XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » «Şanxay» sakinlərindən Mehriban Əliyevaya müraciət: «Bəzi işbazlar...»

«Şanxay» sakinlərindən Mehriban Əliyevaya müraciət: «Bəzi işbazlar...»

«Şanxay» sakinlərindən Mehriban Əliyevaya müraciət: «Bəzi işbazlar...»
20-10-2017, 14:33

Bakının "Şanxay məhəlləsi" kimi tanınan ərazisində yaşayan sakinləri verilən kompensasiyadan narazıdırlar.

Daxil olan məlumata görə, "Şanxay"da (Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsi) evlərin sökülməsi işlərinə başlanılıb. Artıq dəmir yoluna yaxın evlərin "ölçüm" işləri yekunlaşıb və sentyabr ayının 11-dən etibarən 100-ə yaxın ev sahibinə bu barədə bildiriş paylanılıb. Lakin qəsəbə sakinləri “Vahid Qiymətləndirmə Şirkəti” MMC-nin ölçüm və qiymətləndirmə işlərindən narazıdırlar.
Onların sözlərinə görə, şirkət sahəsi çox olan evlərin əksəriyyətinin kvadrat metrlərini az yazıb, evlərin yaşayış sahələrini qeyri-yaşayış sahəsi kimi qeydə alıb. Mənzillərin hündürlüyünün isə standartarlara uyğun olmadığını, həmçinin düzgün tikilmədəyini də “səbəb” kimi göstəriblər.
"Şəhərin mərkəzinə 10-15 dəqiqəlik məsəfədə yerləşən qəsəbədəki evlərin kvadrat metrinə 500-1000 AZN məbləğində ödəniş edilir. Bu qiymətə isə Bakıda heç 1 otaqlı mənzil də almaq mümkün deyil. Halbuki, Zığ ərazisində söküləcək evlərə 1200 azn kompensasiya veriləcək. Bir sözlə hesablanan məbləğ bazar qiymətlərinə heç də uyğun deyil və böyük uçurum var. Deməli, 1000 AZN yaşayış sahəsinə, 500 AZN isə qeyri yaşayış sahəsinə ödəniləcək. Evlərin həyətləri isə ümumiyyətlə hesablanmayıb və ölçülməyib. Sahəsi böyük olan evlərdə isə hamam, tualet, yardımçı hissə ümumi sahəyə əlavə edilməyib. Bu səbəbdən də evlərimizin yenidən və ədalətli şəkildə ölçülməsini tələb edirik", - deyə sakinlər bildiriblər.
Artıq bir neçə nəfərin verilən kompensasiyanı qəbul etdiyini deyən sakinlər həmin insanların bir çoxunun Bakının digər qəsəbələrində hazır evlərinin olduğunu, ya da çarəsizlikdən, ümidsizlikdən bu məbləğlə razılaşdıqlarını qeyd ediblər.
Kompensasiya alan sakinlər isə Muğan Bankdan narazıdırlar. Onların sözlərinə görə, ödənilən 100.000 manat üçün bank tərəfindən 700-1000 AZN arasında faiz tutulur. Bu da aztəminatlı ailələr üçün böyük məbləğdir.
"Bu qəsəbədə 50-60 il yaşayanlar var. Bir çox evlərdə 2-3 ailə birgə yaşayır. Veriləcək məbləğ insanların mənzil şəraitini daha da pisləşdirəcək və ailələrin evsiz qalmasına gətirib çıxaracaq. Qəsəbəmizin adı “Şanxay” olsa da, illərlə hamı sakit və mehriban şəraitdə yaşayıb. Həmişə vaxtlı-vaxtında bütün rüsumları, kommunal xərcləri ödəmişik. İndi isə bəzi məmurlar sakinləri çıxalmaz vəziyyətə salırlar. Qarşıdan isə qış gəlir...", - deyə şikayətdə bildirilir.
Qəsəbə sakinləri məsələ ilə bağlı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar.

Müraciət məktubunu təqdim edirik:

"Hörmətli Mehriban xanım.

İlk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sizə etimad göstərərək Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin etməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Siz xalqımız üçün böyük işlər görmüsünüz. Biz hər zaman sizi dəstəkləyir və bu işlərdə Sizə uğurlar arzulayırıq.
Biz böyük hörmət və ehtiramla bu müraciəti Sizə yazırıq. İnanırıq ki, məktubumuzu oxuyub acınacaqlı vəziyyətimizlə tanış olduqdan sonra Sizə ünvanladığımız müraciətlə əlaqədar bizə köməklik edilməsi üçün aidiyyatı orqanlara lazımi göstərişləri verəcəksiniz.

Əhalimiz bütün ümidlərini cənab Prezidentimizə və Sizə bağlayır.

Diqqətinizə çatdırırıq ki, Nizami rayonu Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi ("Şanxay" qəsəbəsi) plana düşmüşdür. Hörmətli prezidentimizin əhalinin güzaranının, sosial şəraitinin yaxşılaşdırılması üçün çıxardığı bu qərar bəzi işbazlara qara əməllərini, işlərini həyata keçirməyə fürsət verib. Belə ki, həmin şəxslər Prezidentimizin dediyi kimi Bakı şəhərində evlərin kvadrat metrinə 1500 manat deyil, 500-1000 manat verirlər və evlərin ölçüm işlərini yanlış aparırlar. Sizin tövsiyyə etdiyiniz kimi əhalinin maraqlarını nəzərə almırlar. Həmin işbazlar ancaq şəxsi maraqlarını güdür və bizi aldatmağa çalışırlar.
Hörmətli Mehriban xanım. Bu məbləğə Bakı şəhəri Nizami rayonunda fərdi yaşayış evi ala bilmirik. Hazırda qəsəbə sakinləri çıxılmaz vəziyyətlə üzləşiblər və aidiyyatı orqanlar məsələnin həllində yardımçı olmaq istəmirlər, ya da ki bu məsələnin həllində maraqlı deyillər.
Sizdən xahiş edirik ki, müraciətlərimizi nəzərə alaraq bu problemin həllində və münasib bir məbləğdə pul ayrılması üçün aidiyyatı orqanlara göztərişlərinizi verəsiniz.

Əvvəlcədən təşəkkürümüzü bidiririk".

"Qaynarinfo"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.