SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Niyə kişilər özlərindən böyük qadınlarla evlənir?

Niyə kişilər özlərindən böyük qadınlarla evlənir?

Tarix:

1-02-2018, 10:37

/ 1 347 dəfə oxundu.
Niyə kişilər özlərindən böyük qadınlarla evlənir?

Xüsusilə son illər gənc oğlanların özlərindən yaşca çox böyük qadınlarla evlənməsi halları artıb. Amma cəmiyyətin bu cür hallara münasibəti birmənalı deyil. Əksəriyyət belə münasibəti hələ də qəbul edə bilmir. Çoxlarının fikrincə, kişi evlənəcəyi xanımdan yaşca böyük olmalıdır. Bəs əslində doğru hal hansıdır? Niyə oğlanlar özlərindən yaşca böyük qadınlarla ailə qururlar? Daha çox hansı xasiyyətli oğlanlar bu cür addım atır? Psixoloq Səbinə Bayramova Ailem.az-a açıqlamasında məsələnin psixoloji məqamlarına aydınlıq gətirib.

Bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, cəmiyyətdə yayılmış bir fikir var ki, kişi qadından bir neçə yaş böyük olmalıdır. Əslində isə evlilik psixologiyasında daha çox psixoloji yaş önəmlidir: “Bəzi cütlüklər arasında bir neçə yaş, bəzilərində isə 8-10 yaşa qədər olur. Əslində isə evlilik psixologiyasında, daha çox psixoloji yaşın önəmindən söhbət aça bilərik. Çünki bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür. Evlənəcək şəxslərin psixoloji özəlliklərini müəyyənləşdirən isə bioloji yaş deyil. Onların yetişmə tərzi, təhsil vəziyyəti, yetişdiyi ailə, ortamdır”.

“Böyümək” psixoloji yetkinlik demək deyil

Mütəxəssis deyir ki, evlilikdə şəxslərin bioloji yaşı yox, psixoloji yaşı əsas rol oynayır: “Məsələn, eyni yaşda olan cütlüklərin birinin uşaq xarakterli, digərinin daha yetkin şəxsiyyətə sahib olduğunu tez-tez görürük. Bu da əlbəttə, münasibətin, evliliyin hüzurlu davam etməsinə mane ola biləcək özəlliklərdəndir. Cəmiyyətimizin gəldiyi bir qənaət var ki, insan yaşa dolduqca bu yaşlılıq onun yetkinliyinin göstəricisidir. Amma bu yanaşma heç də doğru hesab olunmur. Çünki “böyümək” heç də psixoloji yetkinliyi öz bərabərində gətirmir”.

Bu tip oğlanlar anasız qərar verə bilmirlər

S.Bayramova qeyd edir ki, oğlanların özlərindən yaşca böyük qadınla evlənmək istəmələri şüuraltı olaraq oğlanın anasının göstərdiyi qayğını həmin qadında axtarması ilə bağlıdır: “Bəzən analar fəxr ilə deyirlər ki, oğlu anasından asılıdır, anasız qərar vermir. Amma bu, heç də fəxr olunası bir durum deyil. Hazırda mütəxəssislər, psixoloqlar 15 yaşlı yeniyetmə oğlanın anasından hədsiz dərəcədə asılı olmasını yaxşı hal kimi dəyərləndirmirlər. Bu, ana üçün qürur, fəxr, xoşbəxtlik sayılmamalıdır. Çünki həmin oğul 20-30 yaşa çatanda 40 yaşlı qadını sevməyə maraq göstərə bilər. Yaxud azyaşlı uşaq orta məktəbdə müəlliməsini sevməyə başlaya bilər. Bu da platonik məhəbbət hesab olunur. Çünki bizim cəmiyyətdə sosial, ictimai qınaq olduğuna görə, xanımlar özlərindən yaşca kiçik oğlanlarla sevgi yaşamaqdan qaçırlar, istəsələr də yaşamırlar bunu. Buna görə də elə həmin oğlanların özü də bundan məyus ola bilərlər. Bunu analar nəzərə almalıdır.
Son zamanlar özlərindən yaşca böyük qadınlarla evlənən oğlanların sayı az deyil və əvvəlki illərə nisbətən artır. Bu hal dediyim kimi, daha çox analarla bağlıdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsiz olur. O sevgi nə qədər güclüdürsə, özündən böyük qadınlara da meyl o qədər artır. Bir ana oğlunu həddindən artıq özündən asılı edirsə, o, anasına düşkün olur. Həmin oğlan sevdiyi insana da bu cür bağlanmağa başlayır. Adətən də yaşı yuxarı qadınlara maraq göstərməyə başlayırlar”.

