SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Seleksiyaçı” Səfərova qarşı korrupsiya iddiaları niyə yoxlanılmır?

“Seleksiyaçı” Səfərova qarşı korrupsiya iddiaları niyə yoxlanılmır?

Tarix:

13-10-2017, 15:27

/ 87 342 dəfə oxundu.
“Seleksiyaçı” Səfərova qarşı korrupsiya iddiaları niyə yoxlanılmır?

Ötən yazımızda dövlətin yürütdüyü media siyasətindən bəhs edərkən bu sahədə əsas fiqurlardan sayılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin Azərbaycan dilindən xəbəri olmadığına toxunmuşduq. Yazı gün işığına çıxan gün Vüqar Səfərlini bu mühüm vəzifədə oturtmaq üçün heç vaxt dəstəyini əsirgəməyən Əli Həsənov Prezidentin tapşırığı ilə media qurumlarını, əsasən də TV rəhbərlərini yığıb “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirdi. Taleyin ironiyasına baxın ki, həmin toplantıda lap ön sırada TV rəhbərləri ilə yanaşı, Vüqar Səfərli də oturmuşdu. Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı toplantıda V. Səfərlinin iştirakını görənlərin üzlərindəki təbəssümü anlamaq çətin deyildi. Kim də bilməsə media cameəsi yaxşı bilir ki, fond rəhbəri 3-4 cümlə ard-arda danışmaq üçün ana dilimizin anasını necə ağladır…
Aktual konfransın təşkilatçılarına bu sualı necə verməyəsən – Jurnalistikaya heç bir dəxli olmaya-olmaya özünü bura dürtərək dilimizi korlayanlardan biri də elə Naxçıvandakı yüksək vəzifəli məmura görə soyadını dəyişən V.Səfərli deyilmi? Dövlət başçısının tapşırığına əməl edərək konfrans keçirdiyini deyən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçi Əli Həsənov dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsindən danışarkən media siyasətini yürütmək üçün təyin etdirdiyi kadrların dövlətimizin əsas atributlarından biri olan Azərbaycan dilini bilmədiyindən xəbəri varmı?
V. Səfərlinin bu sahədəki məharətini görmək üçün uzaqlara getməyə ehtiyac yoxdu. KİVDF rəhbərinin həmkarlarımıza zaman-zaman verdiyi açıqlamalara göz atmaq yetər. Jurnalistlər üçün inşa edilən sayca ikinci bina ilə bağlı APA-ya danışarkən cənab Vüqar Səfərli belə demişdi: “Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan (mətbuata aid olmayanların başında özü gəldiyi halda – E.Ə.) insanların da müraciətləri var idi. Qalan 1000 müraciət SELEKSİYA (??? – E.Ə.) olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq. Siyahı hərtərəflidir, istər elektron media, istər televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb”.
Təkcə ev və qonorarın deyil, həm də dilimizin qeydinə qalmalı olan jurnalist qardaşlarımız, mətbuatda “saç ağardan” Vüqar Səfərlidən niyə soruşmadınız ki, müraciətlər necə seleksiya oluna bilər? Səngərin müxtəlif tərəflərində “döyüşən” jurnalistlər, hətta tərəfsiz qalanlar belə cənab fond rəhbərinin səhvini qabartmaqdan qorxdular. Çünki onların ev almaq üçün verdikləri sənədlər məhz Səfərlinin əlinin altında idi…
Tədbirlərdəki hər çıxışında, mətbuata açıqlamalarında ana dilimizin başına oyun açan V. Səfərliyə dur deyən tapılmır. Onu bu məsul vəzifəyə yenidən təyin etdirən ictimai-siyasi məsələlər üzrə köməkçi Əli Həsənov da öz sevimli kadrını göz bəbəyi kimi qoruyur.
İndi isə keçək söz verdiyimiz kimi, V.Səfərlinin dövlətin media siyasətinə zərbə vuran korrupsiya məsələsinə. Birincisi, bu şəxsin belə bir yüksək vəzifə daşıdığı halda bir neçə qəzet və sayt saxlayaraq mediamaqnat olmağa çalışması qanunsuzdur. Dövlətin ayırdığı pulları bu qəzetlər vasitəsilə mənimsəməsi də əsl korrupsiya əlamətidir. Öz qəzetlərinə pul ayrıması və yazı müsabiqələrində öz jurnalistlərinə yer verməsi V.Səfərlinin ən çox sevdiyi işlərdəndir.
Jurnalistlərin ikinci binasında mənzillər bölünərkən də fond rəhbəri yağlı əlini öz adamlarının başına çəkdi, nəzarətində olan qəzet və saytlara qarşı xəsislik göstərmədi.
