SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “... Yoldan keçən qıza-gəlinə söz atanlar var”

“... Yoldan keçən qıza-gəlinə söz atanlar var”

Tarix:

25-10-2017, 12:53

/ 58 666 dəfə oxundu.
“... Yoldan keçən qıza-gəlinə söz atanlar var”

Son günlər ölkə gündəmindən düşməyən əsas mövzulardan biri sükan arxasında söhbət edən şəxslərin cərimələnməsi ilə bağlı müzakirələr aidiyyatı qurumları təmsil edən polkovniklərin bir-birinə zidd açıqlama verməsi ilə yenidən qızışıb.

Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində belə bir müddəanın olduğunu bildirsə də, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlamasında sükan arxasında su içmək, danışmaq, musiqiyə qulaq asmağın qanunla qadağan olunmadığını bildirib.

“Qafqazinfo” sözügedən müzakirələrə son qoymaq məqsədi ilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Bu kimi hüquqi məsələlərlə bağlı şərh verməyin yalnız mütəxəssis və hüquqşunasların işi olduğunu bildirən deputat gündəmlə bağlı hər kəsin müxtəlif formatda rəy verməsinin cəmiyyətdə çaşqınlıq yaratdığını vurğulayıb:

“Əslində, polis qanunda nə varsa, onu deyir. Əgər qanun varsa, onun tətbiq olunmasına da nəzarət olunur. Qanunda bəzən elə maddələr olur ki, tətbiqinin insanlar arasında narazılıq yaradacağı düşünülür və təxirə salınır. İki polkovnik Vaqif Əsədov və Kamran Əliyevin açıqlamalarına hüquqi şərh verən zaman onu qeyd etmək istəyirəm ki, həqiqətən də “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndinin 2-ci hissəsində belə bir müddəa var: Nəqliyyat vasitəsini idarə edən zaman diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitələrinin hərəkəti zamanı telefonu əlində saxlamaq və ondan istifadə etmək.

Bəli, telefonun əldə saxlanması zamanı Dövlət Yol Polisi əməkdaşları cərimə tətbiq edirlər. Ancaq diqqəti yayındıra biləcək söhbətdə iştirak etməklə bağlı mən hələ ki, kiminsə inzibati məsuliyyətə cəlb olunmasının şahidi olmamışam. Qanunverici orqanın nümayəndəsi kimi istəməzdim ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına xidmət edən, yol hərəkəti təhlükəsizliyini təmin edən polis əməkdaşları sosial şəbəkələrdə tənqid hədəfinə çevrilsin.

Düzdür, Kamran bəy belə qanunun olmadığını söyləyib, ancaq mən də təsdiq edirəm ki, belə bir qanun var. Amma bu, o demək deyil ki, sükan arxasında əyləşən sürücü yanındakı sərnişindən nəsə soruşarsa və yaxud ona ünvanlanmış sualları cavablandırarsa, buna görə inzibati qaydada 40 manat cərimə olunacaq. Əgər bu belə olsa, taksi sürücüləri gərək fəaliyyətlərini dayandırsınlar. Və yaxud da heç ağla batan deyil ki, sürücü ailə üzvləri ilə səyahət edən zaman onlarla maraqlanmasın və s.

Söhbət yalnız və yalnız avtomobili idarə edən zaman diqqəti yayındıra biləcək söhbətlərdən gedir. Bəzən elə hallar olur ki, sürücü sükan arxasında olan zaman çönərək arxadakı dostları ilə söhbətlər edir, emosiyalara qapılaraq sükanı buraxıb əl-qol hərəkətləri ilə danışır, hətta qışqırıb dalaşanlar da olur. Bu zaman həmin şəxslər qəza təhlükəsi yaradır. Yəni, qanunun olması hələ o demək deyil ki, kütləvi şəkildə hər bir şəxsə tətbiq ediləcək.

Başını maşından çıxarıb yoldan keçən qıza-gəlinə söz atan sürücülər var. Bunlar təkcə inzibati məsuliyyət deyil, həm də ictimai qınaq obyekti olmalıdır. Bu səbəbdən də bizim vətəndaşlarımızın bu dərəcədə təşvişə düşməsinin tərəfdarı deyiləm. Qanun var və lazım olduğu təqdirdə tətbiq olunacaq”.

Şərhlər

XƏBƏR LENTİ