“Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktoru Bəhruz Səlimxanov 9-11-ci siniflərdə oxuyan 23 şagirddən dərsə gəlməmək müqabilində 50 manat pul alır”.
Bunu məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş Faiq Bayramov deyib. Onun iddialarına görə, direktor şagirdləri sinifdən-sinifə keçirmək üçün valideynlərdən 50 manat pul istəyir.
“Biz bu faktları təzə aşkarladıq və etiraz edəndə isə məni və direktorun tərbiyə işləri üzrə müavini İlkin Əliyevi işdən çıxardı. Bizim əmrimizi heç bir Pedoqoji Şura keçirmədən, müəllimlərdən ərizə almadan oktyabrın 23-də işdən çıxardı, bu gün isə əmək kitabçamızı əlimizə verdi. 2011-ci ildə icra başçısı Eldar Əzizov onu məktəbə direktor təyin edib. Ondan sonra məktəbdə korrupsiya halları artmağa başladı. Məsələn, jurnal pozulmayan qələmlə yazılmalıdır. Lakin direktor jurnalı yazıb-pozan qələmlə yazdırır. Valideynlərdən pul alandan sonra şagirdin qiymətlərini düzəldir və nəticədə 9 il 3 alan şagird 4-5 qiymətləri ilə attestat alır”.
F.Bayramov bununla bağlı Sumqayıt Şəhər Prokrorluğuna, Təhsil Nazirliyinə müraciət etdiyini deyib: “Təhsil Nazirliyinin daxili nəzarət şöbəsində oldum, dedilər araşdıracağıq. Lakin məktəbə hələ də yoxlama gəlməyib. Mənimlə yanaşı 16 nəfər müəllim də ərizə yazıb. 62 yaşım var, 30 ilə yaxındır Sumqayıt təhsilindəyəm və direktor müavini işləmişəm. Keçən il icra başçı məni təltif etdi. Bunlar mənim təhsillə bağlı şimdə bir bəhanə tapmadıqları üçün şər atırlar. Üstümə iradəsi zəif olan qadınları göndərib və onların adından ərizə yazıdırıb ki, guya mən onlara sataşmışam. Bu ərizələri də özləri Prokrorluğa təqdim etməyib, təhsil şöbəsinin müdiri Nizami Namazov verib. Bu, korrupsionerin arxasında da Nizami Namazov durub”.
Qeyd edək ki, haqqında səslənən iddialarla bağlı Bəhruz Səlimxanovdan münasibət öyrənməyə çalışsaq da, onun hazırda məktəbdə olmadığı bildirildi.
AzVision.az