Evlənəcəkləri qadının yaşlı və zəngin olmasını istəyirlər

Psixoloq məlumat verir ki, ərköyün böyüdülən, daha çox rahatlığa alışan oğlan övladlarında da bu hala çox rast gəlinir: “Valideynlərinin hesabına həyat tərzi keçirən oğlanlarda problemlər olur və tələblərdən dolayı gələcəkdə pul qazanmaqda əziyyət çəkirlər. Belə oğlanlar düşünür ki, evlənəcəyi qadının yaşlı, kifayət qədər də zəngin biri olması onlar üçün sanki ata-ana rolunu əvəz edə, maddi problemlərini həll edə bilər. Bunları ətraflı düşünüb qərar verəndə məhz belə bir xanım seçirlər”.

Kişi qadından 4-5 yaş böyük olmalıdır

“Evlilikdə oğlanların qızlardan böyük olması mütləqdirmi?” sualını cavablandıran mütəxəssis deyir ki, bunu qanun kimi qəbul etmək doğru deyil: “Mütləq oğlanlar qızlardan böyük olmalıdır, qızlar kiçik olmalıdır deyə bir qanun yoxdur. Amma çox zaman bu, tövsiyə olunur. Bu da qadınlarda 35 yaşdan sonra klimaksın baş verdiyini, kişilərdən daha tez yetişdiyini, yəni bioloji yaşını nəzərə alaraq tövsiyə edilir. Qadının bioloji baxımdan kişidən tez inkişaf etdiyini nəzərə alsaq, evlilik məqamında qadının kişidən yaşca az olması daha məqsədəuyğundur. İdeal yaş fərqi isə kişinin qadından 4-5 yaş böyük olmasıdır. Amma psixoloji yaşla intellekt üst-üstə düşürsə, qadının kişidən böyük olmasında ciddi problem olmaz”.

Evlilikdə 10 il sonranı belə düşünərək addım atılmalıdır

“Bəzən olur ki, özündən yaşlı qadınla ailə quran cütlüyün müəyyən problemləri ortaya çıxır. Bir-birini sevə, aşiq ola bilərlər, amma məsələ ciddiyyətə gələndə evlənəndən sonra qadın da kişidən hansısa diqqəti, qayğını, nəzakəti istəyər. Lakin oğlan daha ərköyün, kiçik olduğu üçün qayğını, sevgini yetəri qədər göstərməyə bilər. Bu da qadının üsyan etməsinə gətirib çıxarar. Evlilik çox ciddi bir dönəmdir. Bu zaman hətta 10 il sonranı belə, düşünərək addım atılmalıdır. Ən əsası isə evlilikdə yaşın və həyatın gətirdiklərinə birlikdə sinə gərə bilməkdir. Belə bir situasiyanın içində fikirləri qarışıq olan biriləri varsa, mütləq mütəxəssisə, psixoloqa müraciət edərək bir-birlərinə uyğun olub-olmamalarını, xarakterlərini psixoloji testlər vasitəsilə aydınlaşdıra bilərlər”, -deyə S.Bayramova diqqətə çatdırdı.

Şərhlər

XƏBƏR LENTİ