XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Yevlaxda gəncdən iki şəhid anasına qarşı VƏHŞİLİK

Yevlaxda gəncdən iki şəhid anasına qarşı VƏHŞİLİK

Yevlaxda gəncdən iki şəhid anasına qarşı VƏHŞİLİK
27-11-2017, 16:12

Yevlax rayonunda 86 yaşlı qadını qətlə yetirərək evini qarət etməkdə təqsirli bilinən Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuş 1991-ci il təvəllüdlü Aqil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aqil İsmayılov həmyerlisi və tanışı 86 yaşlı Maral Nəsibovanın üzərində qızıl-zinət əşyaları gəzdirməsini, həmçinin müəyyən məbləğdə pul vəsaitinə sahib olmasını qabaqcadan bilib. O, Maralın tək yaşamasından istifadə edərək onu öldürmək, habelə əmlakını və pul vəsaitini quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib.

Yaşlı qadının qətli

Bu məqsədlə Aqil 13 mart 2016-cı ildə, saat 23.00-da Maralın yaşadığı Yevlax şəhəri, 32-ci məhəllədə yerləşən 4 nömrəli binanın 32-ci mənzilinə gəlib. O, mənzilin qapısını döyməklə Marala həmyerlisi Nizaminin oğlu olduğunu deyib və qapını açmasını xahiş edib.

86 yaşlı qadın qapını açdıqdan sonra Aqil içəriyə daxil olub, sonra ondan pul verməsini tələb edib. Maral isə bu tələbdən imtina etdikdə Aqil onu yumruq və təpiklə vurub. 86 yaşlı qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Daha sonra Aqil qadına məxsus 882 manat dəyərində olan qızıl-zinnət əşyalarını, 340 manat nağd pulu və pensiya ödənişi üçün nəzərdə tutulmuş "Kapital Bank” ASC-yə məxsus bir ədəd, üzərində 4 rəqəmli kodu yazılmış plastik kartı götürüb.

O, həmin gecə saat 01.20-də kartda pulun olub-olmamasını yoxlamaq üçün "Kapital Bank”ın Yevlax şəhəri H.Əliyev prospektində yerləşən bankomatına yaxınlaşıb. Orada dayanmış tanışı Elməddin Rzayevdən həmin kartı yoxlamasını xahiş edib. Elməddin də plastik kartı yoxlayaraq, içərisində olan 328 manat pulu çıxararaq Aqilə verib.

Üç maddəli cinayət işi

Aqil İsmayılov Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham edilib.

Aqil İsmayılovun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Üstündəki qızıllara diqqət eləmişəm”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil İsmayılov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, Maralı 6-7 il əvvəl Yevlax şəhəri Mingəçevir stansiyasında Eko qəsəbəsində birlikdə qonşu kimi yaşayarkən tanıyıb: "2010-cu ildə Yevlax şəhəri "32-ci məhəllə” adlanan ərazidə müvəqqəti yaşamaq ücün evlər verildi və həmin vaxtdan Maralın 32-ci məhəllədəki 4-cü binada yaşadığını bilmişəm. Hətta bir dəfə Maralın yaşadığı həmin mənzildə oldum. Ona təmir işlərinə köməklik etdim. Həmin vaxtdan sonra hər dəfə Maral nənəmin yaşadığı binanın qarşısından kəçəndə onunla hal-əhval tutmuşam. Həmin vaxtlar da Maralın barmaqlarına qızıl üzük, qulağına qızıl sırğa, boynuna qızıl sep taxdığına diqqət etmişəm”.

"5-10 manat borca pul istədim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, yəni martın 13-də, saat 14.00-da Nüsrətin evində onun ailə üzvləri ilə 700 qramlıq arağı 6 nəfərə içiblər: "Saat 20.00-da tək 3 litr pivə içdim, bir qədər sonra isə azyaşlı uşaqlarımın evə şirniyyat alaraq gətirməyimi istəmələri yadıma düşdü. Pulum olmadığı, uşaqlarıma bayram günündə şirniyyat ala bilmədiyim üçün təsirləndim. Saat 23.00-da Maralgilə getməyi, pul əldə etməyi qəti qərara aldım. Bu səbəbdən Maralın yaşadığı mənzilə getdim. Məqsədim Maraldan pul əldə ətmək olub. Mənzilin qapısını döydükdə, məndən kim olduğumu soruşdu. Marala Nizami müəllimin oglu olduğumu bildirdim. Maral qapını açaraq məni içəri dəvət etdi. Biz yataq otağına keçdik. Daha sonra Maral mətbəxə keçdi, qazın üzərinə çay qoyaraq yenidən otağa qayıtdı. Bu zaman Maraldan 5-10 manat borca pul istədim. Maral isə pulu olmadığını bildirdi”.

