XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » “Məgər Cahangir Hacıyev milyonları ”yeyəndə" bizə müraciət etmişdi?" - Novella Cəfəroğlu

“Məgər Cahangir Hacıyev milyonları ”yeyəndə" bizə müraciət etmişdi?" - Novella Cəfəroğlu

“Məgər Cahangir Hacıyev milyonları ”yeyəndə" bizə müraciət etmişdi?" - Novella Cəfəroğlu
3-10-2017, 09:41

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyev “kars”a salınıb. Mətbuata məlumatı isə vəkili Fəxrəddin Mehdiyev verib.

Sabiq bankir 7 sutkalıq “karsa” salınıb. Cahangir Hacıyevin aclıq aksiyasına başladığı da bildirilir.

C.Hacıyevin aclıq aksiyasına başlamasına hüquq müdafiəçiləri də birmənalı yanaşmayıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında bildirdi ki, məhbus lap quldur da olsa, onun istəyini yerinə yetirmək lazımdır: “Bu adam neçə vaxtdır ki, bir neçə nəfərin məhkəməyə gətirilməsini tələb edir. O adamları isə məhkəməyə gətirmirlər, ona görə də bu aclıq aksiyasına başlayıb. Bununla demək istəyir ki, mən bu cinayəti tək törətməmişəm. Mən iddia etmirəm ki, həqiqətən Cahangir Hacıyevin dediyi adamlar onunla əlbir olublar. Ancaq o adamları məhkəməyə çağırsınlar və istintaq sübut etsin ki, onların günahı var, ya yox. Ona görə Cahangir Hacıyev aclıq aksiyasına başlayıb. Haqq-ədalət quldura da verilməlidir. Ona görə də biz Cahangir Hacıyevin tələbinin yerinə yetirilməsinin tərəfdarıyıq. Ancaq biz onunla bağlı heç bir yerə müraciət etməyəcəyik. Məgər onlar milyonları ”yeyəndə" bizə müraciət etmişdilər? Biz, sadəcə olaraq, hüquq müdafiəçisi olaraq sözümüzü deyirik ki, cinayətkar olsa da onun tələbləri yerinə yetirilməlidir".
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə açıqlamasında C.Hacıyevin qanunsuz tələblə aclıq aksiyasına başladığını düşünmür: “Yəqin elə tələbləri var ki, onun həyata keçirilməsi üçün aclıq aksiyası keçirməyə məcbur olub. Lakin bu həm günahdır, həm də canına qəsd etmək deməkdir. Lakin pentensiar sistemdə bu halda məhkumun zorla yedizdirilməsi də baş verə bilər. İstənilən halda, onun aclıqdan pis vəziyyətə düşməsinə imkan verilməyəcək. Hesab edirəm ki, onun bu addımı atmasının səbəbinə aidiyyəti qurumlar tərəfindən baxılmalı və müəyyən yumşaldıcı tədbirlər görülməlidir. Çünki insan hər şeydən ötrü canına qəsd etməz. Cahangir Hacıyev savadlı və öz hüququnu bilən adamdır, o, qanunsuz tələblə aclıq aksiyasına başlamaz. Ola bilər ki, ona qarşı hansısa ədalətsizlik olub və bunun üçün canına qəsd edir.
Onun tələb etdiyi şəxslər isə məhkəmə prosesinə cəlb olunmalıdır, bu haqlı tələbdir. Hakimin nə marağı var ki, bu insanları məhkəməyə çağırmır. Bu, hakimlər haqqında qanunun tələblərinə də ziddir və iş gələcəkdə Avropa Məhkəməsinə getsə, bu amil nəzərə alınacaq. Hacıyevin tələbi asan həll olunacaq bir məsələdir. Sadəcə, görünür, burada maraqlar toqquşması var. Bunun üçün insanın canına qəsd etməsinə yol vermək olmaz".
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə vurğuladı ki, istənilən məhkum öz hərəkətlərində qanunauyğun şəkildə fikrini ifadə edə bilər, o cümlədən aclıq keçirmək də məhkumun hüququdur: “Əgər onun səhhəti ilə bağlı bir problem yaranacaqsa, onun zorla yedizdirilməsi baş verə bilər, bu da qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilib. Beynəlxalq hüquq normalarında da qəbul edilən bir haldır. O ki qaldı etirazın səbəblərinə, bununla bağlı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, o cümlədən Ədliyyə Nazirliyinə müraciət edə bilər. Həmin məsələ ilə bağlı araşdırma aparılar, onun nə dərəcədə haqlı olub-olmaması məsələsi üzə çıxar. Çox zaman bizim məhkumlar aclıq aksiyasından siyasi məqsədlər üçün istifadə edirlər. Bəzi hallarda isə şantaj xarakteri daşıyır, məhbuslar özlərinin qanunsuz tələblərinə nail olmaq üçün aksiya edirlər. Müvafiq qurumlar bu cinayət işinə başlayıblar, istintaq aparılıb, bəzilərinə məhkəmə qaydasında baxılıb, bəzilərində də proses davam etməkdədir. C.Hacıyevin arzusu ilə insanları cinayət işinə cəlb etmək də olmur. Bəzən ”cəhənnəmə gedənin özünə yoldaş axtarması" məsələsi də olur. Bu aclıq aksiyasının motivləri mənə bəlli deyil. Hər halda, onun qaldırdığı məsələlərə baxılacaq və qanunamüvafiq tədbir görüləcək".

“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.