Bu ilin iyulunda jurnalistlərə evlərin paylanmasında qanunsuzluqlara göz yumulması, ev alacaq şəxslərin müəyyənləşdirilməsində ədalətsizliklər və mənzil şəraitinin qənətbəxş olduğu halda düz 52 nəfərin evlə təmin olunması barədə mətbuatda, eləcə də sosial mediada iddialar boy verdi. Bu yazılarda elan olunmuş prinsiplərin pozulduğu faktlarla açıqlandə. Evlərin verilməsinin əsas prinsipi kimi, jurnalistika sahəsində ən azı 10 il iş təcrübəsi olan və şəxsi mülkü, evi olmayan jurnalistlər əsas götürülməliydi. Amma yayımlanan məlumatlarda bir qrup şəxsin, ümumiyyətlə, jurnalist olmadığı, katibə, sürücü, texniki işçi olduğu, böyük bir qrupun ikinci, üçüncü, yaxud dördüncü evini əldə etdiyi, bəzilərinin 10 ildən daha az jurnalistika ilə məşğul olduğu iddia edilirdi. Ev verilənlərin bir hissəsinin Prezident Administrasiyasında, nazirliklərdə, Milli Məclisdə çalışdıqları, yəni məmur kimi jurnalistika fəaliyyəti ilə məşğul olmadıqları məlumdur. Baxmayaraq ki, V. Səfərli mətbuata açıqlamasında bildirmişdi ki, yaradıcılıq prosesində iştirak etməyən katibə, kargüzar, sürücü, xadimələr və digər texniki işçilər jurnalistlər üçün tikilən binalardan ev əldə edə bilməzlər. Dediklərinin əksinə olaraq ən azı 15 nəfər texniki işçiyə jurnalist adı ilə mənzil verildi.
Daha bir məsələ şübhəli qalıb. İkinci bina 256 mənzildən ibarət olsa da, V. Səfərli tərəfindən 255 mənzilli olduğu bildirilir. Birinci binanın da 156 mənzilli yox, 157 mənzilli olması faktdır. Siyahıda 255-ci mənzilin yiyəsinin “Jurnalist evi” MMC kimi göstərilməsi də mənzilin qanunsuz olaraq hansısa məmura satılması faktını ortaya qoyurdu. Nəticədə 2 evin MMC, daha doğrusu V.Səfərli tərəfindən mənimsənildiyi ortaya çıxır.
Onu xatırladaq ki, 1-ci bina təhvil veriləndə V. Səfərli çalışırdı ki, jurnalistlərə Prezidentin hədiyyə etdiyi evləri jurnalistlərin xidməti evi kimi rəsmiləşdirsin. Bu məqsədlə 2014-cü ildə “Jurnalist Evi” adlı MMC təsis edən V. Səfərli mənzillərə kupça verilməməsi və bu binanın həmin MMC-nin balansına verilməsinə cəhd edirdi. Bu isə o demək idi ki, evlər istənilən vaxt jurnalistlərdən alına bilər. V. Səfərlinin evləri bu MMC-nin adına rəsmiləşdirmə cəhdi 1-ci binada ev almış jurnalistlər arasında narazılıq yaranmasına səbəb olmuş və jurnalistlər Prezidentə müraciət etmişdilər. Uzun çək-çevirdən sonra problem axır ki, mənzil sahiblərinin xeyrinə həll edildi.
Amma V. Səfərli bunun açığını bina sakinlərindən başqa yolla çıxmağa çalışır. Kinli fond rəhbərinin yeritdiyi siyasət nəticəsində bu bina V. Səfərli üçün bir gəlir mənbəyinə çevrilib. Jurnalistlər sanki kirayədə yaşayırlar. Ən sadə hesablama ilə jurnalistlərin birinci binası Bakının ən bahalı yaşayış yeridir. Çünki V. Səfərlinin MMC-si hər ay 65 m2 evi olandan 33 manat, 90 m2 olandan 45 manat, 120 m2 evi olandan isə 60 manat pul qopardır və bu hesabla ayda 6 min pul yığır. Qiymətlərə etiraz edən jurnalistlər isə şantaj olunur. Bu pulların hara getməsi, ikinci binanın tikintisinin maliyyə çatmazlığı səbəb göstərilərək 2 il gecikməsi, əlavə pul ayırmalarının hara xərclənməsi isə müvafiq maliyyə-nəzarət qurumlari tərəfindən yoxlanmalıdır. Bu yoxlama yəqin ki, Hesablama Palatası, yaxud Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmalıdır.
V.Səfərlinin vəzifəsi yüksək olsa da, özünü komendant kimi aparmaq cəhdi görəvinin öhdəsindən gəlmədiyini götərir. Lakin onun vəzifədən uzaqlaşdırılması gündəmdə deyil. Çünki onun arxasında birbaşa olaraq Prezidentin köməkçisi Əli Həsənov dayanıb. Bu da bir faktdır ki, ölkədə bütün qəzetlərdə, saytlarda Prezidenti də tənqid etmək olar, amma yalnız Əli Həsənovun əleyhinə yazmaq yasaq edilib…

Aztoday.az

Şərhlər

XƏBƏR LENTİ