"Vurdum ki, tez ölsün”

Aqil İsmayılov qeyd edib ki, həmin evdən pul götürərək çıxmağı qəti olaraq fikirində tutub: "Buna görə onu vurdum. Maral yerindən qalxanda onun səs-küy salacağından qorxdum. Bu səbəbdən sağ əlimlə Maralın ağız-burun nahiyəsinə güclü zərbə vurdum. Maral arxada yerləşən döşəklərə dəyərək yanı üstə yerə yıxıldı. Daha sonra aşağı əyilərək Maralın ağız-burnunu tutdum ki, nəfəs almasın, həmin vaxt ancaq Maral yerində çabalayıb. Bundan sonra Maralın alın-baş nahiyəsinə təxminən 7-8 yumruq zərbələri vurdum ki, tez ölsün”.

"Məqsədim öldürmək olub”

Aqil İsmayılov bildirib ki, daha sonra Maralın başında olan yaylığı çıxararaq boğazına dolayıb: "Onun boğazına doladığım yaylığı bərk-bərk sıxdım ki, ölməsinə əmin olum. Həmçinin Maralın bədəninin müxtəlif nahiyələrinə təxminən 5-6 təpik zərbələri vurdum. Maralı vurmaqda məqsədim onu öldürmək idi. Maralı öldürməyimin səbəbi isə evindəki bütün pul və qızıl-zinət əşyaları əldə etmək olub. Həmin vaxt evdəki döşəklərin arasını, sandığın içərisini və digər saxlanc yerlərini axtardım. Evdə nə qədər pul, qızıl-zinət əşyaları olsa, götürmək fikirində olmuşam”.

"Meşədə qoyun kəsdiyimi dedim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Maralın boğazında olan bir ədəd qızıl sepi, barmağında olan 3 ədəd üzüyü, qulağında olan sırğaları götürüb: "Sonra yenə evi axtarmağa başladım. Evdə olan dəmir pivə yeşiyinin uzərində olan köynəyinin yan cibindən evin açarını, pul qabından ümimilikdə 340 manat 40 qəpik, həmçinin evdə olan plastik pensiya kartını da götürdüm. Həmin kartın arxasına kartın 4 rəqəmli kodu da yazılmışdı. Bundan sonra isə hamama gedərək əlimin qanını yudum. Maralın paltarının cibindən götürdüyüm evin açarı ilə qapını arxadan bağladım. Sonra oradan uzaqlaşaraq yaşadığım ərazinin yaxınlığındakı magistral yolu keçdim. Orada hündür şam ağaclarının altında qızıl-zinət əşyalarını sellofanın içərisində basdırdım. Evin açarını isə yolda zibil qutusuna tulladım. Sonra isə taksiyə əyləşərək şəhərdə yerləşən 7 nömrəli məktəbin qarşısındakı bankomata yaxınlaşanda Elməddin adlı tanışımı orada gördüm. Maralın evindən götürdüyüm pensiya kartından pulu çəkməyi Elməddindən xahiş etdim. Ancaq kartların yalandan özümə aid olduğunu və pulu çəkə bilmədiyimi dedim. Belə etməkdə məqsədim bankomatda şəklimin düşməməsi olub. Elməddin isə kartda olan 328 manat pulu çıxartdı. Pul çıxdıqda özüm pulu bankomatın gözlüyündən götürdüm. Sonra taksi ilə avtovağzalda düşdüm. Oradan piyada yaşadığım evə getdim. Evə gəldikdə üstümdə qan ləkələri olduğundan həyat yoldaşım Günel məndən bunun səbəbini soruşdu. Meşədə qoyun kəsib, yeyib-içdiyimizi, bu səbəbdən də üstümdə qan ləkələri olduğunu dedim”.

"Pensiya kartını kanala tulladım”

Təqsirləndirilən şəxs bildirib ki, martın 14-də, saat 10.00-da tanışının taksisi ilə Mingəçevir şəhərinə yollanıb: "Yolda gədərkən Yevlax ərazisini çatmamış Neftbaza idarəsinin qarşısından keçən şor su kanalının üstündə maşını saxlatdırdım, ayaqyoluna gətmək adı ilə üstümdə olan pensiya kartını kanala tulladım. Martın 17-də Yevlax rayon polis şöbəsinin əməkdaşları məni şöbəyə dəvət etdilər. Mənimlə söhbət aparan zaman cinayəti törətdiyimi boynuma aldım”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Teymur Nəsibov ifadəsində göstərib ki, martın 14-də, təxminən saat 10-11 radələrində bacısı oğlu Ruslan ona zəng edib və "nənəm Maral vəfat edib” deyə bildirib: "Anam Maralın yaşadığı ünvana gəldim. Orada çoxlu sayda insan və polis əməkdaşlarının toplaşdıqlarını gördüm. Nə baş verdiyi ilə maraqlandım. Bu zaman anamı tanımadığı kiminsə yumruqla döyərək öldürdüyünü bildim. Martın 17-də eşitdik ki, anamı Aqil İsmayılov adlı şəxs yumruğu və təpiyi ilə döyərək öldürüb”.

18 il həbs və ömürlük cəza tələbi

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil İsmayılov cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verərək, Aqil İsmayılovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin apelyasiya şikayəti təmin edilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən Maral Nəsibovanın iki övladı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.