinin ev dustağı cəzasına əvəzlənməsi ilə əlaqədar çoxsaylı müraciətlərimiz gözlədiyimiz nəticəni verməyib. Görünür, cəmiyyət üçün böyük işlər görmüş vətənpərvər oğlumu bu cəmiyyət üçün təhlükəli hesab edirlər. Axı onun qısa müddət ərzində təsis edərək inkişaf etdirdiyi böyük bir müəssisə hər gün minlərlə insanı istənilən zövqə və seçimə uyğun, dadlı və hər kəsin büdcəsi üçün əlverişli olan yeməklə təmin edirdi.
Bu gün oğlum 179.3.2 və 308.2 maddələri ilə təqsirli bilinir. Bu maddələr külli miqdarda vəsaitin mənimsənilməsinə və ya talan edilməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsinə və bunun ağır nəticələrə gətirib çıxarmasına görə bir neçə illik həbsxana cəzasını nəzərdə tutur.
Burada belə bir ziddiyyət var: bu ağır cəza, bir vaxtlar Bakı şəhərində və onun hüdudlarından kənarda çox məşhurlaşmış bir şirkətin təsisçisinin və hazırki məhbusun müdafiəsi yönümündə mənim qeyd etdiyim faktlara nə dərəcədə uyğundur? Bunun bir cavabı var: bu qərəzsiz faktlar özgələrin nailiyyətini və şöhrətini mənimsəmə çalışan şəxslərin cinayətkar əməllərinə qarşıdır.
Bunu birlikdə həyata keçirməyə cəhd edək. Yekun nəticəni isə qoy son söz hüququna malik olan şəxslər çıxarsın – mən onların obyektivliyinə və peşəkarlıq səviyyəsinə inanıram.
Mən 82 yaşlı, nikbin bir adamam və əminəm ki, bugünkü cəmiyyətimizdə yaradılmış sağlam həyat mühitində son illərdə əldə olunmuş uğurların müsbət göstəricilərindən biri qanunlarının aliliyinin və insan hüquqlarının – bu əbədi demokratik dəyərlərin təmin olunması instiqamətində ölkə rəhbərliyinin atdığı məqsədyönlü addımlardır. Bu hal, "Çudo-Peçka"nın işində adı hallanan şəxslərin günahkarlıq və ya günahsızlıq dərəcəsi haqqında qərarın qərəzsiz olacağına əminlik yaradır. Nəzərə almaq lazımdır ki, oğlumun təsis etdiyi unikal şirkəti fırıldaqçılıq yolu ilə ələ keçirib talan edərək dağıtmış cinayətkarlar özlərinin verdikləri çoxmilyonluq kreditləri ələ keçirərək qaçmağa üstünlük veriblər...
Maraqlıdır, həmin şəxslər məhv etdikləri insan talelərinin hesabına yad ölkələrdə azadlığın ləzzətini nə vaxtadək dadacaqlar?
Diqqətinizə görə minnətdaram!

Şərhlər

XƏBƏR LENTİ